Siyasət

  • 1 760

Kəlbəcərə qayıtmışıq!!!

image

Prezident İlham Əliyev: "Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq"

Hər dəfə 44 günlük Vətən müharibəsində "Dəmir yumruğ"un gücü ilə işğaldan azad olunan ərazilərimiz haqqında düşünərkən böyük qürur hissi keçiririk. Əzəli topraqlarımızın tarixi, mənşəyi, coğrafi relyefi bu məkanların qədimliyini bir daha təsdiqləyir. Bu gün iki il bundan əvvəl Kəlbəcərimizin erməni işğalından azad olunduğu gündür. Artıq iki ildir Kəlbəcərimizə qayıtmışıq. Əzəli və qədim torpağımıza. "Çay üstündə qala" olan Kəlbəcərimizə. Azərbaycanın cənnət məkanı olan Kəlbəcərin təbiətin muzeyi adlandırılması əbəs deyil. Bulaqları və çeşməsindən içilən su buranın gözəlliyinə min bir rəng qatır. 4 mindən artıq bitki növü olan və bunlardan da 200-ü dərman bitkisi hesab olunan ərazidə min bir bir dərdin dərmanı var. Belə bir ifadə var: "Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər". Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları da işğal dövründə erməni əsarətində idi.
"KƏLBƏCƏR AZƏRBAYCANIN AYRILMAZ BİR PARÇASIDIR, HİSSƏSİDİR"
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad edərək Zəfər tariximizi yazdı. Müharibənin ilk günlərindən Azərbaycan ordusu qələbə qazanaraq irəliyə doğru addımlayırdı. İşğal altında olan şəhər, kənd və qəsəbələrimizin bir çoxunun Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı. Belə olduğu halda, 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Dövlət başçısının vurğuladığı kimi, Paşinyan öz xoşu ilə bunu imzalamadı və dəmir yumruğun hesabına imzaladı. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunun qaytarılması əksini tapıb. Göründüyü kimi bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir. 25 noyabr 2020-ci il tarixində Kəlbəcər işğaldan azad olur, yeni nəfəs, yeni həyat gəlir Kəlbəcərə. Doğma sakinlərin hənirtisini duyan, onlara qucaq açan Kəlbəcər. Ulu Öndər Heydər Əliyev deyirdi: "Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar". Artıq o zaman, o gün yetişdi.
"ZAMAN DƏYİŞİR, ERMƏNİ FAŞİZMİ DƏYİŞMİR VƏ DƏYİŞMƏYƏCƏK"
Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirib. Ərazini tərk edən ermənilər evlər ilə yanaşı, meşələri də yandırıblar. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır".
"BURADA ERMƏNİLƏR SOYQIRIMI TÖRƏDİRDİLƏR, ŞƏHƏRLƏRİMİZİ VİRAN QOYURDULAR"
1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcərin 27 illik həsrətinə, işğalına soy qoyuldu. Birinci Qarabağ müharibəsində öz yurd-yuvalarını qeyrətlə qoruyan kəlbəcərlilər erməniləri torpaqlarına yaxın qoymurdular. 1993-cü ilin mart ayında düşmən strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutur. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırdılar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxırlar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlinə keçir. Mənbələrə əsasən, işğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş, onlardan 734 nəfəri yetim qalmışdır. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, "İstisu" sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olundu. Kəlbəcər rayonundan olanlar Azərbaycanın müxtəlif yerlərində məskunlaşdılar. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəydi. Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir: "Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı yarandı və artıq digər torpaqların işğalı da labüd idi. Çünki AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi. Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar. Onlar Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu videokadrlar var. Burada ermənilər soyqırımı törədirdilər, şəhərlərimizi viran qoyurdular. Baxın, Kəlbəcər nə gündədir, digər şəhərlər nə gündədir. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir". Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açdı.
"ƏGƏR İSTƏMİRLƏRSƏ Kİ, BİZ ONLARI DÜNYA MİQYASINDA BİABIR EDƏK, GƏLSİNLƏR, VURULMUŞ ZİYANI BİZƏ ÖDƏSİNLƏR"
Kəlbəcər rayonunda sənaye əhəmiyyəti olan civə ehtiyatları Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il idi ki, Ermənistan respublikası tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Bir faktı da diqqətə çəkək ki, 1997-ci ildə Ermənistan Sənaye və Ticarət Nazirliyi Söyüdlü (Zod) yatağinin istismari üçün Kanadanın "First Dynasty Mines" (FDM) şirkəti ilə müqavilə imzalayıb. Yalnız 2003-2004-cü illərdə burada 4,5 ton təmiz qızıl istehsal edilib. Cənab Prezident çıxışlarının birində ermənilərin işğal dövründə bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan etdiklərini bildirmiş və bu işlərdə bəzi xarici şirkətlərin onlara yardım etdiyini də diqqətə çəkmişdir: "Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər".
KİÇİK QAFQAZIN XƏZİNƏLƏR DİYARI
Bəs görəsən, bu rayonun daşığı adın mənşəyi nədən götürülüb. Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir və ən qədim insan məskənlərindən biridir. Tarixi mənbələrə əsasən, bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir ki, bütün bunlar da bu ərazidə yaşayan insanların tarixi kökündən xəbər vermiş olur. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 ildir ki, Ermənistan respublikası tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da 27 il işğalda qalmışdı.
"DƏMİR YUMRUĞ"UN GÜCÜ
Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr Alban məbədi, Alban kilsəsi, Lök qalası, Uluxan qalası, Alban kilsəsi, Qalaboynu qalası, Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və digər abidələr 27 illik işğaldan azad oldu. "DƏMİR YUMRUĞ"un gücü bizi əzəli və əbədi torpaqlarımızdan olan Kəlbəcərə qaytardı.
Artıq 27 illik həsrətdən sonra Kəlbəcərdə qaynar həyat başlayır. Haqq nahaqqa qalib gəldi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan tarixi torpaqlarına qovuşur.
30 ilə yaxın həsrətlə gözlədiyimiz, xəyalımızda canlandırdığımız erməni işğalında olan torpaqlarımıza qovuşmuşuq. Hər gün əzəli, doğma yurdumuza qayıtmaq arzumuz, istəyimiz reallığa çevrilib. Yolumuz yurd yerlərimizə, işğaldan azad edilmiş doğma, isti ocaqlarımızadır. Milyonların arzusu çin oldu.
Bu gün işğaldan azad olunan ərazilərimiz kimi, Kəlbəcərdə də quruculuq-abadlıq işlərinə start verilib. "Kəlbəcər" yarımstansiyası istifadəyə verilib. Qısa müddətdə - cəmi altı ayərzində inşa edilib və Kəlbəcəri elektrik enerjisi ilə təmin edəcək. Tunellər tikilir. Pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinləri Kəlbəcərə ezam ediliblər. Cənab Prezidentin bildirdiyi kimi, "Heyvandarlar da Kəlbəcər yaylaqlarına qayıdıblar. Həm arıçıları, həm heyvandarlıqla məşğul olanları biz qaytarmışıq. Görürsünüz, onlar məskunlaşıblar. Qoyunları da burada otarırlar. Bu ənənə də bərpa edildi".
ƏZƏLİ SAKİNLƏRİNƏ QUCAQ AÇAN KƏLBƏCƏR: ABADLIQ VƏ QURUCULUQ MEYDANI
Dövlət başçısının cari ilin iyunun 26-da Kəlbəcərə səfəri çərçivəsində "İstisu" mineral su zavodunun təməlini qoyub. İstifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir. Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.
Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi istifadəyə verilib. İşğal və Zəfər muzeyləri kompleksinin artıq Azərbaycan Prezidenti tərəfindən təməli qoyulub. Hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək. Bu, gözəl bir mühitdə yerləşən möhtəşəm layihə olacaq. Həmin ərazi landşaftına görə heyrətamiz gözəlliyə malikdir. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.
Görülən bu və ya digər işlər tezliklə kəlbəcərlilərin öz doğma yurdlarına qaydacaqlarına söykənir. Kəlbəcər torpağı əbədi sakinlərinindir. Cənab Prezidentin vurğuladığı kimi, "Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər