Siyasət

  • 1 547

Qazaxıstanlı politoloq: Ermənistanın suverenliyi və gələcəyi təhlükədədir – MÜSAHİBƏ

image

Qazaxıstanlı politoloq və ictimai xadim Arman Şurayev “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistanın yürütdüyü siyasətlə bağlı maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

— Qazaxıstanın Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri üçün danışıqlar platforması təqdim etmək təşəbbüsünü necə qiymətləndirirsiniz?

-Düşünürəm ki, Qazaxıstanın bu mühüm təşəbbüsündən əvvəl münaqişənin hər iki tərəfi ilə kifayət qədər gərgin iş aparılıb və prezident Tokayevin təklifinin Bakıda və İrəvanda qəbul edilməsi olduqca diqqətəlayiqdir. Qazaxıstanın neytral, bərabər məsafəli ölkə olması ilə yanaşı, onu da qeyd edərdim ki, Azərbaycan bizim strateji müttəfiqimiz və Qazaxıstanın güclü mehriban qonşuluq və qardaşlıq əlaqələri olan türkdilli ölkə hesab olunur. Eyni zamanda, Qazaxıstan regional və qlobal səviyyədə danışıqlar üçün ciddi platforma olub və qalır ki, bu da onu kifayət qədər proqnozlaşdırıla bilən sülhməramlı edir, müxtəlif növ münaqişələrin həllinə töhfə verir.

— Sizin qiymətləndirməyinizə görə, tərəflər Almatıda regional sülh gündəmini irəli apara biləcəkmi?

-Mənə elə gəlir ki, tərəflər Bakının təklif etdiyi dinc gündəmə gedə biləcəklər, çünki regionda mövcud qüvvələr nisbəti Ermənistanın xeyrinə olmaqdan uzaqdır. Digər tərəfdən, bildiyimiz kimi, pis sülh yaxşı müharibədən üstündür və hətta ən böyük müharibələrdən sonra da danışıqlar masasına oturmaq, məsələləri həll etmək vaxtı gəlir. Əminəm ki, erməni tərəfinin az variantı və manevr imkanları var, xüsusən də Bakının təklif etdiyi sülh gündəliyi heç bir şəkildə alçaldıcı deyil. Əksinə, bu, bizə nəhayət, bütün prioritetləri təyin etməyə və hər hansı ilkin şərtləri tamamilə rədd etməyə imkan verir ki, bu münaqişə bir daha alovlanmasın.

— Ermənistanın hazırkı daxili siyasi vəziyyətini, daha doğrusu, müxalifətin və erməni kilsəsinin etirazlarını necə qiymətləndirirsiniz?

— Davamlı məğlubiyyətlər fonunda Ermənistanda daxili siyasi vəziyyət çox ağır olaraq qalır və çox güman ki, daha da mürəkkəbləşəcək. Bu baxımdan heç bir ssenarini, hətta çevrilişi də istisna etmirəm. Kilsə Ermənistandakı siyasi proseslərdə həmişə mühüm rol oynayıb, lakin eyni zamanda, hesab edirəm ki, erməni ruhaniləri və müxalifəti çox gözəl başa düşürlər ki, vaxtı və tarixi geri qaytarmaq mümkün deyil, Qarabağı nəinki hərbi yolla, hər hansı bir başqa yolla da qaytarmaq mümkün deyil. Müxalifətin, kilsənin və ya indiki hakimiyyətin bu cür qisas almaq cəhdi ilə bütün Ermənistan uduzacaq. Üstəlik, bu halda Ermənistan dövlətçiliyinin mövcudluğu sual altında qalacaq. Ermənilər unutmamalıdırlar ki, İrəvan qədim Azərbaycan torpağıdır.

— ABŞ və Fransadakı erməni diasporları tərəfindən Ermənistandakı daxili siyasi vəziyyətə müdaxilə etmək cəhdləri ola bilərmi?

— Fransa və ABŞ bu ölkələrin daxili siyasi gündəmində mühüm rol oynayan böyük erməni diasporlarının vətənidir. Və belə cəhdləri istisna etmək olmaz. Lakin vacibdir ki, Fransa və Amerika hakimiyyətinin özləri üçün də Vaşinqton və Parisə tam sədaqət nümayiş etdirən Paşinyanin hakimiyyətdə olduğu vaxt Ermənistanda daxili siyasi vəziyyəti pozmağın faydası yoxdur.

- Ermənistanın Qərbə son dönüşünə ehtimal verirsinizmi?

-Ermənistan Qərbə üz tutmaq istərdi, lakin ölkənin digər ölkələrlə əhatə olunmuş coğrafi mövqeyi, yumşaq desək, tam dost deyil, çətin ki, buna imkan verilsin. Deməli, istənilən halda Ermənistan Azərbaycan, Türkiyə və Rusiya ilə mehriban qonşuluq münasibətlərini saxlamalıdır və onun üçün yeganə düzgün qərar indiki regional uyğunluğu qəbul edib, gələcəyini bu əsasda qurmaqdır. İrəvan nəhayət dərk etməlidir ki, Ermənistanın özünün suverenliyi və gələcəyi təhlükədədir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər