Siyasət

  • 1 115

Prezident İlham Əliyev qətiyyəti: “Azərbaycana təsir və ya təzyiq etmək mümkün deyil” ŞƏRH

image

Qarabağda 44 günlük müharibə başa çatsa da, Fransanın qərəzli mövqeyi başa çatmaq bilmir. Xatırladaq ki, Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın daim ədalətli yanaşma ortaya qoymasını tələb edirdi. Lakin bunun əksi baş verirdi. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə və onun bəzi təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. Onlar həmsədrlərdən biri olmaqla 28 il ərzində heç bir iş görmədilər. Azərbaycan torpaqlarının boşaldılması üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirmədilər. Həmin qətnamələrin hər biri göydə qaldı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra qətnamələr yerinə yetirildi. Azərbaycan Cənubi Qafqazda yeni güc mərkəzinə çevrilib. Eyni zamanda Cənubi Qafqazda Türkiyənin mövqeyi güclənib. Yəni burada Rusiya-Ukrayna müharibəsi getdiyi dövrdə Türkiyənin mövqeyi daha da güclənib. Xatırdadım ki, Praqada üçtərəfli görüşdə Makron özünü də bu görüşə daxil etdi. Ermənistanın baş naziri Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirdi. Azərbaycan da eyni zamanda Ermənistanın ərazi bütövlüyü və suverenliyini tanıdı.

Terrorçulara qucaq açan Makronun ikiüzlü dəyişməyən xislətidir

Makronun yerli televiziyaya verdiyi müsahibəsində anti-Azərbaycan bəyanatlarında Rusiyanı da ittiham edib deyir ki, guya İkinci Qarabağ müharibəsi zamanında Rusiya Azərbaycana köməklik göstərib. Makron burada açıq şəkildə bildirdi ki, Ermənistan bizim bacımızdı və bizim onları tək qoymaq niyyətimiz yoxdur”. Digər bir xatırlatma: Fransa prezidenti Emmanuel Makron Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla videogörüşünü müşayiət edərkən, özünün “Twitter” səhifəsində Ermənistana dəstək olacağını qeyd edib. Fransa prezidenti "Biz erməniləri heç vaxt tərk etməyəcəyik. Biz həmişə davamlı sülhün bərqərar olması üçün həll yolları axtaracağıq. Mən qarşıdan gələn bayramları sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevirməyə çağırıram"- yazıb. Ancaq sonradan isə Makronun vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüşü baş tutub. Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşımda o, Azərbaycan dilində status yazıb: "Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik". Bu yerdə qalırsan nə deyəsən. Göründüyü kimi, bir-birindən absurd olan fikirlər, və yaxud Makronun absurd bəyanatları. Makron çıxışlarında dəfələrlə vurğulayıb ki, «Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir və tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar”, - deyən Makron bildirib ki, “mən həmçinin bütün əsirlərin azad edilməsi, humanitar təşkilatların regiona çıxışına qoyulan məhdudiyyətlərin götürülməsi zərurəti və mürəkkəb minalanmış zonalar məsələsi haqqında düşünürəm”.

Göründüyü kimi, bir-birindən absurd olan bu cümlələri oxuyarkən Fransa liderinin “soyuq duşa” ehtiyacı olduğu hiss olunur. Onun “Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir, tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar” açıqlaması bu ölkənin liderinin nə qədər absurd nəzər nöqtəsinə malik olduğunun sübutudur. Lakin bu gün özünü ərköyün və dünyada reytinqi ayaqlar altında olan, Fransa tarixində xalq qarşısında legitimliyi ən aşağı həddə sayılan Makron bugünkü Ermənistan torpaqlarının tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu da unutmamalıdır və burnunu bu məsələyə soxmamalıdır. Çünki Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının «Dəmir yumruq» siyasətinə tabe olan Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 30 il düşmən əlində olan torpaqlarımız 44 günlük Vətən Müharibəsin ilə Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılıb, işğala son qoyuldu. Və beləcə, "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi tarixə qovuşduğu halda bu gün Fransa "Dağlıq Qarabağ münaqişəsi"ni yenidən gündəmə gətirmək istəyi Ermənistanın sərsəm ritorikasını dəstəkləməkdən başqa bir şey deyil.

Azərbaycan Prezidenti: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir”

Fransa "Qarabağ münaqişəsi həll olunmayıb" deyirsə, buyursun, zəhmət deyilsə, rəsmi Bakıya anlatsın ki, problem necə həll olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev sözügedən məsələ ilə bağlı deyib: "Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb».

«Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm»,-deyən Ali Baş Komandan sözünə davam edərək demişdir: «Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur".

Bəli, 44 yaşlı Emmanuel Makron Fransanın ən ziddiyyətli prezidentlərindən biri, bəlkə də ən birincisidir. Fransız siyasətçilər Makron haqqında belə deyirlər: “O, hamı ilə dostdur, amma heç kimin dostu deyil”.

İngilis siyasətçilərin də gəldiyi qənaət budur: “Makron erməniləri müdafiə etməyə məhkum və məcburdur, onu qorxudan əsas məsələ isə odur ki, prezident kimi birtərəfli mövqeyi sonda Fransanın ATƏT-in Minsk qurpundakı həmsədrlikdən uzaqlaşdırılması, regionda təsir imkanlarının hədsiz şəkildə azalması ilə nəticələnə bilər”. Fransız siyasətçilər hesab edirlər ki, “Makronun Qarabağ məsələsindəki hazırkı mövqeyi onun ənənəvi və axına qarşı getmə instinkti (psixoloji durumu) və Fransanın maliyyə sistemindəki erməni dostlarının olması ilə bağlıdır”.

Türkiyəli ekspertlər düşünürlər ki, Makron kiçik hərəkətlərdən özünə böyük düşmənlər qazana bilmək “qabiliyyətinə” malikdir. Türkiyə prezidenti Ərdoğanın beynəlxalq tədbirdə şəkil çəkdirən zaman Makronun zorla özünü sıraya soxması, salam vermək üçün uzatdığı əlinin havada qalması onu affekt vəziyyətinə sala biləcək qədər “təhlükəli” haldır. Çünki Makron dövləti yox, öz hüquqlarını və oliqarxiyanın mövqeyini qoruyur. Elə sonda Makronun dediyi fikir bir daha onun xislətini göstərir: «Biz heç vaxt erməniləri tək qoymayacağıq. Həmişə davamlı sülh üçün həll yolları axtaracağıq. Qarşıdan gələn bayramların sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevrilməsinə çağırıram».

Bəli, bu, Makronun sifəti və xislətidir. Və Makronun və onun kimi ikili standartlardan çıxış edən qərəzli Qərb liderlərinin yarıtmaz mövqeyi Azərbaycanı haqq işindən yayındıra bilməyəcək. Buna əmin ola bilərsiniz! Və bu gün Fransa Cənubi Qafqaz regionunu yenidən "qarşıdurma ocağı"na çevirmək yolunu seçib və bunu da xarici siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib. Əsas hədəf bölgədə gedən proseslərə müdaxilə edərək Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını pozmaq, öz silah-sursatını, texnikasını Ermənistana satmaqdır. Sülh barədə düşünməyən Ermənistan artıq dərk etməlidir ki, nə qədər silah-sursat olsa belə, heç bir üstünlük əldə edə bilməyəcək. 44 günlük Vətən müharibəsi dövründə Ermənistana məxsus müdafiə potensialı, hərbi birləşmələrin əksəriyyəti Azərbaycan tərəfindən məhv edilib. Eni zamanda, Fransa danışıqlarda vasitəçilik rolunu artırmağa cəhd etməklə, Rusiyanı bu regiondan çıxarmağa çalışır. Amma Fransa artıq dərk edir və unutmamalıdır ki, Azərbaycanla ultimatum, təhdid dili ilə danışmaq olmaz. Və bu gün Azərbaycanın təmkinli davrandığını və bu məsələlərin sonunu gözlədiyini düşünür. Fransanın Ermənistanı silahlandırması, eyni zamanda, Cozep Borelin çıxışı ilə bağlı Azərbaycan XİN-in müvafiq bəyanatları səsləndirilib. Bütün bunlar onu göstərir ki, Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın təmin olunmasında Azərbaycandan başqa maraqlı tərəf yoxdur. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxışında bildirdi ki, Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək: «Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə. Odur ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır».

Bir sözlə, Fransa birmənalı olaraq Cənubi Qafqazda dayanıqlı sülhü və stabilliyi istəmir və bölgəni bitmək bilməyən münaqişə məkanı, qarşıdurma müstəvisi kimi görməkdir: əks təqdirdə, Ermənistana dəstək və ondan alət qismində istifadə etməyin faydalılıq əmsalı heçə enir. Amma Emmanuel Makron məğlubiyyətə aparan oyuna başlayıb: onun fiaskosu qaçılmaz, indi sahib olduğu mövqeləri belə, itirməsi labüddür. Ancaq Emmanuel Makron unudur ki, Azərbaycan onun hökmranlıq etdiyi hansısa Afrika ölkəsi deyil. Bu gün kimsə Azərbaycanla hədə, təhdid dili ilə danışa bilməz. Azərbaycan özünün milli təhlükəsizliyini qorumağa, sərhədlərini möhkəmləndirməyə, düşmənə və havadarlarına cavab verməyə qadirdir və təsir göstərilə biləcək dövlət deyil. Azərbaycan Prezidenti İlham Əliyev cənabları dəfələrlə bəyan edib ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində lazımi addımlar atır və bu siyasətini də davam etdirəcək. Azərbaycan yenidən müharibənin baş verməsini istəmir. Əgər bu, baş verərsə, yenə də əzilən tərəf Ermənistan olacaq və bu ölkə onilliklərlə özünə gəlməyəcək. Və bu gün Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq. Fransa isə anlamalıdır ki, Cənubi Qafqazda söz sahibi Azərbaycandır. Odur ki, məkrli niyyətlərindən çəkinməli, həqiqətin yalnız bir üzü olduğunu görməlidir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Digər xəbərlər