Siyasət

  • 507

Güclü iqtisadi inkişafla müəyyən edilmiş hədəflərə doğru TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: «Azərbaycan öz gücünə, imkanlarına arxalanan dövlətdir»

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib ki, cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir: «Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək».

Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Son 20 ildə Azərbaycanın bölgələrinin tarazlı və hərtərəfli inkişafında, iqtisadi fəallığln yüksəlməsində, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, iş yerlərinin və yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşmasında, ümumilikdə, respublikamızın dayanıqlı və sürətli inkişafının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət iqtisadi tərəqqinin əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Bölgələrdə milli iqtisadi ehtiyatların tam səfərbər olunmasına, sahibkarlıq sektorunun dirçəlməsinə, azad biznesin inkişafına, rəqabətqabiliyyətli istehsal sektorunun formalaşmasına dərin zəmin yaradıb. Bu siyasət ölkəmizdə sosial infrastrukturun, kommunal xidmət sektorunun, enerji və nəqliyyat sisteminin etibarlı təminatını və təhlükəsizliyini möhkəmləndirib.

Ötən 20 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə, regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə dövlət proqramları mühüm rol oynayıb. Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib.

REGİONLARIN İNKİŞAFI DÖVLƏT BAŞÇISININ SİYASƏTİNDƏ ƏSAS HƏDƏFLƏRDƏNDİR

Bu gün modernləşən ölkəmiz yeni keyfiyyət mərhələsinə qədəm qoyub, siyasi, iqtisadi, mədəni həyatı müasirləşərək tamamilə dəyişib. Prezident İlham Əliyevin praqmatik, çevik siyasəti, sistemli və ardıcıl strateji kursu ölkəmizin müasir inkişafını təmin edib. Dövlət başçısının qürurla vurğuladığı kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliyi dayanır. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb. Bunun üstündən kimsə xətt çəkə bilməz!

Xüsusilə, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırması bugünkü uğurların mənbəyidir. Regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Prezidentin bölgələrə tez-tez səfər etməsi bu faktı bir daha təsdiqləyir. Həyata keçirdiyi siyasətin əsas məqsədi paytaxtımızla yanaşı, bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır.

Bəli, bu gün bölgələrimiz arasında gedən sağlam rəqabət diqqətdən kənarda qalmır. Belə ki, ölkə Prezidentinin Fərmanları əsasında təsdiqlənən Regional İnkişaf Proqramlarının uğurlu icrası hər bir bölgənin simasının yenilənməsində, şəhərlə kənd arasında fərqin aradan götürülməsində, yeni iş yerlərinin yaradılmasında aydın ifadəsini tapır. Xüsusilə son illərdə bütün ölkə boyu müasir infrastruktur qurulmasından söhbət açarkən meliorasiya və su təsərrüfatının da yenilənməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın etibarlı su təchizatına nail olunmasını strateji hədəf kimi qarşıya qoyması isə heç də təsadüfi deyil. Qeyd etdiyimiz kimi, ölkəmizdə etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə işlər Prezident İlham Əliyevin səyləri ilə intensiv şəkildə davam etdirilir. Xüsui ilə vurğulamaq yazımdır ki, son 20 il ərzində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanda su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən infrastruktur layihələr ölkəmizin gücünü və qüdrətini təsdiqləyir. Belə layihələri həyata keçirməyə yalnız Azərbaycan kimi geniş, hərtərəfli potensialı olan ölkə qadirdir. Bu layihələr regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bu, çox əlamətdar hadisədir: «Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal Şirvan kanalı adlandırılır, - yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq.»

VERİLƏN VƏDLƏR, REAL NƏTİCƏLƏR….

Dövlət başçısı aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır. Artıq genişmiqyaslı proqramın işlənib hazırlandığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, artıq genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir.: «Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək, görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda, müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni, suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük».

Qeyd olunub ki, Şirvan kanalının 2027-ci ilin sonuna qədər istifadəyə veriləcəyi gözlənilir. Qarabağın və ona bitişik yeddi Azərbaycan rayonunun otuz illik işğalı ərzində erməni təcavüzkarları rayonun su infrastrukturunu tamamilə yararsız vəziyyətə salmaları da su təsərrüfatında quruculuq və bərpa işlərinin intensiv aparılmasına zərurət yaradır. Bu gün işğalçıların qovulmasından sonra Azərbaycan regionun bütün əsas çaylarının və su anbarlarının drenajına tam nəzarət edir və uzunmüddətli əsaslarla su infrastrukturunun modernləşdirilməsi üzrə layihələr planlaşdırıb həyata keçirə bilir. Bu, gələcək üçün son dərəcə vacib məqamdır, çünki BMT və bir sıra digər beynəlxalq analitik mərkəzlərin proqnozlarına görə, 2040-cı ilə qədər planetdə əsas qıt resurs içməli və suvarma suyu olacaqdır. Su anbarlarının ölkənin iqtisadi dövriyyəsinə qaytarılması nəticəsində Azərbaycanda şirin və suvarma su sahəsində vəziyyət xeyli yaxşılaşacaq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının ümumi su resurslarımızın 25 faizini təşkil etməsini nəzərə alsaq su çatışmazlığının aradan qaldılmasına yönəlmiş addımların ürəkaçan olduğunu qeyd edə bilərik. Rəşad Mahmudov son olaraq qeyd edib ki, bütün bu irimiqyaslı infrastruktur layihələrin Azərbaycan öz hesabına həyata keçirir. Heç bir beynəlxalq maliyyə dəstəyi almadan belə strateji əhəmiyyətli layihələri reallaşdırır. Bu, bir daha onu göstərir ki, Azərbaycan öz problemlərini müstəqil şəkildə həll etməyi bacaran ölkədir. Bütün bu uğurlu nailiyyətlər hər şeyi planlı şəkildə aparılmasının nəticəsidir..

Beləliklə, Prezident İlham Əliyevin regionlara səfri, orada görülən işlərlə tanışlığı ilk növbədə dövlət başçısının regionların inkişafına olan diqqətin əyani təzahürü olmaqla yanaşı, həm də görülən işlərin həcmini göstərir və hər səfəri yüz ilin uğurlarının təsdiqidir. Bax, budur müasir Azərbaycan həqiqətləri. Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Kimsədən yardım gözləmədən, öz gücünə, xalqının inamına güvənən Azərbaycan dövləti qarşısında dayanan problemləri həll edir və əlamətdar hadisə olan Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin bütün sözləri, verdiyi bütün vədlər hər zaman yerinə yetirilib. Bu baxımdan sözügedən layihələrin icrasının da yüksək səviyyədə yerinə yetiriləcəyinə şübhə yoxdur. Çünki Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir: «Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək» .

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər