Siyasət

  • 925

Böyük QAYIDIŞ strategiyası: dirçələn Qarabağ və Şərqi Zəngəzurumuz TƏHLİL

image

Prezident İlham Əliyev: "Biz - bu torpaqların sahibləri qurub-yaradanıq"

Azərbaycanın dilbər guşələrindən olan Füzulinin 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunması Vətən müharibəsində yeni tarix yazmış oldu. "Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!" – deməsi xalqımıza ən böyük müjdələrdən bir oldu. Artıq həmin zamandan bizi 3 ildər artıq bir məsafə ayırır. Bu gün Füzulidə Azərbaycan bayrağı dalğalanır. Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.Bu gün bu ərazidə işğaldan azad olunan digər ərazilərimiz kimi, abadlıq-quruculuq işləri görülür. 2021-ci il yanvarın 14-də təməli qoyulan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi və həmin ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanıdır. Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da bu aeraportdan istifadə edirlər.

BAŞ PLAN ƏSASINDA REALLAŞAN LAYİHƏLƏR

Qeyd edək ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb. Bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Buna baxmayaraq, orada aparılan bütün quruculuq işləri dövlətimizin başçısının nəzarəti altındadır.
Görülən işlər Baş planlar əsasında həyata keçirilir. Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verir. Bir çox kəndlərdə inşaat işləri davam edir.
Böyük Qayıdış strategiyasını uğurla gerçəkləşdirən Azərbaycan işğaldan azad olunan ərazilərimizədə böyük abadlıq-quruculuq işlərini davam etdirir. Dövlət büdcəsindən ayrılan vəsait hesabına Ağdam, Füzuli və Laçın rayonlarında yollar və körpülər salınıb, su anbarları və su elektrik stansiyaları tikilir. İstehsal müəssisələrinin, sosial obyektlərin inşası, açılış mərasimləri görülən işlərin sürətindən xəbər verir. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu isə cari ildə istifadəyə veriləcək. Xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. 10-dan çox kəndin Baş planı təsdiqlənib və bir neçə kəndin təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. Ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib.

FÜZULİ ŞƏHƏRİNDƏ 2689 NƏFƏRİN MƏSKUNLAŞMASI TƏMİN EDİLİB

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları keçmiş köçkünləri doğma yurda aparır. Zəngilanın Ağalı, Laçının Zabux kəndi, Tərtərin Talış kəndi və başqa ərazilərdə əzəli sakinlər yenidən yurd salıblar. 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Belə ki, bu il Kərkicahan, Malıbəyli, Turşsu kəndləri keçmiş köçkünlərin ixtiyarına veriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar: "Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Biz - bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq".
Özünün yeni bir dövrünü yaşayan Füzuliyə də köç karvanları davamlı olaraq yola salınır. Daha 39 ailə olmaqla, 172 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Bugünkü köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış (Bakı şəhərindən 24 ailə (115 nəfər), Sumqayıt şəhərindən 5 ailə (22 nəfər), Füzuli rayonundan 4 ailə (10 nəfər), Beyləqan rayonundan 3 ailə (12 nəfər), Abşeron rayonundan 2 ailə (7 nəfər), Şamaxı rayonundan 1 ailə (6 nəfər) ailələrdən ibarət olub. Füzuli şəhərinə çatan ailələr doğma yurda qovuşmağın sevincini yaşayıblar. Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

FÜZULİYƏ 22 MİN ƏZƏLİ SAKİN KÖÇ EDƏCƏK

Məlumdur ki, ötən ilin oktyabrın 16-da Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın, idman kompleksinin, Cuvarlı və Qoçəhmədli kəndlərinin təməlini qoyması, Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olması bölgənin sürətlə dirçəldilməsi istiqamətində fasiləsiz işlərin görüldüyünü göstərir.Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Prezident İlham Əliyev tərəfindən təməli qoyulan ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb.İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaq. Üçüncü yaşayış kompleksinin inşası üçün isə 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq.
Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.
2,4 hektar sahədə uşaq bağçası inşa ediləcək. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.
Bütün bunlarla yanaşı, Qoçəhmədli və Cuvarlı kəndləri tarixi ənənələri qorumaqla müasir üslubda inşa ediləcək.İşğaldan azad olunan Füzuli rayonunda 2026-cı ilin sonuna qədər 22 min nəfərin yaşaması planlaşdırılır. Füzuli şəhərindəki yaşayış məhəllələri ilə yanaşı, rayon ərazisində 10 kəndin bərpası gözlənilir.

MÜASİR ÜSLUBDA İNŞA OLUNAN KƏNDLƏRDƏ TARİXİ ƏNƏNƏLƏR QORUNUR

Təməli qoyulan Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Burada 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Kəndin inşasının birinci mərhələsi üçün 28,1 hektar torpaq sahəsi ayrılıb və 129 fərdi ev tikiləcək. Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 312 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi nəzərdə tutulub.
Füzuli rayonunda təməli qoyulan Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi isə 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada 341 fərdi evin tikilməsi planlaşdırılıb. Qoçəhmədli kəndində birinci mərhələdə 204 fərdi ev inşa olunacaq. Bunun üçün 18,1 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kəndə 204 ailə - 710 nəfər köçürüləcək.Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq.Hər iki kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək.İşğaldan azad edilmiş ərazilərdə ilk idman kompleksi Füzulidə inşa olunacaq. Ümumi sahəsi 17 hektar olan kompleksin baş planına əsasən, burada 200 yerlik tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda, idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zal inşa ediləcək. Bundan başqa, kompleksdə 100 yerlik tamaşaçı tribunası olan üzgüçülük zalı, güləş, cüdo, boks, karate növü üzrə məşq və trenajor zalları yaradılacaq. Binada inzibati otaqlar, kafe, anbar və digər texniki sahələr də nəzərdə tutulub. Burada, həmçinin sauna və masaj otaqları, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar olacaq. Plana əsasən, ərazidə süni ot örtüklü minifutbol meydançası, açıq havada idman alətləri ilə təchiz edilmiş meydança və texniki bina da yaradılacaq.
Göründüyü kimi, Füzulinin yeni - bərpa, yenidənqurma, inkişaf dövrü başlayıb. Böyük Qayıdış strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzur yeni dövrünə qədəm qoyub.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər