Siyasət

  • 1 250

Azərbaycan - Qırğızıstan: Yüksələn strateji tərəfdaşlığı TƏHLİL

image

Prezident İlham Əliyev: "Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın bir mənalı olaraq açıq dəstək verməsi də məhz bu məntiqə əsaslanır.

"QIRĞIZISTAN PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ İKİ ÖLKƏ ARASINDA DOSTLUQ VƏ QARDAŞLIQ MÜNASİBƏTLƏRİNİN MÖHKƏMLƏNMƏSİ İŞİNƏ TÖHFƏ VERƏCƏK"

Hər iki dövlətin prezidentlərinin rəsmi səfərləri və səfər çərivəsində müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması əlaqələrin müsbət dinamika ilə inkişafına təkandır. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" və s. daxil olmaqla, müxtəlif sahələri əhadə edən sənədlər imzalanıb. İmzalanan sənədlərdən sırasında olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrin təməlini möhkəmlənməsində müstəsnadır.
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini göstərəcəkdir. "Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında bildirib. İkitərəfli sənədlərin imzalanmasının önəmini qeyd edən dövlət başçısı vurğulayıb ki, bu sənədlər bir çox halda ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. "Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Sadır Nurqujoyeviçlə imzaladığımız birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm", - deyə Prezident İlham Əliyev əlavə edib. Bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir.

"QIRĞIZ RESPUBLİKASI İLƏ DƏ ƏMƏKDAŞLIQ XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR"

Cənab Prezident onu da bildirib ki, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir. Bu gün Mərkəzi Asiya regionunun, Azərbaycanın yerləşdiyi Xəzər regionunun və Cənubi Qafqazın çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısı xüsusən enerji, nəqliyyat və ticarət sahələrində böyük potensialın olduğunu bildirib. "Ən önəmlisi, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Vurğulamaq yerinə düşər ki, Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və "Manas" eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.

DOSTLUQ VƏ QARDAŞLIĞIN İFADƏSİ – İMZALANAN 18 SƏNƏD

Səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri müzakirə edilib. İnvestisiya sahəsində əməkdaşlığın perspektiv məsələləri – müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb. "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı"nı və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi"ni imzalayıblar.
Daha sonra "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı", "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş" və s sənədlər imzalanıb. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalanıb.
Dostluğumuzun və qardaşlığlmızın ifadəsi olan bu səfər çərçivəsində bir sıra çox mühüm sənədlər, eləcə də yüksək strateji tərəfdaşlıq sənədi imzalanmışdı. Bununla bərabər bir sıra çox digər önəmli sənədləri də imzalanmışdır. Səfər çərçivəsində imzalanmış bu sənədlər ölkələrimizin gələcək əlaqələrini dövlət rəhbərlərinin siyasi iradəsi ilə daha da intensivləşdirəcəkdir və buna tam hüquqi zəmin yaratmış olacaqdır. İmzalanmış yüksək strateji tərəfdaşlıq sənədi ölkələrimizin münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdıracaq, desək fikrimizdə yanılmarıq.

"NİZAMNAMƏ FONDUNU 4 DƏFƏ - 25 MİLYONDAN 100 MİLYON DOLLARADƏK ARTIRDIQ"

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyasının mövcud olduğunu bildirən Cənab Prezident vurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik: "Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur". Dövlət başçısının sözlərinə görə, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb. "Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib", - deyən dövlət başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.

"QIRĞIZISTAN ÖZ VƏSAİTİ HESABINA AĞDAM RAYONUNDA ORTA MƏKTƏBİN TİKİNTİSİNİ HƏYATA KEÇİRƏCƏK"

44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq quruculuq işlərinə qardaş dost ölkələri də öz töhfələrini verirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib: "Mən Sadır Nurqojoyeviçə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq və məktəbin təməlinin qoyulması mərasimində iştirak edəcəyik. Belə qardaş dəstəyinə görə minnətdarıq, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir". Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir.
Bu səfər iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük töhfə olacaq, Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır. Məhdud formatda görüşdə əməkdaşlığın bir çox mühüm məsələləri müzakirə olunub.
Qeyd edək ki, Qırğızıstan və Azərbaycan daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa və ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsində siyasi iradə nümayiş etdirir. İkitərəfli Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişaf dinamikası müxtəlif sahələri əhatə edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə və siyasi münasibətlərin gücləndirilməsinə öz töhfəsini verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər