Xəbərlər

  • 3 867

“18 İyun – Milli İnsan Hüquqları Günü” adlı sərgi olub

image

18 iyun – Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcа meyarı sayılır. SİA xəbər verir ki, insan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycan Rеspublikаsının ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.

İnsan hüquqları amili xalqımızın Ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsası olmuşdur. Ulu Öndərimiz sivil, dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərti kimi fundamental insan hüquq və azadlıqlarının müdafiəsi zərurətini, ona şərait yaradılmasının vacibliyini həmişə хüsusi qеyd еtmişdir.

18 İyun – Milli İnsan Hüquqları Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

​Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilərlər.

Digər xəbərlər