Siyasət

  • 7 190

Yuri Şevtsov: “Bu regionda Çinin təsiri üstünlük təşkil edəcək” - MÜSAHİBƏ

image

Tanınmış belaruslu analitik Yuri Şevtsov “Caliber” analitik mərkəzinə müsahibəsində Yaxın Şərq regionunda gedən prosesləri analiz edib. Ekspertin müsahibəsini oxucularımıza təqdim edirik.

- Yuri Vyaçeslavoviç, sizcə, hazırda İranla Əfqanıstan arasında münasibətlərin kəskinləşməsi irimiqyaslı hərbi eskalasiyaya səbəb ola bilərmi?

- Sərhəddin həmin hissəsində hərbi toqquşmalar hər il baş verir, ona görə də ümumi plandan kənara çıxan çox böyük hadisə hələ baş verməyib. Amma indi dünyada hər şey o qədər gərgindir ki, hətta əvvəllər baş verənlər və bunun öhdəsindən gəlmək mümkün olduğunu göstərən hadisələr də bu gün insanlarda kütləvi panikaya, ölkələr arasında gərginliyə səbəb olur. Ancaq mən görmürəm ki, bu sərhəd vəziyyəti çox güclü birisi tərəfindən oyandırılıb. Taliban güclərini məhv etməmək üçün Əfqanıstandakı vəziyyəti güclə saxlayır. Amerikalılardan aldıqları silahlar yavaş-yavaş köhnəlir, lakin amerikalıların Talibanla xüsusi əlaqəsi yoxdur. İsrailin də. Ona görə də bu sərhəd vəziyyətində böyük müharibənin başlanğıcını görməzdim. Düşünürəm ki, həm İran, həm də Əfqanıstan dayanacaq.

- İranın nüvə proqramına görə İsraillə İran arasında hərbi münaqişə ehtimalından danışmağa dəyərmi? Ümumiyyətlə, İran nüvə silahı yaratmağa nail olacaqmı?

- Fikrimcə, İranda nüvə silahının peyda olması barədə danışmağa dəyməz, çünki texnoloji cəhətdən o, hələlik ondan uzaqdır- bunun üçün lazım olan bütün komponentlərə malik deyil. Bundan əlavə, siyasi iradə anlayışı da var. Bildiyiniz kimi, İranda ölkənin nüvə silahına malik olmasını qadağan edən ayətullah fətvası var və mən düşünmürəm ki, İslam Respublikasında mənəvi rəhbərliyin icazəsi olmadan belə bir cəhd edilsin. Mənə elə gəlir ki, əgər İran həqiqətən də nüvə silahı istehsalına yaxındırsa, o zaman biz bunu göstərən bir çox müşayiətedici məqamlar görəcəyik.

- Nə kimi?

- Məsələn, bu fətvanın ləğvi və ya ən azından ləğv edilməsi məsələsinin gündəmə gəlməsi və s. İsrailin narahatlığı başa düşüləndir, lakin mən İranın tezliklə nüvə silahına sahib olacağını gözləməzdim.

- Nüvə istehsalının yaradılmasının qarşısını almaq üçün ABŞ və İsrailin İranın strateji hərbi obyektlərinə zərbələr endirməsini istisna edirsiniz?

- Bu, çox vacib mövzudur və adətən həm ABŞ-da, həm də İsraildə İranın nüvə proqramının inkişafına cavab olaraq müzakirə edilir, lakin orada çoxlu texniki çətinliklər var. Fakt budur ki, bu proqram səpələnmiş şəkildə qurulmuşdur, yəni bir neçə onlarla obyektə səpələnmişdir. Üstəlik, onların ən mühümləri Azərbaycana, daha doğrusu, Xəzər dənizinə daha yaxın yerdə cəmləşib və onu dayandırmaq üçün nüvə proqramı müəssisələrinə zərbə endirmək üçün belə bir əməliyyatın mümkünlüyünü təsəvvür etmək çətindir.

Amma İran və İsrailin Tehranın nüvə proqramı ilə birbaşa əlaqəsi olmayan başqa bir problemi var, bu müxtəlif yerlərdə ortaya çıxır. Bu, regionun müxtəlif ölkələrində, o cümlədən İsraillə sərhəddə - məsələn, Suriyada İranın himayə etdiyi qüvvələrin və ümumilikdə İran silahlı qüvvələrinin mövcudluğudur. Livanın cənubunda Hizbullah kimi mühüm bir sistem də var ki, bu da İsrail üçün əsl problemdir. Bunu hərbi yolla necə həll edəcəyini də təsəvvür edə bilmirəm, çünki Hizbullah uğurla müharibə aparmağa uyğunlaşan çox böyük bir birlikdir və çox güman ki, İsrail onu hərbi yolla yatırmağa cəsarət etməyəcək. O, artıq iki dəfə Livanın cənubunda Hizbullahı sıxışdırmağa cəhd edib, hər ikisi də uğursuz alınıb.

Digər tərəfdən, İsrailin bölgədə öz diplomatik siyasətini həyata keçirmək üçün bir çox razılaşmaları var. Müxtəlif tərəflərin razılaşdığı zaman bu region sözün həqiqi mənasında müxtəlif gizli sxemlərlə doymuşdur, ona görə də İsrail və ABŞ-dan İranla bağlı yaranan təhdidlər Yaxın Şərqdəki bu sonsuz razılaşmalar kontekstində nəzərdən keçirilməlidir. Onlar belə siyasətə öyrəşiblər, bu, necə deyərlər, işin qaydasıdır. Yəni, İsrail məsələn, İran İnqilab Keçikçiləri Korpusu qoşunlarının Suriyadan çıxarılmasına nail olmaq və ya başqa bu kimi məsələlər üçün bəzi diplomatik sxemləri həyata keçirir.

Və bu region üçün böyük diplomatiya səviyyəsində daha bir mühüm nüans: indi möhtəşəm bir hadisə baş verir- Səudiyyə Ərəbistanı ilə İranın barışığı açıq şəkildə elan edildi. Bunu anlamaq üçün bu faktı beynəlxalq münasibətlərdə zəlzələ kimi qiymətləndirmək olar. Üstəlik, bu yaxınlaşma o qədər göz qabağındadır ki, Səudiyyə Ərəbistanı daha əvvəl Türkiyə tərəfindən də elan edilmiş Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq barədə düşünür. Və Ərdoğanın prezident seçkilərindəki qələbəsindən sonra bu tendensiya daha da güclənəcək. Mən bu region ölkələrinin bir-biri ilə, eləcə də Rusiya Federasiyası və Çinlə yaxınlaşmalarını artırmaq meylini nəzərdə tuturam. Üstəlik, bunun üçün bütün ilkin şərtlər var. Deməli, bu böyük hərəkat çərçivəsində biz gözləməliyik ki, İran və Səudiyyə Ərəbistanı ikitərəfli münasibətlərdə bir sıra ağrılı məsələləri, ilk növbədə Yəmən və Suriyadakı vəziyyəti həll etməyə başlamalıdır. Və burada İsrailin ehtiyatlılığını başa düşmək olar, çünki ABŞ regiondan demək olar ki, geri çəkilib və onların yerinə ŞƏT timsalında nəhəng inteqrasiya qüvvəsi gəlib. Odur ki, İsrailin hədələyici bəyanatları həm də o kontekstdə nəzərdən keçirilməlidir ki, o, ŞƏT ilə bağlı öz siyasətini müəyyənləşdirməlidir - bu regionda həddən artıq çox dəyişikliklər baş verir və Təl-Əviv bütün bunlardan çətin ki, kənarda qala bilsin.

- Yəni, əslində, ŞƏT Səudiyyə Ərəbistanını tezliklə “böyüdəcək” deyə bilərik?

- ABŞ qoşunlarını Əfqanıstandan, İraqdan demək olar ki, tamamilə çıxarıb, yəni onların regiona təsir alətləri köklü şəkildə zəifləyib. Ona görə də ABŞ ŞƏT-in regionda güclənməsindən nə qədər narazı olsa da, bu, təbii proses olacaq. Digər tərəfdən, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının ŞƏT-ə doğru irəliləməsinin qarşısını almaq üçün çoxlu alətlərə malik deyildir ki, bu da təkcə Amerika qoşunlarının sabit yerləşdiyi ölkələrdən çıxarılması ilə deyil, həm də onların möhkəmlənməsi ilə bağlıdır. Çinin bu region ölkələri üçün iqtisadi əhəmiyyəti güclüdür. Çin İran və Səudiyyə neftinin əsas istehlakçılarından biridir, buna görə də Pekin nə qədər möhkəmlənərsə və dünyanın ilk iqtisadiyyatı statusuna yaxınlaşarsa (növbəti 5 il ərzində bu məqsədə çatmalıdır), Çinin nüfuzu bütün planetdə, o cümlədən Yaxın Şərqdə bir o qədər çox olacaq. Bu, Səudiyyə Ərəbistanı ilə İran arasında barışıq fonunda Çinin iştirak etdiyi bir kombinasiyadır.

Bundan əlavə, ötən il İran və Çin arasında böyük müqavilə imzalanıb və bu müqaviləyə əsasən Pekin 25 il müddətinə Tehrandan çox böyük həcmdə neft almağı öhdəsinə götürüb. Beləliklə, ABŞ tərəfindən Tehrana sanksiya təzyiqi problemi kəskin şəkildə zəiflədi. Eyni zamanda Çin İran ərazisində sənaye obyektlərinə, nəqliyyat və enerji infrastrukturuna 200 milyard dollardan çox sərmayə yatırılacağına söz verdi və İran buna icazə verdi. Beləliklə, Çinlə uğurlu əlaqələr sayəsində İran indi ixracatının əsas sektoruna qarşı Qərb sanksiyalarının yumşaldılmasına nail olur, həmçinin sənayeləşdirmə proqramı üçün az-çox təminatlı böyük investisiyalar alır. Və bu vəziyyətdə Səudiyyə Ərəbistanının, ümumiyyətlə, getməyə yeri yoxdur. Yəni, o, İranla problemləri həll etməlidir, xüsusən də özünün Çin bazarına ehtiyacı olduğu üçün, çünki Amerikanın həm birbaşa, həm də dolayı yardımı kəskin şəkildə azalıb. Və buna uyğun olaraq, Ər-Riyad ŞƏT-ə doğru hərəkət edəcək.

Və ŞƏT-dən başqa, BRİKS də var və onların bir-biri ilə ortaq cəhətləri var. Məhz bu yay BRİKS-ŞƏT sammitində çox mühüm qərarların qəbulu gözlənilir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər