Siyasət

  • 1 047

Böyük Qayıdış: yenidən qurulan ŞUŞAMIZ TƏHLİL

image

Prezident İlham Əliyev: "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu"

Bu gün Şuşa bu gün yeni bir dövrünə qədəm qoyub. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, müqəddəs şəhər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib. 28 ilə yaxın bir tarixdə erməni işğalında qalan Şuşamız azad olundu. Əsrlərdən səsi eşidilən, hər zaman toy-büsatlı olan Şuşamız tarixin dönəmlərində çox hücumlara məruz qalsa da, başını dik tutub, əyilməz, məğlubedilməz olub. Çox gözlər dikilib bu diyara. Hər daşında bir tarix yaşar, bir tarix danışılar. 28 il erməni işğalı altında qalan Şuşamız bu gün azad nəfəs alır. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi haqqında Sərəncamı bu şəhərin böyük mədəniyyət beşiyi olduğunu bir daha təsdiqlədi.
"Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşadan gələn səslərdə böyük bir dünyadan söz açılır. Kimlərin səsi, ünü gəlmir bu diyardan? Mir Möhsün Nəvvab, Baba bəy Şakir, İsgəndər bəy Rüstəmbəyov daha kimilər Şuşa bulağından su içib. Xüsusi olaraq qeyd edək ki. Şuşada təkcə XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qafqazda yeganə olan Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Belə bir əməl sahibi olmaq əlbəttə ki, onların iç dünyasından yağan bir ideologiyanı göstərir - faşist ideologiyasını. Belə vandallıq əməllərinin müəllifi olanlara nə ad vermək olar? Hərdən susursan da, söz tapa bilməyəndə. Üzeyirlər, Bülbüllər yetirən torpağın səsini-sədasını kömürmək qeyri-mükündür. Çünki hər daşının yaddaşı bizi qeybdən gələn səslərə yaxınlaşdırır. Tarixin dönəmlərində Şuşamızın hər yerindən xalq ruhunu əks etdirən musiqi sədaları eşidilib. Şuşada, Cıdır düzündə festivallar, tədbirlər keçirilib, xalqın ruhu, istəyi öz ifadəsini tapıb. Bu şəhərin Azərbaycan mədəniyyət tarixində özünəməxsus yeri və rolu var. Şuşanın yetirdiyi sənətkarların hər biri mədəniyyət tariximizdə dəsti-xətti ilə seçilib. Azərbaycan muğam sənətinin böyük ustadı, musiqimizin xanı, Xan Şuşinski kimi. Bu ecazkar səslər sırasında adını çəkə biləcəyimiz kifayət qədər tanımış sima var.

QALİB XALQIN BAYRAM BÜSATI

Fəsillərin hər birində özünəməxsus gözəlliyə qərq olan Şuşamız baharın göz oxşayan ətirli çiçəklərinin ahəngində musiqili dünyası ilə yenidən dünyanın müxtəlif yerlərindən qonağı olan insanlara isti nəfəsli qucağını açdı. Toy-büsatlı Qarabağımızın incisi "Xarıbülbül"ün sədası ilə dağları, daşları aşaraq, yenidən xoş ovqatını dünyaya yaydı. Xalqın milli və klassik musiqisi dağları-dərələri aşdı. Bundan qürurverici nə ola bilərdi? Vaqif Poeziya Günləri sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramına çevrildi. Bildiyimiz kimi, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdi. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak etdilər. Xoş əhvali-ruhiyyəli bu musiqi bayramı bir daha dünyanın nəzər nöqtəsində oldu. Bir daha sərgilədi ki, müharibəni qalibiyyətlə başa vuran bir xalqın beynəlxalq festivalları da möhtəşəm olur.

GERÇƏKLİYƏ ÇEVRİLƏN ARZULARIMIZ

Uzun illərdən sonra yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirilməsi bir daha dünyaya göstərdi ki, işğaldan azad olunan torpaqlarımız əzəli sakinlərini qoynuna alanda belə əzəmətli, möhtəşəm olur. Bu xalqın övladları kimi, onun gülü-çiçəyi də, atları da vəfalıdır. Artıq neçə ildir ki, Xarıbülbülümüzün ətri dünyaya öz ətrində yayılır. Bu qoxu ondan duyulan VƏTƏN qoxusudur. Şuşamızın qoxusudur. Bu ətri duya biləcək insanlar Vətən anlayışının nə demək olduğunu anlayanlardır. Hər bir azərbaycanlının qüruruna çevrilən "Xarıbülbül" Beynəlxalq musiqi festivalı! Musiqi beşiyi, musiqi məbədi olan Şuşada belə bir tədbirin keçirilməsi hər birimizin müqəddəs arzusu, istəyi idi ki, bu gerçəkliyə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq".
"Xarıbülbül" Beynəlxalq Festivalında Şuşanın qoynunda ifa olunan milli musiqimizin sədalarının Şuşa dağlarına yayılması əlbəttə ki, böyük bir sevgimizin izharıdır. Şuşada ilk dəfə "Natəvan" operasının təqdimi böyük bir məna kəsb etmiş oldu. Qarabağ xanının qızı, Azərbaycan şairi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olundu.

"VERİLƏN GÖSTƏRİŞLƏR YERİNƏ YETİRİLİR"

Bu gün Şuşada görülən işlərin miqyası çoxdur. Hər daşı, hər abidəsi yenidən qurulur. Zəfər qazanan xalq hər qarış torpağına, məhz ruhuna uyğun olaraq nəfəs verir. Axı bu günü illərdir ki, gözləyirdik. Gözləyirdik ki, bizim yolumuzu gözləyən torpaqlarımıza nəfəs qataq. Əlimizlə, zəhmətimizlə, səsimizlə, addımlarımızla. Bu gün bizlərə nəsib oldu. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərlərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir".
Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır. Bu gün Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri öz məkanlarında rahat nəfəs alır.

ŞUŞADA ABADLIQ-QURUCULUQ İŞLƏRİ

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksi açılıb. Qeyd edək ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən, Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Bütün bunlarla yanaşı, Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir. Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamız tarixi günlərini yaşayır. Bütün bu və ya digər tarix, mədəniyyət abidələrinin təmir və bərpası ilə yanaşı, dövlət başçısı tərəfindən Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməli qoyulub. Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq. Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Cənab Prezident çıxışlarını birində "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu", - deməklə bu tarixi şəhərin məğrurluğunu, müqəddəsliyini ifadə etmiş oldu.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər