Prezident İlham Əliyev: "Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb"
Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycanın beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirakı, ökəmizin çəkisinin göstəricisidir. Çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu da, məhz dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur. Forum 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilib. "Bir neçə dəfə belə tədbirlər keçirilib. Müxtəlif ölkələrdən gəlmiş ekspertlər Azərbaycana səfər etdilər və qlobal gündəlikdə duran məsələləri müzakirə etdilər. Bütün bu səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaradır". Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib: "Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir". Əlbəttə ki, forumda "Yeni dünya nizamı" ətrafında fikir mübadiləsi aparılması yaranan çoxqütblü beynəlxalq nizamda əhəmiyyətlidir.
REGİONDA UZUNMÜDDƏTLİ ƏMƏKDAŞLIQDA AZƏRBAYCAN ƏSAS YER TUTUR
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Belə ki, ölkəmiz çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan əməkdaşlığa, sülh prosesinə sadiqdir. "Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşdırmağa imkan yaradıb", - deyən Prezident bildirib: "Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, görə bilərsiniz ki, əgər xəritəyə baxsaq, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanı nəinki bu prosesdən, o cümlədən ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq".
Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir.
"ERMƏNİSTAN AZƏRBAYCANIN ENERJİ RESURSLARI VƏ NƏQLİYYAT MARŞRUTLARI ÜÇÜN TRANZİT ÖLKƏYƏ ÇEVRİLƏ BİLƏRDİ"
Dövlətimizin başçısı çıxışında Ermənistanın hərəkətlərinin Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmadığını bildirib: "Bizim bütün şanslarımız var idi", - deyən Prezident qeyd edib: "Bütün dağıntılara, Azərbaycan xalqının əzab-əziyyətlərinə baxmayaraq, belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Əgər biz Azərbaycan-Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq - bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi".
Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi alımlar atır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edərək sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırlayıb. "Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər", - deyən Prezident forumda çıxışı zamanı bildirib: "Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm". Dövlətimizin başçısı "Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi", - deyərək diqqətə çatdırıb ki, Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi: "Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar "böyük bir Ermənistan" xülyası ilə yaşayırdılar".
"CƏNUBİ QAFQAZDA ARTIQ İNTEQRASİYA EDİLMİŞ BÖLGƏ ÜÇÜN HEÇ BİR MANEƏ QALMAYACAQ"
Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. "Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq", - deyə Prezident forum iştirakçılarının diqqətinə çatdırıb. "Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik", - deyən dövlətimizin başçısı bildirib ki, bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.
Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib. İki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Ölkəmiz sülh prosesinə bağlıdır və sözügedən sülh müqaviləsinin müəllifidir.
Azərbaycanın qlobal sülhə töhfə verməyə sadiq qalması təqdirəlayiqdir.
"QOŞULMAMA HƏRƏKATININ TƏSİSAT BAXIMINDAN İNKİŞAFINA DİQQƏT YETİRİRİK VƏ ONUN ÇOX NÜFUZLU BEYNƏLXALQ TƏŞKİLATA ÇEVRİLMƏSİNƏ ÇALIŞIRIQ"
Beynəlxalq aləmdə 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşamış oldu. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrinin yekdil qərarı ilə təşkilata sədrlik etmək kimi statusa malik olması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. "Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Bir yaxşı hekayətə imza atdıq", - deyən dövlətimizin başçısı hərəkatda müəyyən zəifləmənin olduğu zaman Azərbaycanın ona yeni dinamika gətirdiyini, parlament platformasını yaratdığını diqqətə çatdırıb: "O, uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platformasını təsis etdik. Bütün bunlar Azərbaycanın yaratdığı hekayətdən xəbər verir. Biz, eyni zamanda, Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetiririk və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq"
"AVROPA KOMİSSİYASINDA ÇƏHRAYI EYNƏKLƏRİ ÇIXARMALIDIRLAR"
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. Dövlətimizin başçısı qeyd edib: "COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Biz müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək veririk". Prezident "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: "Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər".
"İRANLA GENİŞ NƏQLİYYAT VƏ İQTİSADİ GÜNDƏLİYİMİZ VAR"
Suverənliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın bir çox dövlətlərlə münasibətlərinin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edilib, layihələr reallaşıb ki, bu da dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Əlbəttə ki, Azərbaycanla İran arasında münasibətlər təkcə qonşuluq bağları deyil, tarixi kök bağlılığıdır. Hər iki xalqın dili, ədəbiyyatı, adət-ənənələri və mətbəxi arasında oxşarlıqlar mövcuddur. Bu mədəni yaxınlıq ikitərəfli diplomatik əlaqələrin inkişafında mühüm rol oynamışdır. "Biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq", - deyə Prezident diqqətə çatdırıb. Son aylar ərzində iki ölkənin yüksəksəviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısı vurğulayıb: "Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var".
Prezident İlham Əliyev beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub.
"Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik", - deyən dövlətimizin başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib. Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: "Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar".
Məlumdur ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilmişdir və hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq səfirliyin mühafizə xidmətinin rəisini qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirmişdir. Bununla belə, səfirliyin əməkdaşları cinayətkarı tərk-silah etməklə onun cinayət əməllərinin qarşısını almışdırlar.
"ŞİMALİ KİPRDƏKİ QARDAŞLARIMIZI ƏMİN ETMƏK İSTƏYİRƏM, BİZ HƏR ZAMAN SİZİNLƏ OLACAĞIQ"
Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadığını bildirən Prezident İlham Əliyev bildirib ki, biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Dövlətimizin başçısı əlavə edib: "Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər".
Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib: "Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın".
Paytaxtımızda keçirilən Forum qlobal miqyasda Azərbaycanın rolunu ortaya qoymuş olur. "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq Forumda dövlət başçımızın çıxışı Azərbaycanın mövqeyinin, qlobal sülhə töhfə verməyə sadiq qalmasının, eləcə də möhkəm əməkdaşlığa söykənən siyasi kursunun ifadəsidir.
Zümrüd BAYRAMOVA