Siyasət

  • 782

Azərbaycan çoxtərəfliliyə sadiqdir

image

Azərbaycanın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunması xarici siyasət uğurlarımızın əsas tərkib hissəsidir. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatsa da müzakirə edilən məsələlər, səsləndirilən çağırışlar, ümidlər ölkə və dünya mətbuatında geniş şərh olunur, Azərbaycanın artan nüfuzu təqdir edilir. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldı. 100-dən çox ölkədən 700 qonaq iştirak etdi.

Tədbirdə COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparıldı, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim təhlükəsizliyi problemlərinə diqqət yönəldildi.
Bu mühüm məqam xüsusi qeyd edildi ki, 2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. Bütün çağırışlar qarşısında bir araya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir fürsətimiz var. Bu, “Bakı Prosesi”nin özəyidir. Azərbaycanda Şərq ilə Qərb, ənənə ilə müasirlik qovuşur. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Bakı Prosesi”nin hissəsi olaraq mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq platforma yaradır. O da vurğulandı ki, bu yola birgə çıxaraq qarşımızdakı fürsətdən yararlanaq, birləşək, müxtəlifliyi bayram edək! Sülh, qarşılıqlı hörmət və anlaşma dünyasının yaradılmasına ümumi səylər, baxışlar və biliklər ilə töhfə verək.
Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında diqqəti hazırkı dövrün əsas çağırışlarına yönəldərək bildirdi ki, gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın öz təcrübəsi var. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar bir çox əsrlərdən gələn nemətdir. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Cənab İlham Əliyev bildirdi: “Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik.”
Azərbaycanın sülh quruculuğu prosesində təcrübəsindən bəhs edən cənab İlham Əliyev bildirdi ki, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə səy göstərdi. Lakin mümkün olmadı. Ermənistan BMT qətnamələrinin icrasına məhəl qoymadı, konstruktiv yanaşma göstərmədi. Biz sülhü müharibə vasitəsilə təmin etdik. İndi isə münaqişədən sonrakı mərhələdəyik: “Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Qeyd edirəm ki, bəzi ölkələr Ermənistana dəstək verirdi.”
Üç ildən artıqdır ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla gücünü, bütün imkanlarını nümayiş etdirdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu torpaqlarımız erməni vəhşiliklərinin təqdimatında mühüm rol oynayır. Azərbaycan ötən il ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yeni reallıqlar yaratdı. Ermənistana və ona havadarlıq edənlərə sübut olundu ki, ədalət və beynəlxalq hüquq mövcuddur və onların icrasına nail olmaq üçün səylər göstərmək, sonadək mübarizə aparmaq lazımdır. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bu gün dünyanın gələcəyinin Azərbaycanda müzakirə olunması məhz ölkəmizin xarici siyasətinin dəyişməz prinsiplərinə əsaslanır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Uğurlarımız, həmçinin möhkəm təmələ, düşünülmüş siyasətə, eyni zamanda, hər dövrün çağırışlarının düzgün dəyərləndirilərək reallıqda əksini tapmasına əsaslanır.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Digər xəbərlər