Siyasət

  • 558

Sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımlar atılır

image

Qlobal çağırışların həyata keçirilməsi birgə səylərin göstərilməsini bir tələb kimi qarşıya qoyur. Azərbaycanın bu çağırışların reallıqda öz əksini tapması üçün göstərdiyi səylər daim beynəlxalq səviyyədə təqdir edilir. Mayın 1-də keçirilən və üç gün davam edən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu kimi məqamlara bir daha işıq saldı.

ABŞ-ın Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem qeyd etdi ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanı narahat edən mühüm mövzuların müzakirəsinə yaratdığı şəraitə və dəstəyə görə Azərbaycana təşəkkürümü bildirirəm: “2011-ci ildə Forum yarandıqdan sonra verdiyi güclü dəstəyə görə Prezident Əliyevə ən dərin təşəkkürümüzü və səmimi təbriklərimizi çatdırıram. Cənab Prezident və dəyərli tərəfdaşlarımız, Sizin işə sadiqliyiniz və rəhbərliyiniz bu mühüm toplantının uğurunda və onun təsirində həlledici olmuşdur.” Alpaslan Özerdem Forumun açılışında isə belə bir əminliyi ifadə etdi ki, Bakıda toplaşdığımız zaman biz sərhədləri aşan, məfkurələri keçən dərin çağırışlarla və fürsətlərlə səciyyələnən qlobal durumun şahidiyik. Bəşəriyyət iqlim dəyişmələri, pandemiya, terrorçuluq, kiber təhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə üzləşir. Əlbəttə ki, biz münaqişələri həll etməli və sülhü qurmalıyıq. 2011-ci ildə başladıqdan sonra məhz “Bakı Prosesi” bu məqsədi vacib tutub. Bu gün “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Forumda əməkdaşlıq formalarını, rəhbərlik üsullarını müzakirə edəcəyik.
Forumun gündəliyi zənginliyi ilə diqqətdə oldu. Cənab İlham Əliyev tədbirdəki çıxışında Forumun əsas müzakirə məsələlərinə diqqəti yönəldərək Azərbaycanın öz təcrübəsi olduğunu bildirdi. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.
Prezident İlham Əliyev, eyni zamanda, qeyd etdi ki, müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq, ancaq bu vəziyyətdən çıxa bildik. Azərbaycanı parçalamaq cəhdləri var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi.
Forumda təhlükəsiz gələcəyin təmin edilməsi üçün zəruri olan addımlardan geniş bəhs edildi və səylərin birləşdirilməsinə çağırışlar olundu. BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının dünya siyasətində rolunu nəzərə alsaq Azərbaycanın təşəbbüslərinin, ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin beynəlxalq nüfuzunun artmasında stimulverici amil olduğunu böyük inamla qeyd edə bilərik. Azərbaycanın həm Qoşulmama Hərəkatının, həm də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq nüfuzunun artmasında rolu təqdir edildi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində inkişafı gələcəkdə də davam edəcək: “Çünki hazırda dünyaya nə lazımdır, bəzi böyük ölkələr bu və ya digər qütbə aid deyil, onların öz hüquqları və öz maraqları var. Onların bəzilərinin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Buna görə də həmin Hərəkatda bizim sədrliyimiz məhz bu məqsədi güdürdü və biz daha çevik, daha fəal olmağa çalışdıq. İstədik Hərəkat daha təsirli olsun.”
COP29 müzakirə edilən məsələlər sırasında xüsusi yer tutdu. Bu tədbirin timsalında Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu görmək mümkündür. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük: “Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik. Hazırda biz qeyd edirik ki, əvvəlki sədrliyimiz zamanı olduğu kimi körpülər salmağa çalışacağıq.”
Forum ölkəmizin digər məsələlərin həllində də real addımlarına işıq saldı. Cənab İlham Əliyev bu platformadan dünyaya həqiqətlərimizi çatdıraraq bir daha bildirdi ki, uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. O cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi. Hazırda müharibədən sonrakı mərhələdəyik. Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımlar atılır. İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Cənab İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Digər xəbərlər