Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri bu gün də yüksələn xətt üzrə inkişaf etməkdədir. Beynəlxalq münasibətlər sistemində vacib aktorlardan biri kimi çıxış edən Azərbaycanın xarici siyasət kursu milli maraqlarımızı təmin etməklə yanaşı, həm də ölkəmizin nüfuzunu artırmaqdadır. Beynəlxalq aləmlə fəal əməkdaşlıq edən ölkəmiz keçmiş ittifaq ölkələri ilə də MDB çərçivəsində sağlam əlaqələr qurur, siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafa töhfələr verir. Bu baxımdan, Prezident İlham Əliyev Prezident İlham Əliyevin cənablarının oktyabrın 7-də Rusiya Federasiyasına səfəri, oktyabrın-8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasına qatılması, səfər çərçivəsində keçirdiyi görüşlər mühüm məqamlarla yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bir daha bildirdi ki, möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək
Qeyd edək ki, bütövlükdə, Prezident İlham Əliyevin Rusiya səfəri zəngin proqramı, Azərbaycan və Rusiya prezidentlərinin görüşlərində müzakirə olunan məsələlərin geniş spektri, iki dövlət arasında sağlam münasibətlərin inkişafı üçün yeni bir dönəmin başlandığını nümayiş etdirir. Bu səfər ikitərəfli və çoxtərəfli münasibətlərin daha da gücləndirilməsi, ortaq təmas nöqtələrinin daha da zənginləşdirilməsi, iqtisadi-siyasi, humanitar, mədəni platformada əlaqələrin dərinləşməsi baxımından da vacib bir səfərdir.
Dövlətimizin başçısı İlham Əliyevin sözügedən səfəri çərçivəsində keçirdiyi görüşdə, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da iki dost, müttəfiq ölkənin münasibətlərinin günəninə, bugününə və onların əsasında perspektivlərə işıq salındı. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti ilə görüşündə «Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik» söyləyən Vladimir Putin əlaqələrin inkişafında əsas amil olan iqtisadi vəziyyətə xüsusi diqqət göstərdi. Əmtəə dövriyyəsi 4 dəfədən çox artıb. 4,3 milyard dollardır. Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur: «Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır. Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə, - bu isə açıq-aşkardır, - hər hansı düzəlişlər etmək imkanımız var.» Dövlətimizin başçısı İlham Əliyev ikitərəfli əlaqələrimizin gündəliyinin kifayət qədər geniş olduğunu bildirərək onu da əlavə etdi ki, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir
Prezident İlham Əliyev cənablarının bu səfəri ölkələrimiz arasındakı münasibətlərin etimad səviyyəsinin, əməkdaşlığın ardıcıl şəkildə, dövlətlərin maraqlarına uyğun bir formada qarşılıqlı faydalılıq müstəvisində inkişaf etdirilməsi baxımından da müstəsna əhəmiyyətə malikdir. Qeyd edim ki, ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Bundan başqa, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdədir. Ticarət evlərinin açılması, humanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması və s. kimi tədbirlər buna misaldır.
Bu səfərin ən yaddaqalan hadisəsi isə MDB Dövlət Başçıları Şurasının iclasında MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi oldu. Dünənə qədər Laçının Azərbaycana aid olduğunu şübhə altına alan mövqelərin Laçını MDB-nin mədəniyyət paytaxtı elan etməsi mühüm siyasi və strateji əhəmiyyətli bir hadisədir. Bu, həm də Azərbaycanın suveren hüquqlarının bir daha tanınması və qəbul edilməsi deməkdir. Laçının MDB-nin mədəniyyət paytaxtı olması ilə bağlı verilən qərar Azərbaycanın tarixi Zəfərinin, Ermənistanın isə məğlubiyyətə uğramasının daha bir təsdiqi və MDB səviyyəsində etirafıdır. Belə ki, Laçın da digər Qarabağ torpaqları kimi 30 il düşmən tapdağında qalıb. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Bu mənada, Laçın şəhəri ilə bağlı verilən ədalətli qərar bütün ağrılı həqiqətlərin bir daha dünya ictimaiyyətinə çatdırılması deməkdir. Bu, beynəlxalq miqyasda daha bir siyasi uğurumuzdur. Bu, həm də o deməkdir ki, 2025-ci ildə MDB çərçivəsində, o cümlədən ayrı-ayrı üzv ölkələrdə Laçın şəhərinə həsr olunan müxtəlif mədəni tədbirlər keçiriləcək. Yəqin ki, Ermənistan bu tədbirlərin birbaşa iştirakçısı olmayacaq, lakin MDB-nin üzvü kimi rəsmən bu tarixi tədbirlərin təşkilatçılarından biri statusunu daşımalı olacaq. Bir sözlə, qəbul olan qərar tarixi qərardır və Azərbaycanın diplomatik qələbəsidir.
Prezident İlham Əliyev, həmçinin bir aydan sonra Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-la bağlı görülən işləri dövlət başçılarının diqqətinə çatdırıb. Azərbaycanın məhz 200-ə yaxın ölkənin dəstəyi ilə bu konfransa ev sahibliyinin ölkəmizə olan yüksək hörmət və ehtiramın bariz nümunəsi olduğu qeyd edilib.
Cənab İlham Əliyev, eyni zamanda MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti barədə fikirlərini bölüşüb. Azərbaycanın bu qələbəyə vermiş olduğu mühüm töhfələrdən bəhs olunub. Azərbaycanlıların da bu qələbədə böyük qəhrəmanlıq və sücaət göstərdiyi qeyd edilib. Bu mənada 9 May Qələbəsi MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amili kimi qiymətləndirilib.
Moskva səfəri zamanı etdiyi çıxışlarda Prezident İlham Əliyev son illərdə beynəlxalq münasibətlərdə müşahidə edilən son dərəcədə mənfi tendensiyalar barədə də fikirlərini bölüşdü. Dövlətimizin başçısı İlham Əliyevin səfər zamanı “Rossiya-1” televiziya kanalına müsahibədə mühüm mesajlar verərək, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına toxunub. Bu xüsusda ABŞ-ın ölkəmizə qarşı əsassız sanksiyalarının mahiyyətindən bəhs edilib. Təbii ki, bu sanksiyalar qeyri-qanuni və əsassızdır. Daha çox Amerikada uzun on illiklər boyu lövbər salmış, bu ölkənin siyasi sisteminə nüfuz etmiş erməni lobbisinin növbəti məkrli planıdır. ABŞ-ın Ermənistanı silahlandırması, özünü "sülh göyərçini" kimi göstərməklə yanaşı, Cənubi Qafqazda yeni müharibəyə şərait yaratması heç kimə sirr deyil. Vaşinqton “insan hüquqları” və “demokratiya” adı altında Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışır, onu Rusiyanın əleyhinə yönəltməyə və bölgədə yeni münaqişə ocağı yaratmağa cəhd edir. Buna görə Ermənistanın silahlandırılması da təsadüfi xarakter daşımır. Ancaq Azərbaycan hər zaman olduğu kimi indi də hansısa gücün oyunlarında iştirak etmir. Və Azərbaycan haqlı olduğu halda ABŞ Konqresinin bu kimi məsələlər üzərindən qarayaxma kampaniyası aparmasının yolverilməzliyi də dövlət başçısının müsahibəsində öz əksini tapıb.
Beləliklə, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı, keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər ölkəmizin milli maraqlarının təminatı baxımdan çox faydalı oldu. Və etibarilə, dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan Rusiya-Azərbaycan münasibətləri getdikcə inkişaf edir, daha da dərinləşir. Əminliklə demək olar ki, İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri