Siyasət

  • 1 307

Heydər Əliyev və musiqi mədəniyyəti

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev” ili elan olunması çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında bir sıra tədbirlər təşkil olunmuş və layihələr həyata keçirilmişdir. Bu münasibətlə “Heydər Əliyev və musiqi mədəniyyəti” adlı kitab işıq üzü görmüşdür.

Bu kitabın yaranmasında layihənin rəhbəri, məsləhətçisi, Azərbaycan Respublikasının Xalq artisti, Yuneskonun Sülh artisti, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadənin adı xüsusilə qeyd edilməlidir.

Kitabın tərtibçi müəllifi isə musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət xanım Təhmirazqızıdır.

Nəzərə çatdıraq ki, “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında 2021-ci ildə nəşr olunan “İlham Əliyev və musiqi mədəniyyəti” kitabının silsilə şəklində davamıdır. “İlham Əliyev və musiqi mədəniyyəti” kitabı isə Zəfər bayramı ərəfəsində Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə musiqi ictimaiyyətinin möhtərəm prezidentimizin 60 illik yubileyinə töhfəsi olmuşdur. Bu kitabın da ideya rəhbəri, məsləhətçisi Firəngiz xanım Əlizadə, tərtibatçısı isə Səadət Təhmirazqızı olmuşdur.

“Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının ərsəyə gəlməsində əsas məqsəd Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin musiqi mədəniyyətimizə göstərdiyi qayğı və diqqəti özündə əks etdirən tarixi faktların işıqlandırılmasıdır. Məhz bu səbəbdən kitabda çoxsaylı tarixi faktlara və məlumatlara istinad olunmuşdur. Əlbəttə, kitabın Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində nəşr edilməsi dahi şəxsiyyətə olan dərin ehtiram hissinin və hörmətin göstəricisidir. Məhz bu səbəbdən kitabın ön səhifəsində belə qeyd olunur: “Bu kitab Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə musiqi ictimaiyyətinin töhfəsidir”.

“Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının ilk səhifəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin sitatı ilə başlanır: “Dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda, fitri istedada malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaradılmışdır”.
Növbəti səhifədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sitatı isə dahi şəxsiyyətin doğma Azərbaycanı ilə bağlı ideyalarını təcəssüm etdirir: “Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”.

Doğrudan da, həm Heydər Əliyevin, həm də İlham Əliyevin yaradıcılıq yolu dövlətçilik və siyasətlə yanaşı, həm də musiqi mədəniyyətimizin, incəsənətimizin çiçəklənməsinə, onun zənginləşməsinə yönəlmişdir.

Azərbaycan xalqının ümumilli lideri, dünya səviyyəli siyasi xadim, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət Heydər Əliyev görkəmli dövlət xadimi, müdrik siyasətçi olmaqla yanaşı, bütün yaradıcılığı boyu mədəniyyətin bütün sahələrinə qeyri-adi diqqət və məhəbbətlə yanaşırdı. Ulu Öndərin mədəniyyətə olan münasibəti onun “Xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu var, ancaq xalq həmişə mədəniyyəti ilə, elmi ilə tanınıb” sözlərində öz əksini tapmışdır. Bunun təsiridir ki, mədəniyyətin, incəsənətin bütün sahələrində Heydər Əliyevin imzası görünür.

“Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının hər bir səhifəsi Heydər Əliyevin mədəniyyətimizin inkişafı üçün gördüyü məqsədyönlü işlərin parlaq ifadəsidir. Bu səhifələrdə dərin mənalı bir ömrün mədəniyyət adlı salnaməsini izləmək mümkündür.

Kitab məntiqi ardıcıllıqla sıralanan bölmələrdən ibarətdir. Bu bölmələrin hər biri Heydər Əliyevin mədəniyyət sahəsinə olan diqqətinin təzahürü kimi dəyərləndirilir və dahi şəxsiyyətin mənalı ömür yolunda mədəniyyətlə bağlı səhifələri əks etdirir.

Kitabda ilk yazı Firəngiz xanım Əlizadənin “Gəncliyimizin parlaq xatirələrindən” adı altında təqdim olunmuşdur. Firəngiz xanımın bildirdiyi “Bizim nəsil xoşbəxtdir ki, belə bir dahinin müasirləriyik və onunla bir dövrdə yaşamaq bizə nəsib olub” sözləri dahi şəxsiyyətlə bağlı xatirələrlə, onun Heydər Əliyevə həsr etdiyi “İthaf” əsərinin ilk dəfə səsləndirilməsi ilə təəssüratlarla davam etdirilir. Heydər Əliyevi “Azərbaycan xalqının sönməz günəşi adlandıran” Firəngiz xanım “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının yaranmasını “dahi şəxsiyyətin qarşısında mənəvi borcumuz” kimi dəyərləndirmişdir.

Daha sonra “Xalqımızın tarixinə yeni-yeni səhifələr yazmaqla, Azərbaycanımızın adını yüksək zirvələrə qaldıran Heydər Əliyev” cümləsi ilə başlayan və Heydər Əliyev fenomeninin obrazını yaradan Səadət Təhmirazqızının “Dahi şəxsiyyətin ruhuna ehtiramla” adlı yazısı təqdim olunur.

Kitabın “Heydər Əliyev musiqi sənəti və musiqi xadimləri haqqında müdrik fikirləri” bölməsində Ulu öndərin incəsənət xadimlərinə diqqət və qayğısı, mədəniyyətə olan ehtiramı, musiqini professional şəkildə araşdırması, ensiklopedik biliyə malik olması işıqlandırılır. Bu bölmədə Heydər Əliyevin nəinki, ifaçılar, bəstəkarlar, həmçinin musiqi sənəti və onun janrları haqqında dəyərli fikirləri ilə tanış olmaq mümkündür. Onun dəyərli fikirlərinin bir çoxu artıq sitatlara çevrilmiş kəlamlardır.

Kitabın “1969-1982-ci illərdə Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı bölməsində isə Sovet dövründə Heydər Əliyevin böyük siyasi müstəvidə Azərbaycan adını yüksək tutması naminə gördüyü işlər əks olunmuşdur. Burada 1969-cu ildən, yəni Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinə rəhbərlik etdiyi ildən başlayaraq Heydər Əliyevin respublikamızda bütün sahələrin inkişafı üçün xüsusi diqqət ayırması, mədəni tərəqqi naminə gördüyü işlərin möhtəşəmliyi vurğulanmışdır. 1982-ci ilə kimi Heydər Əliyevin mədəniyyət nümayəndələri ilə olan görüşləri, dostluq münasibətləri, daim problemləri ilə maraqlanması, onlara yaxından kömək etməsi, xüsusi dəstək və qayğısı öz əksini tapmışdır.

Bu bölmədə Heydər Əliyevin Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayındakı çıxışını da xüsusilə qeyd etməliyik. Bu çıxış daha sonra “Bəstəkarın yüksək amalı və vəzifələri” başlığı altında nəşr edilmişdir. Kitabda Heydər Əliyevin həmin çıxışının tam şəkildə mətni təqdim edilmişdir.

Heydər Əliyevin sərəncamı ilə hələ sovet dövründə Nəriman Nərimanovun, Səməd Vurğunun, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Hüseyn Cavidin və bu kimi görkəmli şəxsiyyətlərin ev muzeylərinin yaradılması məlumdur. Bu sırada görkəmli musiqi xadimlərinin də adları qeyd olunmalıdır. Kitabın “Heydər Əliyev və görkəmli mədəniyyət xadimlərinin ev muzeyləri” başlıqlı bölməsində Heydər Əliyev tərəfindən Üzeyir Hacıbəylinin, Niyazinin, Bülbülün və digərlərinin ev muzeylərinin açılması faktları açıqlanmışdır.

“1993-2003-cü illərdə Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” bölməsində müstəqillik dövründə milli ənənələr, onların qorunması naminə əzmlə, yorulmadan çalışan Heydər Əliyevin mədəni istiqamətdə yeni inkişaf mərhələsinə doğru yüksək nəticələri əldə etməsi təqdim edilmişdir.

“Sovet dövrünə aid tarixi sənədlər və foto albom”, eləcə də “Ulu öndərin musiqi xadimləri ilə foto yadigarları” adlı bölmələrdə Heydər Əliyev ilə birlikdə çəkilən, maraqlı tarixi anları özündə həkk edən foto və şəkillər təqdim edilmişdir.

Heydər Əliyev daim müxtəlif konsertlərdə, yubiley gecələrində iştirak etmiş, bir-birindən maraqlı çıxışları ilə dinləyicilərin zövqünü oxşamışdır. Kitabın “Yubileylər, məktublar”, “Fərman və sərəncamlar”, “Görüşlər”, “Mükafat, orden və medallar” adlı bölmələrində Heydər Əliyevin müxtəlif məqamlar ilə əlaqəli çıxışları, maraqlı söhbətləri ilə yaxından tanış olmaq mümkündür.

Musiqiyə dərindən bağlı olan H.Əliyev şəxsiyyəti bəstəkarlarımızın yaradıcılığında da öz təzahürünü tapmışdır. Heydər Əliyev fenomeni, onun obrazı incəsənətin digər sahələrində olduğu kimi, musiqidə də bir çox bəstəkarlarımız tərəfindən həm iri, həm də kiçik həcmli əsərlərində öz əksini tapır. “Musiqidə əbədiləşən ömür” adlı bölmədə Heydər Əliyevə həsr olunmuş əsərlər və onların musiqişünaslıq təhlilləri ilə tanış oluruq. Bunlar içərisində Cövdət Hacıyevin 8 saylı “Onu zaman seçib” adlı simfoniyası, Arif Məlikovun “Əbədiyyət” simfoniyası, Firəngiz Əlizadənin “İthaf” əsəri, Oqtay Rəcəbovun “Heydər” oratoriyası, Ramiz Mustafayevin “Mənim müasirim” oratoriyasını, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda”, Vasif Allahverdiyevin “Ömür yolu” və digər əsərləri xüsusilə qeyd edə bilərik.

Elmi-publisistik üslubda yazılan kitabda bölmələr, bölmələri əhatə edən mövzular sanki bir-birini tamamlayaraq, səlis fikir ardıcıllığına əsaslanır.

Kitabda toplanan rəsmi və tarixi sənədlər, çıxışlar, sərəncamlar və digər çoxsaylı faktlar, məlumatlar Ulu öndərin fundamental zəngin irsinin toplusudur. Bu gün haqqında bəhs etdiyimiz “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı Azərbaycan Bəstəkarlar İttifaqının silsilə layihəsi kimi növbəti mərhələdə davam etdiriləcəkdir.

Aytən Babayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər