PDF Oxu

Siyasət

  • 855

Xocalı faciəsi beynəlxalq hüquqa əsasən soyqırımı cinayətidir

image

Xocalı faciəsi XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı törətmiş olduğu qanlı soyqırım aktıdır. Xocalı soyqırımı törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələrdən biridir. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Faciənin üzərindən 33 illik bir zaman keçsə də, xalqımız bu qanlı soyqırım aktını heç vaxt unutmur. Bu hadisə Azərbaycan xalqının qan yaddaşına əbədi olaraq həkk olunub. Çünki həmin tarixdə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 2002-ci il fevralın 25-də Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır”.
Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Bu Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur.
Şanlı ordumuz 44 günlük Vətən müharibəsində Xocalı faciəsi qurbanlarının da qisasını yerdə qoymadı. Bu döyüşlərdə Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Prezident, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bununla da şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının ruhu şad oldu.
Hazırda Xocalı şəhərində bərpa işləri sürətlə həyata keçirilir. Xocalı faciəsinin 33-cü ildönümü ərəfəsində dövlət başçısı Ballıca kəndinə səfər edərək fərdi evlərin inşası və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub. Səfər çərçivəsində tikinti işlərinin keyfiyyəti və icra müddəti ilə bağlı müvafiq göstərişlər verilib. Yerli sakinlərlə görüş zamanı onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin görüləcəyi vurğulanıb. Görülən tədbirlər bölgənin sosial-infrastruktur inkişafını sürətləndirəcək.

Anar Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər