PDF Oxu

Siyasət

  • 2 860

XANKƏNDİ — Azərbaycan işığının nurunda... TƏHLİL

image

Bu şəhərin - xanların şəhərinin Azərbaycan işığı ilə nura boyanması fonunda düşüncələrə dalıram. Axı necə olmuşdu ki, xanların şəhərini gədələr zəbt etmişdi? Dünyanın işinə bax, deyirəm. Etmişdilər də. Hədiyyə verilmişdi, qurban getmişdi, satılmışdı, bilmirəm, hər nə isə, ancaq işğal olunmamışdı. Çünki bu şəhər işğal oluna bilməzdi. Coğrafi mövqeyi də buna izn vermirdi, xanlara məxsus olması da. İki-üç gədə-güdənin alqı-satqısının qurbanı olmuşdu bu şəhər. Bu xanların şəhəri 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra hələ yaradılan qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı da olmuşdu.

Azərbaycan işığı ilə bu gün nura boyanan Xankəndinin başına gətirilənlər də elə gün kimi aydın olur...

Qısa bir arayış

Xankəndi Qarabağ xanlığı tərəfindən “Xanın kəndi” adı ilə XVIII əsrdə yaradılmışdı. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olundu.

1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırılmışdır.1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki — “Xankəndi” adı bərpa edilmişdir.

İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhərində həmin tarixdən Rusiya sülhməramlı qüvvələrinin mərkəzi qərargahı yerləşdirilmişdir.

Son 3 il: işıq gələn tərəfə, yoxsa?..

2020-ci ildən ötən 3 il ərzində Azərbaycan Xankəndidə yaşayan erməni əhali üçün dəfələrlə işıq gələn tərəfə istiqamətlənməni tövsiyə etdi. Əhali isə, sözsüz, işıq gələn tərəfə getmək istəyində olardı. Lakin xunta rejimi, separatçı qüvvələr necə ki, 30 ildir erməni xalqını əllərində oyuncaq edib oynadır, öz mənafeləri üçün istifadə edir, onların hesabına Azərbaycan torpaqlarında at oynadır, İkinci Vətən müharibəsindən sonra da niyyətlərindən əl çəkmədilər. Erməni əhalini inandırmağa çalışdılar ki, bu torpaqlarda sizin üçün yeni həyat qurulacaq, burada yağ-bal içərisində yaşayacaqsınız. Səsini çıxaranın isə ölümünə səbəb oldular. Çünki bu separatçıların damarlarından qan yox, Azərbaycan xalqına qarşı kin, nifrət axır. Onlar illərdir ki, bu iki xalqın arasına nifaq toxumu səpib, cücərdib, hər il biçib “məhsulunu” götürməklə məşğuldurlar.

Elə məhz bu kimi iyrənc niyyətlərinə görə də 44 günlük Vətən müharibəsindəki uğursuzluqlarını da nəzərə almaq istəmədilər. Düşündülər ki, yenidən güc toplayıb dirçələ, Azərbaycan torpaqlarına yenidən sahib çıxa bilərlər. Unutdular ki, bu torpaqları axı əslində işğal etməyib, hazır tikənin sahibi olublar. O illərdən isə 30 il zaman keçib. 44 gündə 30 illik barrikadalarının yerlə yeksan olduğunu, “böyük Ermənistan” xülyasının parça-parça olub Azərbaycan əsgərinin ayağının altına səpələnməsini unutdular. Unutduqca da Ermənistan-Azərbaycan münasibətlərini tərsə doğru çəkdilər.

Erməni xalqı ayağa qalxdı. Təslim olduğunu, qonşunun torpaqlarının özünə qaytarılmasını, qanın tökülməsinin dayandırılmasını tələb etdi. Hətta Ermənistan dövlət rəsmisi bu torpaqların Azərbaycana məxsus olduğunu bəyan etdi. Lakin separatçı qüvvələr-90-cı illərin saqqallılarının davamçıları bir oldular, xalq, dövlət bir, lakin bu böyük qüvvə terror qruplaşmanın qarşısını ala bilmədi. Ortada isə əziyyət çəkən xalq oldu. Həm də hər iki xalq.

90-cı illərdən söhbət düşmüşkən, yaxşı xatırlayırıq, soydaşlarımızı. İlahi-pərvərdigar, görəsən bizim xalqımızın erməni adlı qonşuluqdan kənar olmuşlardan çəkdiyini başqa bir xalq, millət çəkibmi? Şuşadan, Laçından, Kəlbəcərdən, Zəngilandan, Füzulidən, elə bax bu Xankəndidən zorla, silah burnunda çıxarılan insanların qışın soyuğunda, yayın qızmar günəşində evindən didərgin salınması, səsini çıxaran uşaq, qoca, cavanın süngüyə keçirilməsini unutmaq olarmı?

Qarabağın və Şərqi Zəngəzurun qaranlığa bürünməsini, evlərin xarabaya çevrilməsini, qapıların qıfıllı qalmasını, yas, toy mağarlarından insanların köçkünlüyə sürüklənməsini unutmaq olarmı?

Yarımçıq ömürlər, natamam gənclik, uşaqlıq... Doğmalarını itirən insanlar, qəbri öz yurdunda, lakin qəribçilikdə qalan əzizlərimiz... Ev-eşiyi düşmən əlinə keçən, ayaqyalın, çılpaq yollara düşən insanlar... Min bir zəhmətlə bağ salıb bəhrəsini ermənilərə qoyub, yurdunu tərk edən soydaşlarımız... Bax, Birinci Vətən müharibəsinin acı xatirələridir bunlar. 30 il idi ki, yuxularımızın da, gerçəklərimizin də olanı-qalanı bu xatirələr idi.

Bütün bunların fonunda isə biz ermənilərdən çox fərqli xalq olduğumuzu dünyaya bəyan etdik. 2020-ci ildə dövlətimizin başçısı məğlub ermənilərə Laçın, Kəlbəcər və Ağdamdan çıxması üçün vaxt verdi. Bu, dünyada bənzəri olmayan addım idi. Müharibədən sonra isə torpaqlarımızda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduqlarını, bu torpaqlarda heç bir təzyiq olmadan, lakin Azərbaycan qanunları çərçivəsində yaşa biləcəklərini bəyan etdi. Bununla da onlara hansı tərəfə getməli olduqları yolu göstərdi: işıqlı tərəfə, yoxsa?.. Onlar isə quldur dəstələrin təzyiqi ilə işıqlı yolun əks tərəfini seçdilər. Sonda isə əks tərəfdə hürən it kimi peşman oldular... Anladılar ki, həmin təzyiqlərə boyun əyməməli idilər.

Həm də bircə gündə...

Bircə günün içərisində peşman oldular. Gördülər ki, onları illədir, başdan çıxaran terrorçu qruplaşma imiş. O qruplaşma ki, onlar bu iki xalq arasında münaqişə üçün təlim alıb, silahlandırılıb, bunun üçün maliyyələşdiriliblər. İki xalq arasında nifaq toxumu əkmək üçün kimlərinsə quluna çevriliblər.

Sentyabrın 19-da bu terrorçulara qarşı Azərbaycanın 23 saat ərzində həyata keçirdiyi antiterror tədbiri zamanı yenidən yerlə yeksan olan silah-sursat və texnikalarına baxdıqca, bir daha səhv yolda olduqlarını təsdiqlədilər və bu zaman yenidən ağ bayraq qaldırdılar.

Elə bir gülünc vəziyyətə düşdülər ki, bəlkə də dünyada belə hadisə yaşanmamışdı. Məxsus olduqları dövlət onları tanımadığını, haqlarında nə cəza lazımsa, görülməsini bildirdi. Beləliklə, ikitərəfli danışıqlara getməyə, Qarabağda və Şərqi Zəngəzurda yaşamaq üçün nələrə boyun əyməli olduqlarını qəbul etmək üçün Yevlağa gəlməyə razı oldular.

Gəldilər və onların qarşısına qoyulan tələblərə razı oldular. İstəkləri də oldu. Bu, başlıca olaraq enerji təchizatı idi. Görünür, enerji sarıdan dövlətləri tərəfindən əməlli-başlı korluq çəkibmişlər...

İşıqlı Xankəndidə bir daha düşünsünlər...

Bu gün artıq qədim Azərbaycan yurdu Xankəndi məxsus olduğu dövlətin enerji təminatı ilə nura boyanıb. 2021-ci ildə “Azərenerji” tərəfindən tikilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Şuşa” yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən “Azərenerji” tərəfindən “Şuşa” yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq “Azərenerji” və “Azərişıq” əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. Bununla da Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib. Artıq Xankəndidə Azərbaycan işığı yanır.

İndi Xankəndidə işıqlar gur yanır. Çünki Azərbaycan işığı bu əzəli yurdu işıqlandırmaqla yanaşı, həm də çox məqamlara aydınlığa çıxarır. Onu aydınlığa çıxarır ki, ay erməni əhali, bu işığın altında yaşamaq istəyirsinizsə, buyurun. Axı onlar da bu işığın əvvəlki işıqdan fərli olduğunu görürlər. Odur ki, burada yaşamağı da elə bu işığı bəxş edən dövlətin konstitusiya quruluşuna uyğun seçməlidirlər.

Əks təqdirdə yol açıqdır. Torpaq bizim, işıq bizim, qanunlar bizimdir. Seçim isə illərdir, separatizmə, terrorizmə boyun əyən erməni əhalinindir. Düzgün seçim onların qurtuluşu ola bilər.

İşığın daimi, nurun əbədi olsun, əziz Xankəndi. Bu nur zivələrində tezliklə dalğalanacaq üçrəngli bayrağımızı əbədiyyən rövnəqləndirsin!

Mətanət Məmmədova

Digər xəbərlər