2020-ci ilin 8 noyabrı Azərbaycan tarixinin səhifələrinə qırmızı xətlə düşmən Ermənistan üzərində Böyük Zəfəri yazdısa, 2023-cü ilin 20 sentyabrı Böyük Zəfərin davamı olaraq lokal antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və süverenliyimizin tam bərpası oldusa, qarşıdan gələn 2024-cü ilin 7 fevralı isə şanlı tariximizə bütöv Azərbaycanda ilk Prezident seçkilərinin keçirildiyi gün kimi yazılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 7 dekabr 2023-cü il tarixli Sərəncamı ilə fevral ayında Azərbaycan vətəndaşları seçki məntəqələrinə yollanaraq uzun illərdir, ölkəmizdə həyata keçirilən şəffaf və obyektiv seçki qaydası əsasında öz seçimlərini edərək ölkə Prezidentini seçəcəklər. Necə ki, 2020-2023-cü illər torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün tam təmin olunması ölkə vətəndaşları tərəfindən qürur və sevinclə qarşılandı, seçki ilə bağlı yeni Sərəncam da eyni hisslərlə qarşılandı. Çünki ilk dəfə bütöv Azərbaycanda seçki keçiriləcək ki, bu da hər bir vətəndaşın uzun illərdən bəri gözlədiyi zamandır.
2018-ci il: sonuncu Prezident seçkilərindən ötən dövrdə
Xalq 2018-ci ildə ölkədə növbəti Prezident seçkilərində iştirak etməklə öz liderini seçdi. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi və mənəvi varisi cənab İlham Əliyev xalqın seçimi ilə yenidən Prezident seçildi və qarşıda duran ən mühüm problemin- ərazi bütövlüyümüzün bərpası prosesinin son mərhələsinə start verdi.
Dekabrın 6-da “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib Prezident İlham Əliyevin Links Avropa Fondunun direktoru niderlandlı Denis Sammutun “Cənab Prezident, tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi” ifadələrinə cavabı dövlət başçısının nəinki 5 il əvvəl, ötən 20 ilin başlanğıcındakı iradəsinin tərənnümü oldu: Müsahibələrin birində demişdim ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.
2018-ci ilə qədər ötən 15 il ərzində torpaqlarımızın azad olunması ilə bağlı mühüm proseslər həyata keçirildi. Ən əsası ölkə iqtisadiyyatı inkişaf etdi, ordu quruculuğu sahəsində yüzilliklərə sığan işlər görüldü. Qarabağ probleminin dinc yolla həlli istiqamətində illərlə iş aparılsa da, lakin bu sahədə uğurlu nəticə əldə olunmamışdı. Çünki Azərbaycanın sülh səsinə beynəlxalq aləm cavab vermədi. Ermənistan respublikası isə nəinki torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəmədi, hətta yeni işğalçılıq siyasətini davam etdirdi.
Dövlətimizin başçısı isə xalqa bütün müraciətlərində, hətta beynəlxalq kürsülərdə çıxışlarında belə vurğulayırdı ki, torpaqlarımızın sülh yolu ilə qaytarılması mümkün olmasa, bu, hərb yolu ilə olacaq. 2020-ci il torpaqlarımızın işğalda qaldığı son il oldu. Sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin yeni torpaq iddiaları ilə sərhədlərimizə hücumu milli ordumuzun tutarlı cavabı ilə dayandırıldı. Və həmin gün ölkəmizdə ikinci Vətən müharibəsinin başlandığı gün oldu.
43 gün davam edən müharibənin 44-cü günü millətimizə qələbə bəxş etdi. Qarabağ torpaqlarında şiddətli döyüşlər getdi. Şəhidlər verdik, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından geri aldıq. Azərbaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş taktikası həyata keçirdi. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Şuşa işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyannaməyə əsasən Ağdam, Kəlbəcər və Laçının boşaldılması üçün düşmənə vaxt verilməsi isə dövlətimizin başçısının humanistliyini dünyaya bəyan etdi. Həmin ilin sonunadək həmin üç rayonumuz da erməni tapdağından xilas edildi, hüriyyətinə qovuşdu. Beləliklə 30 il ərzində ev-eşiyindən, doğma yurdundan erməni qəsbkarları tərəfindən silah gücü ilə çıxarılan minlərlə məcburi köçkünümüzün tapdanmış hüquqları bərpa olundu.
Onların yurduna-evinə qayıtması üçün hələ müharibə bitməmiş, torpaqlarımız bir-bir azad olunduqca quruculuq və bərpa işlərinə dərhal başlandı ki, bu da dövlətimizin qüdrətini göstərməklə yanaşı, həm də hər bir qaçqın, köçkünə, ümumilikdə Azərbaycan vətəndaşına qayğının, ölkədə insan amilinə verilən dəyərin təzahürü idi.
44 gündə 30-dan artıq
Cənab Prezident 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinə adı ilə yanaşı, həm də bu sözləri yazdı: müharibə, müsahibə, müraciət. Ölkəmizin başçısı ordumuza Ali Baş Komandanlıq etməklə yanaşı, həm də 44 günün hər anında dünyanın bizə qarşı yönəlmiş informasiya müharibəsinin qəhrəmanı oldu. 44 gündə dünyanın ən məşhur kütləvi informasiya vasitələrinə 30-dan artıq müsahibə verən dövlətimizin başçısı Qarabağın tarixini, strateji əhəmiyyətini, əhalisinin vəziyyətini, 30 illik işğal dövrünü, həmçinin Qarabağla bağlı susan beynəlxalq təşkilatların mahiyyətini tarixi reallıqlarla dünyaya çatdırdı. Özünəməxsus nitqi, səbri, haqsız, ədalətsiz suallara hər dəfə eyni təmkinlə cavab verməsi, müxtəlif dillərdə sərbəst, qüsursuz danışıq qabiliyyəti ilə dünya siyasətçilərini və jurnalistlərini heyran edən cənab İlham Əliyev bütün bunların fonunda Azərbaycanın necə bir dövlət olduğunu təsdiqləməklə yanaşı, Ulu Öndərin layiqli davamçısı olduğunu da göstərdi.
Xalqına dəfələrlə müraciət etməsi ölkəmizin rəhbərini insanların gözündə xoş xəbər müjdəçisi etdi. 44 gündə torpaqlarımızın azad olunması ilə bağlı xəbərləri tək Ali Baş Komandandan almağımız bizim bir yumruq olduğumuzun, bu dövlət başçısının ətrafında sıx birləşdiyimizin sübutu oldu.
Vətən müharibəsi göstərdi
Xalq İkinci Vətən müharibəsində Böyük Zəfərlə yanaşı, həm də bir çox məqamları gördü.
–Cənab Prezidentin Ulu Öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı. Bu, hər bir gəncə nümunə gücündə olan, təsirli məqamdır.
– Ölkəmizin Prezidentinin 17 illik fəaliyyəti dövründə hər il bütün bayramlarda xalqımıza müraciətlərində Qarabağdan söhbət açıb, onun bir gün geri qaytarılacağını əminliklə söylədiyinin şahidi olmuşuq. Müharibənin nəticələri Prezidentimizin ötən 17 ildə söylədiyi sözlərin arxasında həm də bu sözlər dəyərində olan ordu quruculuğu prosesini uğurla həyata keçirdiyini, Ali Baş Komandanımızın sözlə əməl vəhdətini təsdiqlədi.
– Cənab Prezidentdə Azərbaycançılıqdan irəli gələn bir xarakteri də açıqca gördük. O, hər kəs kimi müharibə istəmirdi, qan tökülməsini, övlad itkisini istəmirdi. Bunu dəfələrlə Ermənistan siyasi rəhbərinə müraciətində gördük. “Torpaqlarımızdan çıxın, müharibəni dayandıraq”, – dedi. Ermənilər bu mənəvi dəyərin nə olduğunu bilməsələr də, bu təkliflər onlara dəfələrlə edildi.
– Vətən müharibəsi cənab İlham Əliyevin sayəsində bizim özümüzü tanımağımıza vəsilə oldu. Biz gördük ki, azərbaycanlılar nə qədər həmrəy, bir yumruq kimi birləşə bilən, eyni zamanda çox vətənpərvər bir xalqdır. Vətəninə, bayrağına sevdalıdır.
– Müharibə xalqın rəhbərinə inamını da nümayiş etdirdi. Tərtərdə, Bərdədə, Gəncədə evləri dağıdılan yüzlərlə insan Prezidentə arxalandıqlarını bildirdilər. Evlərinin dağılmasına, həyatlarının təhlükədə qalmasına baxmayaraq yurdlarını tərk etmədilər, qələbə əzmi ilə yaşadılar. Bu, rəhbərə inam, Onun arxasında olmaq deməkdir. Onlar bir də buna əmin idilər ki, evləri, həyətləri əvvəlkindən də gözəl vəziyyətdə onlara qaytarılacaq. Çünki bu insanlar cənab Prezidentin verdiyi sözlərə əməl etdiyinin şahidi olan insanlardır.
– Vətən müharibəsi onu təsdiq etdi ki, xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz. Elə bu qüvvə də qələbəmizin səbəbkarı oldu.
–2023-cü ilin 20 sentyabrda 20 saatlıq antiterror tədbirləri isə dövlət başçısının siyasətində başlanan işin müvəffəqiyyətlə başa çatdırmasının mühümlüyünü isbat etdi.
– Və son olaraq, Prezidentimizin illər öncə dediyi bu fikirlərini təsdiqlədi: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”.
Bəli, ötən 5 ilin uğurları, xüsusilə də tariximizin şanlı səhifəsini təşkil edən Qarabağ Zəfəri əvvəlki 15 ilin hər anında Prezidentin praqmatik fəaliyyətinin nəticələridir. O nəticələr ki, həm də Azərbaycanın güclü, eyni zamanda sülhsevər dövlət olduğuna dünyanın şahidliyidir. Ən əsası isə Azərbaycan vətəndaşının qürur yeridir. Odur ki, qarşıdakı növbəti Prezident seçkilərində də xalq öz düzgün seçimi ilə dövlətini, millətini bütün dəyərlərdən üstün tutan namizədinə səs verməklə, Azərbaycan tarixində yeni bir səhifəni açmış olacaq.
Mətanət Məmmədova