Siyasət

  • 4 359

Sinan Oğanın seçimi: 2-ci tur nə vəd edir? ANALİTİK+ÖZƏL

image

Hadisələrin inkişafı bir-birindən maraqlı və diqqətçəkəndir

Qardaş Türkiyədə prezident və parlament seçkiləri Azərbaycanın da diqqəti mərkəzindədir. 2-ci tura qalmış seçkilərdə iki əsas namizədlərin - Rəcəb Tayyib Ərdoğanla Kemal Kılıçdaroğlunun rəqabəti eyni zamanda, kənarda qalmış namizədlərin də qərarlarından asılı vəziyyətdədir. Bu baxımdan, əslən azərbaycanlı olan Türkiyə siyasətçisi Sinan Oğanın da hansı cinahda yer alacağı suallar doğurur.

"ATA" ittifaqı parçalansa da...

Fakt budur ki, "ATA" bloku fəaliyyətini dayandırıb. Hansı ki, məhz Sinan Oğanın 1-ci turda vahid namizəd olduğu blokda "Ədalət" və "Zəfər" partiyaları da yer alıblar.

O da məlumdur ki, Oğan 5,17 % səs toplamaqla 1-ci turda 3-cü yerə çıxmışdı. Ancaq seçkilər 2-ci tura qalandan sonra "ATA" bloku da parçalandı. Belə ki, mayın 22-də "Ədalət" partiyası CHP-nin namizədi Kemal Kılıçdaroğlunu dəstəkləyəcəyini bəyan etdi.

"Zəfər" partiyası isə öz qərarını hələ ki, verməyib və bugünlərdə həmin qərarın verilməsi gözlənilir. Oğan isə artıq Ərdoğanı dəstəkləyəcəyini bəyan edib. Belə olan halda sual yaranır - "ATA" blokunun parçalanması onun namizədinin topladığı səsləri də parçalayacaqmı?

Daha bir maraqlı məqam isə budur ki, seçkilərə bir neçə gün qalmış Oğana verilən səslər 1-3% arasında oynayırdı. Lakin seçkilərə 2 gün qalmış Muharrem İnce namizədlikdən geri çəkildikdən sonra Oğanın mövqeləri sürətlə möhkəmlənməyə başladı.

Sinan Oğanın özü ittifaqa daxil olan partiyalardan daha çox səs toplamağa müvəffəq olmuşdu

Yeri gəlmişkən, mayın 4-də parlament seçkilərində Oğanın namizədliyini irəli sürən "ATA" İttifaqı səslərin 2,43 faizini toplamışdı.

"Zəfər" partiyası 2,23%, "Ədalət" partiyası isə 0,20% səs toplamışdı. Başqa sözlə ifadə etsək, Sinan Oğan tərəfindən yığılmış səslərin 5,17%-nin yarısı "ATA" blokundakı partiyalara məxsusdur. Fəqət Sinan Oğanın özü ittifaqa daxil olan partiyalardan daha çox səs toplamağa müvəffəq olmuşdu. Həmçinin, bu səslərin bir hissəsi də seçkiləri tərk etmiş Muharrem İnceyə də məxsus olub.

Digər tərəfdən, partiyaların mövqeləri Oğana verilmiş səslərə həlledici təsirlərini göstərməyəcək. O cümlədən, istənilən halda bu səslər bir namizədə verilməyəcək, onlar namizədlərin arasında bölünəcək. Ehtimal var ki, hətta Oğanın tərəfdarlarının bir qismi səsvermələrə qatılmaya da bilərlər. Ancaq fakt budur ki, Oğanın ikinci turda Ərdoğanı dəstəkləməsi, əsasən, siyasi cəhətdən praqmatik qərardır.

Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra Oğan gələcək karyerasına kart-blanş ala bilər

Məsələ ondadır ki, digər namizədlərdən və partiyalardan fərqli olaraq Sinan Oğan seçkilərə müstəqil qatılıb. Bu, o deməkdir ki, seçkilərin sabahı günü Oğanın karyerası başa çata bilər. O, ən yaxşı halda bir neçə gün ərazində prezidentliyə keçmiş namizəd kimi müsahibələr verə, diskussiyalarda iştirak edə bilər. Məhz bu baxımdan, Oğan üçün hadisələri doğru proqnozlaşdırmaq vacibdir. Çünki onun bu vasitə ilə özünün siyasi kapitalını da toplamaq şansı var.

Bunun üçün isə Oğanın Ərdoğana etimad etməsi lazımdır. Yəni, Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra Oğan gələcək karyerasına kart-blanş ala bilər və yalnız siyasi deyil, həm də maliyyə, eləcə də inzibati resurs dəstəyi də mümkündür. Oğan bu vasitə ilə yeni və böyük siyasətə tərəf addım ata, hökumətə yaxınlığı ilə seçilən yeni siyasi partiya təsis edə Ərdoğan iqtidarına partnyor ola bilər.

Həmçinin, 14 may seçkiləri göstərdi ki, Oğanın lider olaraq perspektivləri var və bu gün onun Ərdoğanın cinahında yer alması da siyasi imtiyazlarını artırır. Hər halda, hadisələr də bu çərçivədə inkişaf edir.

Afət Tahirqızı

Digər xəbərlər