Siyasət

  • 1 523

Azərbaycan - Slovakiya münasibətlərinin inkişafinda yeni perspektivlər TƏHLİL

image

Prezident İlham Əliyev: "Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq"

Müstəqil siyasət yürüdən Azərbaycanın regional, eləcə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri siyasi iradəsinin göstəricisidir. Azərbaycanın bir çox dünya dövlətləri ilə qurduğu münasibətlər qarşılıqlı etimada əsaslanır. Müasir dünyamızda bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır. Ötən illər ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir, Azərbaycan-Slovakiya münasibətləri əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri əlaqələrin dinamik inkişafına əsaslanır. "Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Robert Fitsonu Slovakiyanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə bir daha təbrik edən dövlətimizin başçısı bildirib ki, onun Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar atılmışdır. "Yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik", – deyə dövlətimizin başçısı vurğulayıb.

"BU MƏSƏLƏLƏRİN HƏLLİ BİZİM MÜNASİBƏTLƏRİMİZİ ÇOX YÜKSƏK SƏVİYYƏYƏ QALDIRACAQDIR"

Bu onun ölkəmizə birinci səfəridir. Səfər çərçivəsində Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. "Sizin səfəriniz əlaqələrimizin yeni səhifəsini açacaq. Çünki bu gün müzakirə edilən məsələlərin əhatə dairəsi o qədər genişdir ki, bu məsələlərin həlli bizim münasibətlərimizi çox yüksək səviyyəyə qaldıracaqdır". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə geniş tərkibdə keçirilən görüşdə bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"ni imzalayıblar. "Bu da çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir" – deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, sənədin özü və onun məzmunu təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir. "Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq". Bu fikri Cənab Prezident mətbuata bəyanatla çıxışında bildirib.
Qeyd edək ki, dövlətlərarası ikitərəfli siyasi münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. 2000-ci ilin fevralında Slovakiyanın xarici işlər naziri Eduard Kukan Azərbaycana səfər edib. 1 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Eduard Kukan başda olmaqla nümayəndə heyətini qəbul edib. Səfər zamanı Birgə Bəyanat, Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Slovakiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.
İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirib. Bu əlaqələr dövlətlərarsı münasibətlərin inkişafında mühüm rol oynayıb.

"MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ BİRGƏ İSTEHSAL SAHƏLƏRİNİN YARADILMASI HAQQINDA DA ARTIQ KONKRET DANIŞIQLARA DA START VERİLMİŞDİR"

Dövlətlərarası "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. "Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir", – deyən Prezident bildirib ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

"BİZİM PLANLARIMIZDA 2027-Cİ İLİN SONUNA QƏDƏR TƏKCƏ AVROPA İTTİFAQI MƏKANINA 20 MİLYARD KUBMETR QAZIN NƏQL EDİLMƏSİ MƏSƏLƏSİ DAYANMIŞDIR"

"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir", – deyən Prezident diqqətə çatdırıb. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. "Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq", - deyə Prezident vurğulayıb.
Dövlətimizin başçısı ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də nəzər salıb və Slovakiya-Azərbaycan biznes forumunun keçirildiyini vurğulayıb. "Onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır. Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək".
Dövlətlərarası münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır. Əminliklə vurğulayaq ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər