Siyasət

  • 869

HEYDƏR ƏLİYEV və Naxçıvan -TƏHLİL

image

Prezident cənab İlham Əliyev: “Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülmüşdür. 1990-cı illərin əvvəllərində – Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilmişdir. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar”.

Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onun müstəqilliyinə qovuşmasına töhfə vermiş qüdrətli şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin həyatı kitablara sığmayacaq qədər dərin və mənalıdır. Bu xalqın həyatında, müstəqilliyinə qovuşmasında, inkişaf və tərəqqisində, milli dəyərlərinin formalaşmasında, tarixinin, mədəniyyətinin qorunub yaşadılmasında və günlərlə saya biləcəyimiz digər məsələlərdə Ulu Öndərin rolu əvəzsizdir.

Onun həyat və fəaliyyətinin Azərbaycan tarixinin ayrıca bir mərhələsini təşkil edən Naxçıvan dövrü isə daha diqqətçəkəndir. Çünki bu mərhələ ümumilikdə Azərbaycan xalqının taleyinin dəyişməsinə xidmət edən bir mərhələ olmuşdur.

90-cı illərin Naxçıvanı

1990-cı ilin yanvar ayında Azərbaycanın ayrı-ayrı rayonlarının, eləcə də Naxçıvanın sərhədlərində ermənilər tərəfindən münaqişələr törədilirdi. Yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki kəndi işğal olunmuşdu. Ermənilərin Sədərək istiqamətində mütəmadi hücumları başlamışdı və vəziyyət gündən-günə gərginləşirdi. Yanvarın 20-də Bakıda törədilən faciə ilə Naxçıvanın sərhədlərində başlanan münaqişələrin üst-üstə düşməsi isə ermənilərin havadarlarının əvvəlcədən hazırladığı böyük plan üzrə cərəyan edirdi. Belə ki, burada məqsəd diqqətin Bakı hadisələrinə yönəlməsi fonunda Naxçıvanın əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şəraitin yaradılması idi. Digər tərəfdən isə Naxçıvanı ölkənin paytaxtı ilə birləşdirən yollarda da ermənilər tərəfindən münaqişə törədilir, Bakı-Naxçıvan qatarları dayandırılır, günlərlə işləmir, maşinistlətə qarşı vəhşiliklər edilirdi. Naxçıvan blokada vəziyyətinə salınırdı. Bütün bu əməllərin arxasında kimin olduğu, kimin planı və gücü ilə həyata keçirilməsi 20 Yanvar hadisələrindən sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndərə gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...”

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsi Azərbaycanı çox yaxşı bələd olduğu ittifaqın caynağından qoparmaq üçün yolun başlanğıcı idi. Naxçıvanda yaşadığı halda Azərbaycanı idarə etmək qabiliyyətinin, xalqın müstəqillik arzusunu reallaşdırmaq bacarığının, tarixi sənədlərin qəbulu və həyata keçirilməsi əzminin nümayişi idi. Bu seçim eyni zamanda Azərbaycanın qədim diyarı Naxçıvanın erməni təcavüzündən, onun düşmən əlinə keçmək təhlükəsindən xilası idi.

Təbii ki, bütün bu hadisələrin fonunda Ulu Öndərin yaşadığı, rəhbərlik etdiyi Naxçıvanda SSRİ-nin saxlanılmasına dair referendum keçirilə bilməzdi. Beləliklə də referendum Naxçıvanda boykot edildi. Bu barədə Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına münasibətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 26 oktyabr 1991-ci il tarixli bəyanatında deyilir: “Naxçıvan Muxtar Respublikasının demokratik qüvvələri son üç ildə Azərbaycan Respublikasının milli azadlığı, müstəqilliyi uğrunda fəal mübarizə aparıb, bu yolda qurbanlar verib və 18 oktyabr 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını bütün Azərbaycan demokratik qüvvələrinin böyük qələbəsi kimi qiymətləndirir. 17 mart 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının saxlanılması haqqında referendumda Naxçıvan Muxtar Respublikası əhalisinin iştirak etməməsi məhz muxtar respublika demokratik qüvvələrinin Azərbaycanın milli azadlıq, istiqlaliyyəti uğrunda apardığı mübarizə ilə əlaqədardır.

Razılıq hissi ilə bildiririk ki, nəhayət, Azərbaycan Respublikası ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır...

Bundan sonra Azərbaycan Respublikasının Sovet İttifaqının hakimiyyət orqanlarında iştirak etməsi yolverilməzdir. Azərbaycanın dövlət müstəqilliyini tam reallığa çevirmək üçün ümumi xalq səsverməsinin keçirilməsi vacibdir və məqsədəmüvafiq olardı. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”.

Dövlətimizin başçısı bu məsələyə münasibət bildirərkən tarixi fakta əsaslanaraq demişdir: “... Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?.. Mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.

Müstəqilliyimizin taleyini dəyişən Qayıdış

Böyük çətinliklə əldə olunan müstəqil dövlətimizin təməli Ulu Öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, müstəqilliyimiz əbədilik qazandı. Böyük Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mücadilə və mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdiklərimiz canlandıqca düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonrakı dövrə nəzər salarkən ona uzanan əlləri, gözü götürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlirsən ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.

Məlumdur ki, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, Ümummilli Lider Heydər Əliyev o zaman Naxçıvana qayıtmasaydı və Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətimizin taleyinə bənzəyəcəkdi.

“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!”,- deyən Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi.

Bu gün müstəqil Azərbaycan etibarlı əllərdədir. 1990-cı illərdə səriştəsiz dövlət rəhbərləri tərəfindən ermənilərə satılan torpaqlarımız fəaliyyətində daim Heydər Əliyev siyasətinə, ideologiyasına əsaslanan dövlət başçımızın rəhbərliyi ilə şücaətli Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərimizin ən böyük arzusunun reallaşması idi. Əgər müstəqilliyimizin əldə olunması, daimilik qazanması üçün Ulu Öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü hər bir vətəndaş üçün əzizidir. O mənada ki, xalq çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır.

Milli ordu quruculuğunun əsası Naxçıvanda qoyulub

Zəfər qazanmış ölkə olaraq bu gündən dünənə nəzər salsaq görərik ki, 90-cı illərin əvvəllərində ordumuz yox dərəcəsində idi. Yəni ordu quruculuğu işini həmin dövrdə gündəmə gətirən də yox idi. Çünki ovaxtkı dövlət rəhbərlərinin başı öz vəzifə kürsülərini qoruyub saxlamağa qarışmışdı. Onlar ordu barədə nə üçün düşünməli idilər ki? Öz əlləri ilə düşmənə satdıqları torpaqları qorumaq üçünmü? İki hal bir-biri ilə ziddiyyət təşkil etdiyinə görə bu barədə danışmağa da əsla dəyməz.

Lakin həmin dövrdə Naxçıvanda yaşayan və fəaliyyət göstərən dahi şəxsiyyət Heydər Əliyev üçrəngli dövlət bayrağımızın qaldırılması, dövlət rəmzlərimizin tanınması kimi, artıq orada ordu quruculuğuna da başlamışdı. Azərbaycan Milli Ordusunun təməli Ulu Öndər tərəfindən qoyulmuşdu. Sonrakı illərdə isə bu, daha da şaxələndirildi və bu sahədə həyata keçirilən bir-birindən əhəmiyyətli işlər bugünkü güclü ordumuzun yaradılması ilə nəticələndi.

Bu barədə dövlətimizin başçısı deyir: Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir.

Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi

Bəli, bütün həyatını, sağlamlığını xalqının xoşbəxtliyinə, müstəqilliyimizin əbədiliyinə, torpaqlarımızın azadlığına həsr edən böyük Heydər Əliyevin həyatı da, fəaliyyəti də bir fədakarlıq nümunəsi idi.

Yaxşı yadımdadır, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində torpaqlarımızı satanlar isti otaqlarında boş-boş işlərlə məşğul olduqları zaman Ulu Öndərimiz qazsız, işıqsız Naxçıvanda buz kimi evdə yaşayır, Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyətə malik olan sənədlərə qaranlıq, soyuq iş otağında çıraq işığında imza atırdı. Saatlarla o soyuq otaqda bu xalqın qurtuluşu üçün yollar axtarıb tapırdı.

Minilliklər boyu bir xalqın taleyində belə şəxsiyyətlər çox az halda olur. Biz çox xoşbəxt xalqıq ki, Ulu Öndər bizim tale payımız, alın yazımız olub. Biz bugünkü müasir, müstəqil Azərbaycan üçün Ulu Öndərimizə, onun ölməz ideyalarına borcluyuq. Dövlətimizin başçısının söylədiyi kimi: Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.

Mətanət Məmmədova

Digər xəbərlər