Siyasət

  • 937

Azərbaycan - İtaliya əməkdaşlığında yeni istiqamətlər TƏHLİL

image

Prezident İlham Əliyev: "Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir"

Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə münasibətlər mükəmməl hüquqi bazaya malikdir və ikitərəfli əməkdaşlıq çoxşaxəlidir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldib.

Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan İtaliya ilə münasbətlərini yeni geosiyasi çağırışlar fonunda strateji tərəfdaş ölkə olaraq yüksəklən xətlə inkişaf etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfəri əlaqələrin dərinləşməsində müstəsnadır.

Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlıqda yeni perespektivlər vəd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu" və s. imzalanıb.

ÖLKƏMİZİN YÜKSƏK BEYNƏLXALQ NÜFUZUNUN NÖVBƏTİ TƏZAHÜRÜ

Məlum olduğu kimi, İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən Beynəlxalq Forum keçirilir. Prezident İlham Əliyevin Çernobbio Forumunda əsas qonaq qismində iştirakı ölkəmizin yüksək beynəlxalq nüfuzunun növbəti təzahürüdür. Prezident İlham Əliyevin bu mötəbər Forumda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.

Xatırladaq ki, dövlətimizin başçısının 2022-ci ildə keçirilən Forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar Forum iştirakçılarının böyük marağına səbəb olmuşdu. 1965-ci ildən fəaliyyət göstərən "The European House – Ambrosetti" İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House – Ambrosetti" İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.

"İTALİYA AZƏRBAYCANIN DÜNYADA BİR NÖMRƏLİ TİCARƏT TƏRƏFDAŞIDIR"

"Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilmişdir. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var". Bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışı zamanı söyləyib. Bu səfərin 2020-ci ildən bəri onun İtaliyaya üçüncü səfəri olduğunu və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycanda səfərini xatırladan dövlətimizin başçısı qeyd edib: "Bizim yüksək səviyyəli təmaslarımız onu nümayiş etdirir ki, biz çox yaxın tərəfdaşlarıq".

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və iki ölkə arasında möhkəm ticarət əlaqələri yeni geosiyasi çağırışlar fonunda bu regionda potensial təsirin xüsusi çəkisi ilə güclənir. Ölkələrimiz arasında güclü əlaqələrin olduğu, üç ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda İtaliyanın müdafiə naziri Quido Krosetto, bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşü əlaqələrin qarşılıqlı etimad əsasında qurulduğunun təzahürüdür. "İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır", - deyən Prezident İlham Əliyev bildirib ki, ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına bərabər olmuşdur və əlaqələrimizin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur. "Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir", - deyə dövlətimizin başçısı əlavə edib.

Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ilə İtaliyaya 7 milyard kubmetrə yaxın qaz nəql edib, bununla da Azərbaycan İtaliyanın qaz bazarında üçüncü tərəfdaş olub.

"ÖLKƏLƏRİN MİLLİ TƏHLÜKƏSİZLİYİ ENERJİ TƏHLÜKƏSİZLİYİ İLƏ SIX BAĞLIDIR"

Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. "Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır", - deyən Prezident bildirib ki, Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir: "Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır". Qeyd edək ki, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.. İndiyədək TAP-la Avropaya təxminən 26 milyard kubmetr təbii qaz nəql edilib. TANAP boru kəməri ilə Türkiyə sərhədində birləşən TAP boru kəməri Yunanıstanın şimalına, Albaniyaya, daha sonra Adriatik dənizindən keçməklə İtaliyanın Apuliya regionu sahillərinə çatır. Qaz boru kəməri texniki nöqteyi-nəzərindən obyektiv və əsaslı töhfə olmaqla yanaşı, xəttin keçdiyi bütün ölkələrin maraqlarını birləşdirən siyasi infrastrukturu təmsil edir.

AZƏRBAYCAN İLƏ İTALİYA ARASINDA TƏBİİ KÖRPÜ

Azərbaycan və İtaliya əməkdaşlığının şaxələndirilməsinin əsas göstəricilərindən biri də Azərbaycanda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetidir. Çıxışı zamanı İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf müqabilləri ilə birgə təhsil ocağı təsis etdiklərini xatırladan dövlətimizin başçısı bildirib ki, orada təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında təbii körpü rolunu oynayacaqlar: "Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər".

Bakıda yerləşən İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair sazişlər imzalanıb.

"SÜLH DANIŞIQLARI İLƏ BAĞLI AZƏRBAYCANIN İRƏLİ SÜRDÜYÜ BU TƏŞƏBBÜS SÜLH SAZİŞİNİN İMZALANMASI İLƏ NƏTİCƏLƏNƏCƏK"

Dövlətimizin başçısı çıxışında Azərbaycanın təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca amil olduğunu bildirib: "Otuz il ərzində bizim beynəlxalq səviyyədə tanınmış ərazimiz Ermənistanın işğalı altında olmuşdur". Dövlətimizin başçısı xatırladıb ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının mütləq icra edilməli olan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğulayıb.

"Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür", - deyən Prezident İlham Əliyev sülh müqaviləsinin mətninin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayıb: "Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək".

Əlbəttə ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələri rəsmi səfərlər zamanı daha da möhkəmlənir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər