Siyasət

  • 609

Azərbaycan–Rusiya münasibətlərinin sürətli inkişafı - ŞƏRH

image

Tarixən dostluq münasibətlərimiz olan xalqlarımız arasındakı münasibətlər dövlətlərimiz arasında olan səmimi əlaqələrin hesabına daha da inkişaf edib. Məhz SSRİ süquta uğradıqdan sonra ilk dəfə olaraq Azərbaycan və Rusiyanın münasibətləri bu qədər sıxlaşaraq, dərinləşmişdir. Belə olan halda əməkdaşlığın gələcək inkişafının əsas kontorları müəyyən edilir və inkişafa yönümlü addımlar atılır.

Azərbaycan-Rusiya əlaqələrinin tarixinə kiçik bir ekskursiya edilsə sezilər ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın Ümummillli Lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu.

Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki ölkə arasında münasibətlər qurulmasının vacibliyini belə şərh etmişdi: “Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır”.

Azərbaycan-Rusiya münasibətlərində Ulu Öndər Heydər Əliyevin gərgin əməyi var. Məhz, Ümummilli Liderin xeyirxahlıq və məqsədyönlü addımlarının nəticəsində Baykal-Amur yolunun əsası qoyulmuş və bu vacib dəmiryolu xətti çəkilmişdir. Ümumittifaq tikintisi adlandırılmış bu meqa layihənin reallaşmasına xüsusi töhfə verən Heydər Əliyevin əziz xatirəsi bu gün də böyük hörmət və ehtiramla yad edilir. Nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Dünyanın ən uzun dəmir yolu xətlərindən biri olan bu dəmiryolu xətti, işin böyüklüyünə və əhatə etdiyi ərazinin genişliyinə görə Rusiyada “Əsrin layihəsi” adlandırırdılar. Məhz Ulu Öndərin həyata keçirdiyi bu layihələrə və göstərdiyi xidmətlərə görə keçən il Heydər Əliyevin 100 illik yubileyi ölkəmizlə bərabər Rusiyada da böyük təntənə ilə qeyd olundu. Rusiya-Azərbaycan əməkdaşlığının uğurlu istiqaməti sənaye əməkdaşlığıdır.

Rusiya və Azərbaycan gömrük xidmətləri arasında gömrük əməliyyatlarının sürətləndirilməsinə yönəlmiş konstruktiv qarşılıqlı əlaqə qurulub. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb. Bundan sonra da ölkələrimiz arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.

2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirlərinin ardından ölkəmiz regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib, respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır, eyni zamanda, əməkdaşlıqların mahiyyəti və xarakteri dəyişir, keyfiyyət etibarı ilə yenilənir. Bu mənada, Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur.Regionlararası əməkdaşlıq məsələsi ikitərəfli əlaqələrdə xüsusi yer tutur.

İki dövlət arasındakı münasibətlər yalnız siyasi-iqtisadi müstəvidə məhdudlaşmır. Vurğulanmalıdır ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələr də daima yüksək olub. Ölkəmizdə rus dilinə göstərilən qayğı, Bakıda Slavyan Universitetinin fəaliyyəti, o cümlədən ölkəmizdəki rus icmasına göstərilən diqqət hər zaman Rusiya dövlətinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Bununla yanaşı, qarşılıqlı şəkildə iki ölkənin gənclərinin Rusiyada və Azərbaycanda təhsil almaları üçün yaradılan şərait dövlətlərarası münasibətlərdə ən mühüm prioritetlərdən sayılıb. Bunun nəticəsidir ki, 15 mindən çox Azərbaycan vətəndaşı Rusiyanın aliməktəblərində təhsil alır.

Təsadüfi deyil ki, iki dövlətin prezidentləri arasında keçirilən görüşdə də humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edilib.

Fəxrəddin Vəliyev,

YAP Şəmkir rayon Təşkilatının sədri

Digər xəbərlər