Siyasət

  • 1 057

"9 May Azərbaycan tarixinin bir hissəsidir" - RƏYLƏR

image

XX əsrdə İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı. 9 may 1945-ci ildə Ali Reyx rəhbərliyi Almaniyanın qəti şəkildə təslim olması ilə bağlı Aktı imzalamaqla bəşəriyyət tarixində ən qanlı müharibəyə son qoydu. Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Hər il 9 may – Faşizm Üzərində Qələbə Günü təntənəli surətdə qeyd olunur. 9 May qələbə günü necə qeyd olunmalıdır? SİA mövzu ilə bağlı hərbi ekspertlər Ədalət Verdiyev və Emin Həsənlinin fikirlərini öyrənib.Hərbi ekspert Ədalət Verdiyev: "9 May günü Böyük Vətən müharibəsində qələbə günüdür. Bu qələbə günü Azərbaycanda da haqlı olaraq qeyd olunur. Çünki bu qələbənin əldə olunmasında 600 min nəfər azərbaycanlı iştirak edib. 10 minlərlə azərbaycanlı qəhrəmanlıq və şücaət göstərib. Lakin hazırda bizim Vətən müharibəsində öz qələbə günümüz var. 8 Noyabrı biz hər il böyük coşqu ilə qeyd edirik. Hesab edirəm ki, 9 May da qeyd olunmalıdır. Amma 8 Noyabr qələbə gününün, təbii ki, hər evdə, hər ailədə, hər təşkilatda geniş şəkildə qeyd olunması doğru addımdır. Bu Vətən müharibəsindəki qələbə günü Azərbaycan yaşadıqca yaşayacaq"."Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli: "9 Mayla bağlı müxtəlif fikirlər var. Bir qisim deyir ki, bu Sovet dövrünün bayramıdır, bir qisim də deyir ki, biz 9 Mayı qeyd etməliyik. Böyük Vətən müharibəsində 700 minə qədər azərbaycanlı iştirak edib. Onlardan 300 mini həlak olub, işğala qarşı mübarizə aparıb. Azərbaycanlılar həm ön cəbhədə, həm də arxa cəbhədə fədakarlıq ediblər. Qələbənin həll edilməsində Bakı nefti əsas amil olub. Bunu o vaxt SSRİ rəhbərləri dəfələrlə çıxışlarında bildiriblər. Təyyarələrin 90%-i, texnikanın 70%-i Bakı nefti ilə işləyib.Azərbaycanlıların bir çoxu Sovet İttifaqı ordeni alıblar, orden, medallarla təltif olunublar. Berlinə qədər döyüşüblər. Bu, böyük qəhrəmanlıqdır. Təkcə Azərbaycanda yox, Rusiyanın tərkibində yaşayan azərbaycanlılar da bu müharibədə yaxından iştirak ediblər. Azərbaycanlıların ən böyük itki verdiyi müharibədir. İkinci dünya müharibəsi dünyanın miqyas, həm də itki baxımından ən böyük müharibəsi idi. Bu müharibə faşizmə, soyqırıma, Hitler Almaniyasına qarşı idi. Biz bunu unutmamalı və daim gündəmdə saxlamalıyıq. 9 May Azərbaycan tarixinin bir hissəsidir. Həmin gün faşizmə son qoyuldu, azərbaycanlıların böyük fədakarlıq etdiyi müharibə qələbə ilə sonlandı. Qəhrəmanlıq salnaməsinin çox böyük önəmi var. Biz bu günü unutmamalıyıq. İkinci dünya müharibəsi veteranları Azərbaycanın müstəqilliyi əldə olunduqdan sonra ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak ediblər. Ümummilli Lider Heydər Əliyev həm Sovet dövründə, həm də ondan sonra bu insanlara yüksək qiymət verib. Mehdi Hüseynzadə başda olmaqla haqlarının bərpa olunmasında iştirak edib onlara qayğı, diqqət göstərib. Onlar da Azərbaycanın proseslərində yaxından iştirak edərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Qarabağın azad olunmasında yaxından iştirak ediblər. Veteranların bir çoxunun fəaliyyəti ilə yaxından tanış olmuşam, onların ölkəmizə nə qədər bağlı olduğunu da bilirəm.Düzdür, müstəqil Azərbaycanın Vətən müharibəsi oldu. Xalq olaraq bu müharibədə qalib gəldik. 8 Noyabr Azərbaycanın zəfər günüdür. Bu bayramın əhəmiyyəti çox böyükdür. Bu bayram heç bir bayramla müqayisə edilməyəcək dərəcədə önəmlidir. Ancaq biz 9 May qələbə gününü də qeyd etməliyik".
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər