Siyasət

  • 1 450

“Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar”

image

Oktyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurası və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar” mövzusunda tədbir keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının qərargahında yerləşən büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan dünyada beynəlxalq tədbirlərin uğurla həyata keçirildiyi bir məkana çevrilib: “COP sessiyaları iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu konfransa Şərqi Avropa qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Hazırlıq işlərinin miqyası göstərir ki, Azərbaycan COP29-un təşkilini də ən yüksək səviyyədə həyata keçirəcək”.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə vurğulayıb ki, COP29-un ölkəmizdə keçirilməsi, ilk növbədə Prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin parlaq nümunəsidir: “Dövlətimizin başçısı qazanılan bu uğurla Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq”.
YAP Veteranlar Şurasının sədrinin fikrincə, tədbirin Bakıda keçirilməsi beynəlxalq miqyasda Azərbaycanla bağlı mötəbər rəylərin daha da möhkəmlənməsində təsirli rola malikdir və ölkə reallıqlarının daha çevik və effektiv şəkildə beynəlxalq aləmdə öz əksini tapması üçün çox mühüm vasitə hesab edilir: “COP29-da iştirak edəcək dünya liderləri Azərbaycanın dinamik inkişafına əyani surətdə şahid olacaqlar ki, bu amil dövlətimizin beynəlxalq nüfuzunun daha da güclənməsini özündə ehtiva edəcək. Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan yaratdığı yeni reallıqları dünyaya təqdim edəcək. Təbii ki, bütün bunlar beynəlxalq müstəvidə ölkəmizə əhəmiyyətli dividentlər qazandıracaq”.
YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov mövzu ilə əlaqədar məruzə ilə çıxış edib. O bildirib ki, iqlim dəyişikliyi artıq bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayanır: “İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq”. U.Ələkbərov bu istiqamətdə işlərin Azərbaycanda 2004-cü ildən başlandığını vurğulayıb. Belə ki, həmin ildə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə alternativ enerji ilə bağlı Milli Proqram təsdiqlənib. O vaxtdan başlanan işlər Azərbaycanın hazırkı inkişaf səviyyəsinə çatmasında da özünü ifadə edir.
Məruzəçi Azərbaycanın innovativ idarəçilik baxımından dünya ölkələri arasında ön sıralarda olduğunu deyib və bu yöndə faktların müvafiq beynəlxalq təşkilatların hesabatlarında əksini tapdığını diqqətə çatdırıb. “Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Azərbaycan kimi digər bütün ölkələr də bu problemin həllinə töhfə verməlidirlər”, - deyə U.Ələkbərov vurğulayıb.
AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Novruz Quliyev diqqətə çatdırıb ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər aparılır. N.Quliyev COP29 ərəfəsində bəzi ölkələrin Azərbaycana qarşı qərəzli kampaniyalar apardığını və bu kampaniyaların qəbuledilməz olduğunu söyləyib.
“Nəzərə alaq ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Bu baxımdan, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzindədir”, - deyə o, vurğulayıb.
Çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Təhmin Şəkibəyov deyib ki, iqlim dəyişikliklərinin baş verməsinin müxtəlif səbəbləri var. Onun sözlərinə görə, istixana qazlarının normadan artıq havaya buraxılması iqlimə mənfi təsir edən əsas amillərdəndir. Eyni zamanda, iqlim dəyişikliklərinin kənd təsərrüfatında məhsuldarlığa da ciddi təsir edir. Son yüz illə müqayisədə meşə yanğınlarının bir neçə dəfə artması da bu problemlər sırasına daxildir.
“Azərbaycanda dövlət rəhbərliyinin ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin qorunması istiqamətində aparılan işlərə böyük təkan verib, bu sahədə iri layihələr uğurla həyata keçirilib. Ötən dövr ərzində bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən çoxsaylı dövlət proqramları təsdiq edilib, müvafiq Fərman və sərəncamlar imzalanıb. Dövlət başçısı tərəfindən azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib”, - deyə T.Şəkibəyov qeyd edib.
Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər