Siyasət

  • 1 507

Aqrar sektorun inkişafı dövlətin diqqət mərkəzindədir TƏHLİL

image

Azərbaycan böyük inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq bölgələrə etdiyi səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan xəbər verir. Dövlət başçısının hər belə səfəri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak edib. Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Şirvan suvarma kanalının yenidən qurulması qeyri-neft sektorunun inkişafına çox böyük təkan verəcəkdir. Bu layihə qlobal miqyasda gedən proseslərə böyük töhfədir. Cənab Prezidentin təməlqoyma mərasimində etdiyi çıxışında qeyd olunduğu kimi; “Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda da iqlim dəyişikliyi ilə bağlı yaşanan narahatlıqlar ölkənin su ehtiyatlarından maksimum dərəcədə səmərəli davranmaq zərurətini bütün kəskinliyi ilə ortaya qoyur. Hətta demək olar ki, hazırda bu vəzifə əsas prioritetlərdən biri kimi müəyyən olunub. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycanda bir çox infrastruktur layihələri, o cümlədən qazlaşdırma və elektrik enerjisi ilə təminat məsələləri böyük hesabla öz həllini artıq tapmışdır, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifələrin içməli su və suvarma layihələri ilə bağlı olacağını demək olar.”

Ümumiyyətlə Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğunun təmin olunmasıdır. 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Ümumiyyətlə son illər bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək. Qarabağ kanalının inşası gələn il başlayır. Qarabağ kanalı 115 min hektarı əhatə edəcəkdir. Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır.

Şirvan suvarma kanalının yenidən qurulması böyük həcmdə su itkisinin qarşısını alacaq. Yenidənqurma işlərindən sonra itkilərin həcmi on dəfədən çox azalacaq. Bu da bölgədə kənd təsərrüfatının daha sürətli inkişafına güclü təkan verəcək. Bu layihədə kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi kimi mühüm amillər öz əksini tapacaq.Azərbaycan bu gün artıq öz su mənbələrinə tam sahibdir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, burada mövcud olan su resursları ölkənin ümumi su resurslarının 25 faizini təşkil edir. Bu böyük su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər.Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində qeyd etdiyi kimi; "Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik".

Saleh Məhərrəmov

AP Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər