Siyasət

  • 7 421

Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir - ŞƏRH

image

31 dekabr – ilin son günü çox əlamətdar bir gündür. Bu gün Azərbaycan xalqının tarixində ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Təməli unu öndər Heydər Əliyev tərəfindən qoyulan milli-mənəvi bütövləşmə hərəkatının əsası 1989-cu il dekabrın 30-da xalq tərəfindən Araz çayı boyunca Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhəddindəki qurğuların dağıdılması ilə qoyulub. 1990-cı ilin yanvar ayının 18-də Biləsuvar və Cəlilabad rayonlarında da əhali tərəfindən sərhəd dirəkləri və digər qurğular sökülmüşdü. Bu, yeni dövr salnaməsinin ən mühüm siyasi hadisələrindən biri olmuşdu.

Arazın hər iki sahilində uzun illər həsrət çəkən Azərbaycan millətinin sərhəd boyu yürüyüşü, onların Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, Arazın qırağında hər iki tayın azərbaycanlılarının həftələrlə gecə-gündüz birləşmək şüarı səsləndirməsi əslində azərbaycanlıların bir millət olduğunu dünyaya sübut etmək və Azərbaycanı bütövləşdirmək cəhdi idi. 1991-ci ilin dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyini, dünya azərbaycanlılarının həmrəyliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.

Bu tarix milli birliyin yaradılmasının başlanğıcını qoydu. Dövlət müstəqilliyimizlə yaşıd olan bu hərəkat sonrakı illərdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin qurulması və gücləndirilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu günün qeyd olunması zamanla bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və milli həmrəylik ideyası bu gün də möhtərəm prezident cənab İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilib. Artıq 31 ildir ki, bütün dünya azərbaycanlıları bu günü bayram kimi qeyd edir.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli mənəvi dəyərlərin əsası kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi məhz Heydər Əliyev zəkasının nəticəsidir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Bu ideologiyanı rəhbər tutan hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.

Dünya azərbaycanlılarının birləşdirilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrilmiş 2001-ci il noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev demişdir: “Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasına baxçayaraq, heç vaxt öz milli köklərini, milli mənsubiyyətini itirməməlidir. Bizim hamımızı birləşdirən bizim milli mənsubiyyətimiz, bizim tarixi köklərimizdir”, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mnbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” Müdrik rəhbərin bu kəlamları dillər əzbəri olmuş, hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Dünya azərbaycanlıları arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlərin aparılması üçün ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu komitənin fəaliyyəti Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə əlaqələndirilməsində, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında əsas rol oynayır.

Bu gün azərbaycançılıq amalının şüurumuzda və qəlblərimizdə möhkəm yer tutmasına yönələn düşünülmüş strategiya həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Azərbaycan müstəqilliyini bərpa etmədən öncə dünyanın müxtəlif ölkələrində bir-birindən çətinliklə xəbər tutan soydaşlarımız arasında bu gün möhkəm bağlar yaranmışdır. Dünya azərbaycanlıları intellektual potensialına və sayına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın borcu ata-baba yurdu olan Azərbaycan adlı vətənin taleyüklü problemlərinin həllində iştirak etməkdir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, zəngin mədəniyyətimizin təbliğ edilməsində ələridən gələni etmək, yaşadıqları ölkənin ictimai-siyasi həyatına inteqrasiya etməklə yanaşı dilimizi, adət ənənələrimizi uca tutaraq qorumaqdır.

“Hazırda Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir”- Prezident İlham Əliyevin bu sözləri Azərbaycan dövlətinin bu mövzuda necə qərarlı olduğunu sübut edir. Tariximizə qızıl hərflərlə yazılan Vətən Müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Xalqımız üçün belə bir həssas dönəmdə xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışıblar.Bugün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər