Siyasət

  • 1 059

Ölkələrimiz arasında münasibətlərin bugünkü reallıqları

image

Müşahidələr və təhlillər göstərir ki son illər Rusiya-Azərbaycan münasibətləri müsbət dinamika üzərində inkişaf etməkdədir. Bu tendensiya həm siyasi, həm də iqtisadi sahədə özünü aydın şəkildə büruzə verir.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya paytaxtında Prezident Vladimir Putinlə görüşünün məzmunu və Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirakı iki dövlət arasındakı mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq niyyətinin təzahürüdür. Bu, həm də yaxın keçmişdəki birgə tariximizin uğurlu səhifələrinin yad edilməsi üçün bir vasitə oldu. Tədbirdə XX əsrin tikintisi sayılan BAM-nın ərsəyə gəlməsində o dövrdə SSRİ-nin ali rəhbərliyində təmsil olunan Heydər Əliyevin müstəsna rolunun qeyd olunması Ulu Öndərin xatirəsinə dərin ehtiramın ifadəsidir. Bildiyiniz kimi, həmin illər Sovet İttifaqının ən mühüm və çətin layihələrə rəhbərliyin bilavasitə Heydər Əliyevə həvalə olunması onun heyrətamiz liderlik, idarəçilik və təşkilatçılıq qabiliyyətinə inamdan irəli gəlirdi. Ötən il “Heydər Əliyev ili”nin bütün Rusiya ərazisində təntənəli şəkildə qeyd edilməsi Moskvanın və rus xalqının Ulu Öndərin şəxsiyyətinə verilən dəyərin daha bir ölçüsüdür.
Əlbəttə, Heydər Əliyevin Kremldəki titanik fəaliyyəti bu gün Sovetlər Birliyinin varisi sayılan Rusiya ilə Azərbaycan arasında münasibətlərin istiqamətini müəyyənləşdirən siyasi bazadır. BAM-nın 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə dövlətimizin başçısı bu reallığı belə ifadə edib: “Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib”.
Tarixdən bəllidir ki, ötən əsrin sonlarında Sovet İttifaqının süqutundan sonra yenidən müstəqillik əldə etmiş bu iki dövlət arasındakı münasibətlər mənfi meyllərlə müşayiət olunurdu. Belə vəziyyət həm Rusiyada, həm də Azərbaycanda xalq azadlıq hərəkatının dalğası üzərində hakimiyyətə gəlmiş rəhbərlərin – SSRİ prezidenti Qorbaçovun bütövlükdə sovet xalqına xəyanətindən, Rusiya prezidenti Yeltsinin dünya siyasətinə yanlış baxışından və Azərbaycan prezidenti Əbülfəz Əliyevin səhv diplomatik addımlarından və qonşuluq münasibətlərinə səriştəsiz yanaşmasından qaynaqlanırdı.
Ölkələrimiz arasındakı münasibətlərdə əsaslı dönüş isə məhz Heydər Əliyevin və Vladimir Putinin ali rəhbərliyə gəlişindən sonra - 2000-ci illərin əvvəllərindən başlayaraq formalaşmağa başlayıb. Və cənab İlham Əliyevin prezidentliyi dönəmində bu münasibətlərin 2022-ci ildə müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə qədər qalxmasına yol açılıb. Burada da dövlət başçılarının birgə müdrik diplomatik gedişləri həlledici rol oynayıb. Heç kimə sirr deyil ki, Azərbaycanın real müstəqilliyinin təmin ediməsi, ərazi bütövlüyünün və bütün ölkə ərazisində konstitusiya quruluşunun etibarlı şəkildə bərpası digər amillərlə yanaşı beynəlxalq güclərlə, qonşu dövlətlərlə, o cümlədən dünyanın fövqəldövlətlərindən biri olan və Cənubi Qafqazda ən böyük təsir imkanlarına malik qonşu Rusiya ilə münasibətlərin lazımi istiqamətdə tənzimlənməsi ilə bilavasitə əlaqədardır. Təkcə onu qeyd etmək kifayətdir ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfəri rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli bəyanat məhz Moskvanın vasitəçiliyi ilə imzalanmışdı. Bu gün iki ölkə arasında ticarət dövriyyəsi artıq 4 milyard ABŞ dolları səviyyəsindədir və bu inkişaf tendensiyası böyük perspektivlər üçün yeni imkanlar açır. Azərbaycan və Rusiya böyük nəqliyyat layihələri həyata keçirir, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox sahələrdə fəal əməkdaşlıq aparırlar. Ölkələrimiz bir çox beynəlxalq təşkilatların işində, o cümlədən parlament ölçüsündə birgə məhsuldar fəaliyyət nümayiş etdirirlər.
Cənab İlham Əliyevin “Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qardaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır” ifadəsi ölkələrimiz arasında münasibətlərin bugünkü reallıqlar prizmasından yüksək qiymətə layiq olduğunu bir daha təsdiq edir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər