Siyasət

  • 850

Azərbaycan neokolonializmə yox deyir

image

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Məlum olduğu kimi, bu Forum 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlanmış “Bakı Prosesi”nin törəməsi kimi yaranıb. 2019-cu ildən başlayaraq COVİD pandemiyası ilə əlaqədar Forumun keçirilməsində bir neçə il ərzində fasilələr oldu. Lakin indi, Azərbaycanda COP29-a hazırlıq işlərinin dinamik şəkildə davam etdiyi bir vaxtda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da fəaliyyəti bərpa olundu. Əlbəttə ki, bu, qlobal əhəmiyyət kəsb edən hadisədir. Beynəlxalq tədbirin iştirakçıları dünyanın 110 ölkəsini təmsil edirlər. Bu da Forumun qlobal məsələlərin müzakirəsi üçün dünyanın ən müxtəlif sahələrdə aparıcı rəhbərlərini bir araya toplayan mühüm platformaya çevrildiyini bir daha sübut edir.

Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev təkcə tədbir iştirakçılarını deyil, həm də bütün dünya ictimaiyyətini maraqlandıran bir çox mühüm məsələlər barədə son dərəcə önəmli fikirlər səsləndirdi. İlk növbədə qeyd olundu ki, həmin məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycanda hər zaman ən mühüm dəyərlər - tolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi dəyərlər qorunub. Bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ də məhz bunlardan ibarətdir. Dövlət başçısı öz nitqində məhz bu məqamı xüsusilə diqqət mərkəzinə çəkərək bildirdi ki, Azərbaycanda bütün insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Xalqımız, Azərbaycan cəmiyyəti bu dəyərləri əsrlər boyu, hətta ən keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr dövründə də qoruyub saxlaya bilib. Ölkəmizin təcrübəsini bir nümunə olaraq təqdim edən Prezident bildirdi ki, bu yolla hər bir ölkə uğur qazana bilər.
Dövlət başçısı daha sonra Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik təcrübəsindən bəhs edərək əmin olduğunu bildirdi ki, Hərəkatın təsisatlanması istiqamətində inkişafı gələcəkdə də davam edəcək. Çünki bu təşkilata üzv olan dövlətlərdən bəzilərinin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Eləcə də, COVID vaxtlarında Azərbaycan, həmçinin Qoşulmama Hərəkatının platformasından istifadə edərək həmin faciəvi xəstəliyin fəsadlarını fəal müzakirələrə çıxarırdı. Çünki pandemiya bütün ölkələrə təsir göstərdi. Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı və ucaltdı.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın hər zaman təşviq etdiyi daha bir məsələ də yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə oldu. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirərək ədalət naminə danışır, beynəlxalq hüquq naminə çalışırdı. Hər dəfə olduğu kimi, dövlət başçımız bu çıxışında da siyasi iradəsini və qətiyyətini nümayiş etdirərək birmənalı şəkildə bildirdi ki, Azərbaycan XXI əsrdə bəzi Avropa ölkələri tərəfindən digər xalqlara qarşı müstəmləkə kimi yanaşmanın sərgilənməsinə qətiyyən biganə qala bilməz. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Dövlətimiz hər zaman öz hüquqlarını müdafiə etmək, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyən ölkələrin və xalqların yanında olacaq.

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri

Digər xəbərlər