1921-ci il oktyabrın 13-də Qars müqaviləsi imzalandı. Həmin tarixdən 103 il ötür. Qars müqaviləsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapıb və ərazi-sərhəd problemi həll olunub. Mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsi Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu müqaviləyə qədər olan tarixi dövrə nəzər salsaq görərik ki, XX əsrin 1918-20-ci illərində Azərbaycanda və onun Naxçıvan bölgəsində vəziyyət çox mürəkkəb xarekter almışdır. Mövcud vəziyyətdə Azərbaycandan lazımi köməyi ala bilməyən Naxçıvanın təkləndiyini görən azğın erməni daşnakları hərbi və siyasi yolla qədim diyarı işğal etmək istəyirdilər. Böyük dövlətlərə arxalanan ermənilər Naxçıvana hücumlar edir, şəhər və kəndləri dağıdırdılar. Ağlasığmaz vəhşiliklər və qırğınlar törədən erməni daşnakları Naxçıvan bölgəsində azərbaycanlıların inadlı müqavimətinə rast gəlmişdilər. Tarixdən bizə aydındır ki, 1918-1920-ci illərdə ermənilər Naxçıvanda soyqırımlar törədib, lakin əhalini tabe edə bilməmişdilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilədə isə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur Ermənistana güzəşt edilmişdi.
Tarixi dövrə istinadən qeyd edək ki, 1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradılıb. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış edib. Rusiyanın diktəsi ilə yazılmış bəyanat iki sovet respublikası arasında ərazi mübahisələrinin Azərbaycanın milli mənafeyinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Buna görə də həmin bəyanat Naxçıvan və Zəngəzurun müsəlman əhalisinin haqlı narazılığına səbəb olmuş, eləcə də bu bəyanat Türkiyə nümayəndələri tərəfindən də etirazla qarşılanmışdır.
20 MADDƏ VƏ 3 ƏLAVƏDƏN İBARƏT MÜQAVİLƏ
Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda imzalanan müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Bu müqavilədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuş, qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr rədd edilirdi. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit edilmişdi. Naxçıvanın statusu və tabeçiliyi məsələsi beynəlxalq müqavilələrlə tam şəkildə həll edilib.
Bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib. Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edirdi. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verilib. Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi keçən əsrin müxtəlif dönəmlərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilib. Qars müqaviləsində muxtariyyətin əsası qoyulub, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılıb, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilib. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.
Ümummilli Lider Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirərək belə deyirdi: "Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir".
1991-ci il yanvarın 11-də Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırıb. Bu, Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə qorunması faktının aktuallaşdırılması ilə yanaşı, muxtar respublikanın məruz qaldığı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorunmasına şərait yaradıb. Naxçıvanın tarixində mühüm və əhəmiyyətli məsələ olan Qars müqaviləsi XX əsrdə Naxçıvan ərazi bütövlüyünün təmin olunmasında mühüm rol oynamışdır.
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDAKI MÜNASİBƏTLƏRƏ BÖYÜK TÖHFƏ
100 il sonra - 1921-ci il 13 oktyabrda imzalanmış Qars müqaviləsindən sonra Türkiyənin Azərbaycana dəstəyini ən güclü formada nümayiş etdirən rəsmi sənəd Şuşa Bəyannaməsi imzalandı. 30 ilə yaxın erməni işğalçılarının tapdağı altında əzilən Şuşa dörd il əvvəl noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və Milli Ordumuzun rəşadəti ilə böyük zəfərə, şanlı qələbəyə imza atdı. 2021-ci ilin iyunun 15-də isə Şuşa Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalandığı tarixi məkana çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Tarixi Qars müqaviləsi yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir".
İki dost və qardaş ölkə arasında imzalanmış bu sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dünyaya bir mesaj oldu. Bu günə qədər iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixdə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq imzalanmış Bəyannamə Azərbaycan və Türkiyə arasındakı münasibətlərə böyük töhfədir. Şuşa Bəyannaməsi regiondakı yeni reallıqlara, inkişafa, sülhün tam təminatına böyük təkandır. Qars müqaviləsinə istinad edilən Bəyannamə öz formatına görə ondan daha əhatəli sənəddir. Bu sənəddə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, iqtisadiyyat, təhsil, müasir texnologiyalar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi, Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, iki ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətinin birlikdə artırılması və digər tədbirlər əksini tapıb.
QARS MÜQAVİLƏSİ QƏDƏR TARİXİ ƏHƏMİYYƏTLİ ŞUŞA BƏYANNAMƏSİ
Şuşa Bəyannaməsi beynəlxalq hüququn prinsip və normalarına, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq, qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsi üçün mühüm rol oynayacaq. Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsipləri öz əksini tapıb. Sənəddə qeyd edilir ki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edilərsə, onun aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçiriləcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstəriləcək. Əlbəttə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsi qədər tarixi əhəmiyyətə malikdir. Dövlətlərarası əməkdaşlığın daha da möhkəmlənməsində mühüm rola malikdir. İki ölkə, iki xalq xoş günlərin sevincini birgə bayram etdiyi kimi, ən çətin məqamlarda da bir-birilərinə arxa, dayaq durmağı bacarır. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müstəqil siyasət yürüdə bilən ölkədir. Dövlət siyasətinin də mütləq prioritetləri Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiə olunması, eyni zamanda ölkəmizin müstəqil siyasət aparmasıdır.
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə dövlətlərarası gələcək iş birliyinin istiqamətini göstərir. Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilməklə yanaşı, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır.
Əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır.
Nəzakət ƏLƏDDİNQIZI