Siyasət

  • 798

Doğma yurda Böyük Qayıdış TƏHLİL

image

Prezident İlham Əliyev: "Bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər"

Bugünkü Azərbaycan reallıqları deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf 20 illik tariximizi xarakterizə edən əsas amillərdir. Əlbəttə ki, güclü dövlət və güclü Liderlik bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Xalq-iqtidar birliyi, ordu quruculuğu burada önəmli faktor olduğunu qeyd etməliyik. Zəfər qazanmış Azərbaycanı daha uğurlu gələcək gözləyir. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Regionda yaranmış yeni geosiyasi vəziyyət region dövlətlərlə yanaşı, Avrasiya məkanında sülh və inkişafa yol açır. Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisə kimi əhəmiyyətə malikdir. Bu, türk dünyasını, Avropanı, eləcə də qonşu dövlətləri birləşdirəcək layihədir.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi yüksək imicə sahibdir. Bu gün Azərbaycan işğaldan azad olunan ərazilərimizdə Böyük Qayıdışı uğurla reallaşdırır.

"BÜTÜN BİNALAR SÖKÜLÜB, DİNİ ABİDƏLƏRİMİZ SÖKÜLÜB, HƏR ŞEY TALAN EDİLİB"

Həmin ərazilərdə abadlıq-quruculuq işləri vüsət alıb. Azad olunan ərazilər sırasında Füzulimizdə vardı. Füzuli şəhəri düşmənin tapdağından azad edildi. "Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir", – deyə Azərbaycan Prezidenti bildirmişdir.
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı erməni işğalından azad olunan və Azərbaycan dövləti tərəfindən yenidən qurulan Füzuli şəhərinə çatıb.

FÜZULİ ŞƏHƏRİNDƏ 744 AİLƏNİN, YƏNİ 2839 NƏFƏRİN MƏSKUNLAŞMASI TƏMİN EDİLİB

Daha 39 ailə olmaqla, 150 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Bakı şəhərindən 32 (122 nəfər), Sumqayıt şəhərindən 5 (22 nəfər), Şirvan şəhərindən 1 (3 nəfər), Füzuli rayonundan 1 ailə (3 nəfər) olmaqla yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət olub. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 37 ailə Qaradağ rayonunun "Qobu Park-3" köçkün şəhərciyindən, Şirvan şəhəri və Füzuli rayonundan olan 2 ailə isə məskunlaşdıqları ərazidən yola salınıblar.
Füzuli şəhərinə çatan ailələr doğma yurda qovuşmağın sevincini yaşayıblar. Bununla da Füzuli şəhərində 744 ailənin, yəni 2839 nəfərin məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Füzuli qaynar dövrünü yaşayır. Böyük Qayıdış çərçivəsində əzəli sakinlər doğma yurduna qayıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

DÖVLƏT QAYĞISI İLƏ ƏHATƏ OLUNAN FÜZULİLİLƏR

Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Füzuli abadlaşır və yenidən qurulur. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Füzuli Beynəlxalq Hava Limanında istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşmasından xəbər verir. Füzuli şəhərində dövlət başçısı tərəfindən üçüncü yaşayış kompleksinin təməlinin qoyulub. Üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. Füzuli şəhərinə dövlət başçısını məlum səfəri çərçivəsində inzibati binanın da təməli qoyulub. İnzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb.

ZƏNGİLAN, CƏBRAYIL VƏ QUBADLI RAYONLARINDA 24 KƏND, 5 QƏSƏBƏ VƏ 3 ŞƏHƏRİN İNŞASI PLANLAŞDIRILIR

Müvafiq Dövlət Proqramına əsasən 2022-2026-cı illərdə Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük bir kompleks artıq tikilir və 2 aydan sonra onun bir hissəsi təhvil veriləcək. Həmin bu kompleksə Cəbrayıl şəhərinin sakinləri qayıdacaqlar. Cəbrayıl rayonundakı kompleksə 712 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Zəngilanda da böyük abadlıq-quruculuq işləri görülür. 13 binadan ibarət bir kompleks tikilir və sakinlərin 2024-2026-cı illərdə ora köçürülməsi planlaşdırılır. Rayonun Cahangirbəyli kəndində də hazırda tikinti işləri həyata keçirilir. Həmçinin 2024-2026-cı illərdə Cəbrayıl rayonunun Xorovlu qəsəbəsinə, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikintilər başlanılıb və həmin bu kəndlərə də köç nəzərdə tutulur.
"2022-2026-cı illər üzrə Dövlət proqramı"na əsasən Cəbrayıl, Qubadlı və Zəngilana 40 min nəfər köçəcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilər yaşıl zona elan edilib və bunun sayəsində bütün inzibati binalarda, qeyri-yaşayış sahələrinin üstündə günəş panelləri istifadə olunur. Bundan əlavə, Zəngilan rayonunun özündə 4 kiçik su elektrik stansiyası artıq fəaliyyət göstərir.
"BİZİM BUNA GÜCÜMÜZ ÇATIR, İRADƏMİZ VAR"
Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. "Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər