PDF Oxu

Xəbərlər

  • 3 250

Azərbaycan tolerantlıq nümunəsi və mültikulturalizm mərkəzidir - TƏHLİL

Azərbaycan tolerantlıq nümunəsi və mültikulturalizm mərkəzidir - TƏHLİL

Azərbaycan hələ qədim dövrlərdən bəri müxtəlif dinlərin yayıldığı, fərqli inanc sahiblərinin sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olub və ayrı-ayrı dinlərin mənsubları tarixin heç bir dönəmində ayrı-seçkiliyə məruz qalmayıblar. Bu gün də ölkəmiz bir çox sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də nümunəvi təcrübəyə malikdir və əbəs yerə deyil ki, hazırda Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən hesab olunur, hətta ölkəmiz bir çox beynəlxalq konfranslara ev sahibliyi edir.

Bir sıra müsəlman ölkələrində dini münasibətlər baxımından xoşagəlməz proseslərin baş verdiyi, bəzi hallarda dindən siyasi məqsədlər üçün istifadə edildiyi günün reallığıdır. Müsəlman ölkələrinin bir çoxunda milli-mənəvi dəyərlər sisteminin zərərli ideoloji təsirlərə məruz qaldığı da təkzib edilməz faktlardandır. Azərbaycanda isə dini və milli məsələyə hər zaman həssaslıqla yanaşılıb, dini etiqad azadlığı təmin edilib, din sahəsinə xüsusi qayğı göstərilib və göstərilməkdədir. Azərbaycanda yaşayan bütün dini, hətta milli azlıqların belə hüquq və azadlıqlarının qorunması istiqamətində hər zaman ciddi addımlar atılıb və bu baxımdan da ölkəmiz nümunə hesab olunur.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətlərində keyfiyyətcə yeni mərhələ başladı. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Yeni mərhələdə təbii ki, Ümummilli Lider tərəfindən din sahəsinə xüsusi qayğı göstərildi, yeni ibadət ocaqları, məscidlər inşa olundu.

Müasir dövrdə bu siyasəti cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı var. Dövlət ibadət yerlərini təmir və bərpa edir, dini icmalara xüsusi diqqət və qayğı göstərir. Azərbaycan xalqı indi öz milli və dini bayramlarını azad, sərbəst qeyd etmək hüququ əldə edib, ölkə vətəndaşlarının müqəddəs yerlərə ziyarətinin təşkili üçün şərait yaradılıb. Gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Əlbəttə ki, nəzərə çatdırılan müsbət məqamlarla, dəyişikliklərlə yanaşı, təəssüf ki, narahatlıq doğura biləcək məqamlar da bir zamanlar müşahidə olundu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan, hətta buna cəhd edən qüvvələr də peyda oldular. Onlar ciddi cəhdlə qeyri-ənənəvi dini təlimləri təbliğ etmək niyyəti ilə, dini durumu gərginləşdirilmək məqsədi ilə, radikal dini təriqətlərin Azərbaycanda yayılması üçün əllərindən gələni etdilərsə də, buna imkan verilmədi. Çünki, müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycanda dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, radikal təriqətlərin və missioner təşkilatların fəaliyyətinin nəzarətə götürülməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar daxil edildi. Dövlət quruculuğunun dünyəvi mahiyyət daşıması, dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi, dövlət təhsil sisteminin dünyəvi mahiyyət daşıması, insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd dini təfəkkürün yayılmasının və təbliğinin qadağan olunması barədə müddəalar həmin sənəddə öz əksini tapdı. 1992-ci ildə qəbul olunan, sonrakı illərdə bir sıra ciddi dəyişikliklər edilən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dini mərkəzlərin, idarələrin, qurumların və tədris müəssisələrinin fəaliyyəti tənzimləndi. Dini qurumların dövlət qeydiyyatına alınması və fəaliyyətinə xitam verilməsi qaydaları müəyyənləşdirildi, onların mülkiyyət hüququ, istehsal və təsərrüfat fəaliyyəti, beynəlxalq əlaqələri, dinin məktəblə münasibəti, dini icmaların xeyriyyə və mədəni-maarif fəaliyyəti ilə bağlı məsələlərə aydınlıq gətirildi. Bir sözlə, dini məsələlərlə bağlı bütün istiqamətlərdə sui istifadə hallarına imkan verilmədi.

Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına verilən böyük önəmin göstəricilərindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun, 9 fevral 2018- ci il tarixli Sərəncamı ilə isə ölkəmizdə yeni təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. İnstitutun təsis edilməsində əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bu, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə böyük diqqət və qayğısının göstəricisidir.

Azərbaycan Respublikasının din siyasəti beynəlxalq hüququn prinsip və normalarına, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarına, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ-hüquqi aktlara əsaslanır. Vicdan azadlığının təmin edilməsinə yönəlmiş qanunvericilik bazasının yaradılması, mütəmadi təkmilləşdirilməsi və uğurlu tətbiqinə nail olunması müstəqil Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Konstitusiyasının 18, 25, 47, 48, 49 və 71-ci maddələrində dini etiqad və vicdan azadlığına geniş yer verilir. Din dövlətdən ayrı olsa da, dindar dövlətdən ayrı deyil, dövlət xalqın inancına hörmətlə yanaşır və milli-mənəvi dəyərlərin qorunmasına din siyasətinin tərkib hissəsi kimi baxır. Prezident dövlət başçısı kimi Azərbaycan Respublikasının Konstitusiyası ilə yanaşı, “Qurani-Kərim”ə də and içir. İslamın bir sıra rəmzləri ölkəmizin dövlət atributlarında da öz əksini tapır.

Bu gün dünyanın müxtəlif bölgələrində baş verən hadisələr, mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənənələrinə, həyat tərzinə, etiqad və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün olduğunu göstərir. Müasir dövrdə dünyanın bir sıra dövlətləri terror və ekstremizmdən ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri, dini ibadət ocaqları, məktəb və xəstəxanalar dağıdılır.

Son illər dünyada, regional və qlobal müstəvidə baş verən arzuolunmaz hadisələr, yüksək əxlaqi dəyərlərin təbliği, insanların birlik və bərabərliyinin təmin edilməsi, sülhün və əmin-amanlığın qorunması missiyasını daşıyan dinlərdən müasir dövrdə bir sıra hallarda siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə edildiyini göstərir. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında, təəssüf ki, din amili xüsusi rol oynayır, beynəlxalq güclər bu vəziyyətdən məharətlə və böyük ustalıqla istifadə edirlər. Bu, müəyyən şəxslər və qurumlar tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü daha açıq büruzə verir.

Bu gün biz bir sıra hallarda terror hadisələrinin kökündə din amilinin dayandığının xüsusi vurğulandığının şahidi oluruq. Bir sıra dairələr insanlara sülh, əmin-amanlıq bəxş etmək missiyası daşıyan səmavi dinləri terrora zəmin yaratmaqda günahlandırırlar. Bu məsələdə daha çox haqsızlığa və tənqidə məruz qalan din elə məhz İslam dinidir. Təəssüf ki, məlumatsızlıq, cəhalət, qeyri-obyektiv təbliğat, bir sıra hallarda müsəlmanların qeyri-adekvat davranışları və digər səbəblərdən yüz minlərlə insanda İslam dini ilə bağlı zaman-zaman yanlış təsəvvür formalaşdırıbdır. Əslində, heç bir səmavi din, ələlxüsus İslam dini zorakılığa, terrora və dini ayrı-seçkiliyə haqq qazandırmır. İslam meydana gəldiyi gündən digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmağı vacib sayıb, ayrı-ayrı dinlərin mənsublarına öz inanclarına uyğun yaşamalarına şərait yaradıbdır. Bu gün terrora ən sərt münasibət bildirən dinlərdən biri İslam, ondan ən çox əziyyət çəkənlər isə əfsus ki, elə müsəlmanlardır.

Əslində, İslam dini ən mütərəqqi dindir və dinimizdə insan amilinə xüsusi diqqət ayrılır, insanların sağlam həyat tərzinə, əxlaq prinsiplərinə əməl etmələrinin vacibliyinə, qarşılıqlı hörmət və etimad şəraitində, sülh şəraitində rahat yaşamalarına önəm verilir. Ölkəmizdə dövlət-din münasibətləri də məhz bu prinsiplər əsasında tənzimlənib və əbəs yerə deyil ki, Azərbaycan tolerantlıq nümunəsi, multikulturalizm mərkəzi hesab olunur. Halbuki, bir sıra müsəlman dövlətlərində əfsus ki, bunun əksini müşahidə edirik. Özünü islam ölkəsi adlandıran, yaxud hesab edən hansısa ölkədə radikal meyillər və davranışlar heç də bu dinin tələbləri, fəlsəfəsi ilə üst-üstə düşmür. İslam ölkəsi insanların qətli ilə, törətdiyi qətliamlarla öyünən, bunu dövlət siyasəti hesab edən ölkə ilə dostluq münasibətləri qura bilərmi? Xocalı kimi, insanlıq tarixində misli görünməmiş bir faciəni, qətliami törədən, bunu etiraf edən, işğalçılıq siyasəti yürüdən ölkə ilə hərhansı bir islam ölkəsinin, müsəlman dövlətinin dostluğu mümkündürmü? Milyondan çox azərbaycanlını dədə-baba torpaqlarından, yurd-yuvalarından qovan, didərgin salan, qaçqınlıq həyatı yaşamağa məcbur edən işğalçı ölkə bir islam ölkəsinin dostu ola bilərmi? Təbii ki, ola bilməz. Əgər biz bunun əksini müşahidə ediriksə, deməli, həmin ölkənin islam dövləti, müsəlman ölkəsi olması sual və şübhə doğurur.

Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri də onların ibadət etdikləri məscidlərdir. Hansıki, müsəlmanlar məscidlərini daim müqəddəs hesab etməklə yanaşı, həmin yerlərin təmiz saxlanmasını da vacib sayırlar, məscidin nəinki içərisini, hətta ətrafını belə göz bəbəyi kimi qoruyurlar. Məsələ birasındadır ki, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızda yerləşən məscidlərdə erməni işğalçıları ev heyvanlarının, xüsusən, müsəlmanın haram, murdar hesab etdiyi donuzların saxlanmasına rəvac veriblər. Maraqlıdır, bütün bunların fonunda özünü müsəlman sayanlar müsəlman məscidlərində donuz saxlayan erməniləri necə dəstəkləyə bilər?

Hər zaman müsəlman həmrəyliyindən dəm vuran İran İslam Respublikasının Vətən müharibəsindən öncə də, 44 günlük müharibə donəmində də, müharibədən sonrakı dönəmdə də əhalisinin 95 faizi müsəlman olan, müsəlman ölkəsi olan Azərbaycanı deyil, müsəlman məscidlərində donuz saxlayaraq, müsəlmanın ibadət yerlərini təhqir edən, hətta dağıdaraq viran qoyan xristian erməniləri dəstəkləməsinə nə ad vermək olar? Bəs bu ölkənin iddia etdiyi müsəlman həmrəyliyi harda qaldı? Budurmu İranın müsəlmanlarla həmrəyliyi? Maraqlıdır, İranı Ermənistanla birləşdirən nədir ki, belə yaxınlıq nümayiş etdirir? Təbii ki, nümayişkəranə şəkildə ermənilərlə münasibətlər quran İran bir islam ölkəsi kimi görünmür.

Özünü müsəlman həmrəyliyinin carçısı kimi tanıtmağa çalışan İran, qonşu ölkələrə, müsəlman ölkələrinə nə, daha dəqiq desək, hansı ideologiyanı, hansı məhsulu, nəyi ixrac edir? Bu gün Azərbaycana keçirilərkən aşkar edilən narkotik vasitələrin, psixiatrop maddələrin, qanunla qadağan olunmuş malların böyük əksəriyyətini İran ixrac edir. Suallar həddindən artıq çoxdur. Əvvəla, bu qədər narkotik vasitələr, qanunla qadağan olunan mallar necə İran İslam Respublikasında ola bilər? Axı bu ölkə islam əxlaqına, müsəlman əxlaqına sadiq olmalı və istifadəsi haram, qadağan olunmuş sayılan malların mübadiləsinə yol verməməli idi. Bir də bu yetməzmiş kimi, İrandan bu məhsullar Azərbaycana ixrac edilirsə, buna nə ad vermək olar?

Xatırlayırıqsa, ölkəmizdə müşahidə edilən bir sıra radikal cərəyanların da sonda İrandan qaynaqlandığı bəlli oldu. Dindən istifadə etməklə Azərbaycanda iğtişaş, qarşdurma törətmək də İslam əxlaqına uyğundurmu? Bir ölkədə, özü də qonşu ölkədə, müsəlman ölkəsində qarışıqlıq, xaos, qarşıdurma, iğtişaş yaratmaq müsəlmanın əqidəsi ola bilərmi? Əlbəttə ki, ola bilməz. Çünki, İslam dini sülh, barış dinidir və insanların ən rahat yaşamasının vacibliyini tərənnüm edir, hansıki, biz bunu sözügedən qonşu ölkədə müşahidə edə bilmirik.

Ölkəmizdə hansısa radikal qruplaşmaların peyda ola bilməsi, fəaliyyət göstərməsi mümkünsüzdür. Çünki, bunun qarşısının alınmasında dövlətimiz maraqlıdır və hər zaman bu məsələ nəzarətdə saxlanılır. Ona görə nəzarətdə saxlanılır ki, ölkədə sağlam olmayan dini münasibətlər, islam əxlaqına yad olan radikal meyillər olmasın. Ən vacibi isə cəmiyyətdə xaos, qarşıdurma, iğtişaş törədilməsinə rəvac verilməsinin qarşısının alınmasıdır. Azərbaycan nəinki ölkə daxilində, heç bir xarici ölkədə belə radikal dini cərəyanların yaranmasının tərəfdarı deyil. Ölkəmizin hansısa bir ölkənin daxilində dini radikal cərəyan yaratması, dindən suai istifadə etməsi hallarına bircə dəfə də rast gəlinməyib. Bircə dəfə də olsun Azərbaycana qarşı bu mənada ittihamlar belə səsləndirilməyib. Bax bu mənada ölkəmizin dinə yanaşması daha doğru, daha dürüst, daha düzgündür və radikal dini cərəyanların yaranmasına meyilli olan, buna rəvac verən ölkələrdən də ölkəmizin fərqi, üstünlüyü bundadır. Bəli, məhz buna görə də Azərbaycan tolerantlıq nümunməsi və mültikulturalizm mərkəzi kimi qəbul edilir.

Bu gün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları ölkədə ekstremizmin və radikallıq meyillərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikal təriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdə fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşən gənclərlə bağlı həyata keçirilən tədbirlər, onların ölkəyə dönüşü zamanı həbs edilmələri bu fikri bir daha təsdiq edir. Təsdiq edir ki, Azərbaycanda radikal dini meyillərin nəinki yayılmasına, heç yaranmasına da imkan verilməyəcək. Çünki, buna zəmin belə yarada biləcək məsələlər vaxtında araşdırılır, qabaqlayıcı tədbirlər görülür. Məqsəd isə birdir və bu da cəmiyyətimizdə sağlam dini münasibətləri qoruyub saxlamaqdan, Azərbaycanın tolerantlıq və mültikulturalizm nümunəsi olaraq bundan sonra da qalmasını təmin etməkdən ibarətdir. Bu gün qarşıda duran əsas vəzifə bu zəngin sərvəti qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu, eyni zamanda hər bir Azərbaycan vətəndaşının üzərinə düşən tarixi məsuliyyətdir.

İnam Hacıyev

Digər xəbərlər