Siyasət

  • 1 975

Yevgeni Mixaylov: İrəvanın siyasəti göründüyündən də hiyləgərdir – MÜSAHİBƏ

image

“İndi o, “bir addım irəli, iki addım geri” prinsipi ilə fəaliyyət göstərir, amma Azərbaycanın Ermənistanla diplomatik qarşıdurmada qalib gəlməkdə davam etdiyi göz qabağındadır”

Cənubi Qafqaz Ölkələri üzrə Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov “Moskva-Baku” portalına müsahibəsində Ermənistanda müxalifətin İrəvanla Bakı arasında sülh prosesini pozmaq cəhdlərini, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşünü, eləcə də qarşıdan gələn hadisələri şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aprelin 19-dan Ermənistanda müxalifət Azərbaycanla sərhədin delimitasiyası prosesini pozmağa cəhdlər edir. Delimitasiyanın başladığı Tavuş vilayətində, eləcə də respublikanın digər bölgələrində vaxtaşırı etiraz aksiyaları keçirilir. Şənbə günü müxalifət Tavuşdan yürüşə başlayıb və sülh prosesini pozmağa cəhd etmək üçün mayın 9-da İrəvana gəlmək niyyətindədir. Bu nə dərəcədə ciddidir?

- Məncə, Ermənistan müxalifətinin sərhədin delimitasiyası və demarkasiyasını, sülh prosesini pozmaq cəhdləri heç bir nəticə verməyəcək. O, əhalini küçələrə çıxara bilmir.

Bəli, Ermənistanda revanşist əhval-ruhiyyə hələ də güclüdür. Amma bu cür radikal əhval-ruhiyyə ilə belə müxalifət, ümumilikdə, Nikol Paşinyanın hakimiyyətinin 6 ili ərzində heç vaxt onun devrilməsinə və ya elan etdiyi başqa məqsədlərə nail ola bilməyib. Bəli, bir neçə il əvvəl çoxsaylı mitinqlərin dövrləri olub. Amma onlar da heç nəyə nail olmadılar. Paşinyan olduğu kimi hakimiyyətdə də qalır. İnsanlar isə kütləvi şəkildə mitinqlərə çıxmağı dayandırdılar. Bunu müxalifətin özü də dəfələrlə etiraf edib.

İndi biz görürük ki, “Ermənistan” fraksiyasının müxalif deputatlarından, ayrı-ayrı müxalifət hərəkatlarının nümayəndələrindən ibarət çox da böyük olmayan bir qrup insan necə yürüş şəklində tamaşa təşkil edir. Bu dəfə müxalifət “etiraz yürüşünün” başına Tavuş arxiyepiskopunu qoyaraq, dindən alət kimi istifadə etmək qərarına gəldi. Yeni yaradılmış “qəhrəman” daha çox insanı cəlb etmək üçün artıq yürüşü az qala Xaç yürüşü ilə müqayisə edib. Müxalifətin siyasi strateqləri öz medialarını bu personajın fotoşəkilləri ilə doldurdular: o, əlini belə qaldırdı, “öz xalqına” belə səsləndi. Arxiyepiskopun özü bildirib ki, o, katalikosun xeyir-duası ilə yürüş təşkil edib və indi ucadan təxribatçı şüarlarla çıxış edir. Deyirlər ki, ermənilər ayağa qalxmalı, əraziləri təslim etmək damğasını götürməlidir. Onu özünü təmizləmə yolu adlandırır. Amma əslində bu, radikallıqdan başqa bir şey deyil.

Müxalifətin indi kilsə pərdəsi altında etməyə çalışdığı heç də Ermənistanın xeyrinə deyil, onun inkişaf etmək istəməyən, qonşuları ilə konstruktiv, faydalı qarşılıqlı münasibətlər qurmaq istəməyən işğalçı dövlət olaraq qalması ilə bağlıdır.

Xalq artıq həmin “Qarabağ klanı”nı qəbul etmir. Və Tavuşdan İrəvana gedən bu “yürüş” bir daha göstərəcək ki, xalq özünü çoxdan gözdən salan “Qarabağ klanı”nın təmsil etdiyi müxalifəti dəstəkləmir. Millətçilik ideyasına görə onlar Ermənistan xalqını çaşdırdılar və onilliklər ərzində qonşusu ilə qanlı münaqişəyə səbəb oldular. Bu müddət ərzində xalq müxalifətin əsl üzünü gördü və daha belə liderlərlə yaşamaq istəmir.

- Mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır. Danışıqlar neytral ərazidə və Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasının başlanması fonunda baş tutacaq. Almatı görüşünün perspektivləri necədir?

- Təəssüf ki, mən yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivlərinə şübhə ilə yanaşıram. Paşinyan çoxdan ölkəsi üçün yeni sülh və inkişaf səhifəsi açan lider kimi tarixə düşmək imkanı əldə edib. Amma təəssüf edirəm ki, biz Paşinyanın hakimiyyətdə olduğu 6 il ərzində bu ehtimaldan danışırıq. Baş nazir həqiqətən də bəzi dinc addımlar atır. Və bu yaxşıdır. Amma problem ondadır ki, bu oyunun bir hissəsidir. Paşinyan Ermənistanda hakimiyyətə xarici qüvvələr tərəfindən gətirilib. Onun Azərbaycanda etdiyi hər şey Zaqafqaziyada üçüncü qüvvələrin müəyyən oyunudur. İrəvan, tutaq ki, vaxtaşırı Azərbaycanı bu və ya digər sülhsevər addımlarla “rahatlaşdırmalıdır”. Paşinyan öz siyasəti çərçivəsində ordunu yenidən silahlandırmağa və öz ərazisinə NATO qüvvələrini gətirməyə nail olmalıdır. Onun hakimiyyətdə saxlanmasının əsas məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Əslində Azərbaycan Respublikasının Ermənistandan istədiyi hər şeyi İrəvan çoxdan etməli idi. Eynilə də delimitasiyanı.

Ona görə də məncə, biz yaxın vaxtlarda Bakı ilə İrəvan arasında sülh müqaviləsi görməyəcəyik. Çünki rəsmi İrəvanın siyasəti göründüyündən də hiyləgərdir. İndi o, bir addım irəli, iki addım geri prinsipi ilə fəaliyyət göstərir.

Yeni münaqişələrin ssenarisi mütləq mümkündür, çünki Ermənistanda Qərb qüvvələrinin mövcudluğu bəlli səbəbdən artır.

Ermənistandan səmimi sülh istəyi yoxdur. Deyilənlərin hamısı sadəcə taktikadır. Əbəs yerə deyil ki, biz Qərb platformalarında Ermənistanın hakimiyyət təmsilçilərindən Azərbaycanla bağlı tənqidləri, heç bir əsası olmayan tənqidləri eşitməkdə davam edirik.

Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən heç vaxt “zərər çəkməyib”. Üstəlik, bu gün onun zəif dövləti var. O, Rusiyanın simasında özünün təhlükəsizlik və iqtisadi tərəfdaşının qarantına xəyanət edir, eyni zamanda iki kresloda oturmağa davam edir- Aİİ-də qalmaqla bundan ciddi iqtisadi fayda əldə etmək və Qərbin maraqlarına xidmət etmək.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almatı görüşünə gəlincə, biz bu gün Ermənistan xarici işlər nazirindən eşitdik ki, o, azərbaycanlı həmkarı ilə uzun illər Zəngəzur dəhlizinin həyata keçirilməsinə mane olan nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə etməyi gözləyir.

Eyni zamanda, bu gün sülh prosesində hansısa mərhələləri nəzərdən keçirsək, Azərbaycanın Ermənistanla diplomatik qarşıdurmada qalib gəlməkdə davam etdiyi göz qabağındadır. Bakı delimitasiya prosesinin başlanmasına nail oldu; İlham Əliyev əla diplomatdır. Zaqafqaziyada bir çox addımlar Bakı ilə Moskvanın razılığı əsasında həyata keçirilir. Almatıda keçiriləcək görüş sülhə doğru daha bir addım olacaq. Ancaq mən ondan hər hansı xüsusi irəliləyiş gözləməzdim.

Əgər Ermənistan keçmiş mövzusunun sonsuz istismarından əl çəkib, indi və gələcəklə yaşamağa başlasaydı, ölkə inkişaf etməyə başlayardı. Bu yolu tutmaq və dövlətçiliyini tam itirməmək üçün Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Ermənistan rəhbərliyi arasında sağlam düşüncə və həqiqətən sülhsevər yanaşma üstünlük təşkil etsəydi, çox yaxşı olardı. Əminəm ki, Moskva və Bakı bundan sonra da bunu asanlaşdırmaq üçün mümkün olan hər şeyi edəcəklər.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər