PDF Oxu

Siyasət

  • 415

Ulu Öndər Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

image

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikamız Avropaya və dünya birliyinə inteqrasiya edərək beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirdi. Müstəqil dövlətimiz beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilib. Azərbaycan hüquqi, demokratik və sivil dövlət prinsiplərini uğurla həyata keçirən ölkə kimi beynəlxalq aləmdə tanınıb. Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanla hərtərəfli əməkdaşlığına maraq artmış, iri infrastruktur layihələrin həyata keçirilməsində ölkəmizin zəngin təcrübəsi beynəlxalq aləmdə örnək olmuşdur. Qazandığımız bütün nailiyyətlərin, uğurların əsası Ümummilli Lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın müstəqilliyinin əbədiyyətə çevrilməsi, dünya birliyində özünəməxsus layiqli yer tutması, sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev respublikaya rəhbər seçilən gündən Azərbaycanın həyatında keyfiyyətcə yeni mərhələ başlandı. Ulu Öndərin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyində yeni iş metodu, yeni nəfəs, ab-hava yarandı. Respublikanı ağır vəziyyətdən xilas etməyin və tərəqqinin yolunu milli birlikdə görən qüdrətli Şəxsiyyət buna nail olaraq geniş planlarını tədricən həyata keçirməyə başladı. İlk növbədə xalqı düşündürən, narahat edən problemləri böyük əzmlə, inadla aradan qaldırdı, respublikanın tərəqqisi naminə əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirdi. Ümummilli Liderin siyasi zəkasının məhsulu olan qüdrətli Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşmasına nail olunub. Ulu Öndər ilk növbədə elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsindən başladı. Çünki hər bir müvəffəqiyyətə düşünülmüş siyasətlə, savadla, biliklə, elmlə nail olmaq mümkün idi. O, kadrların seçilib-yerləşdirilməsi, işgüzar, bacarıqlı, idarəetmədə təcrübəsi olan insanları irəli çəkməklə Azərbaycanın bütün sahələr üzrə inkişafının tərəqqisinin əsasını qoydu. Azərbaycan cəmiyyətinin yenidən qurulması sahəsində geniş miqyaslı işlər həyata keçirməyə başlayan böyük tarixi Şəxsiyyət tezliklə Azərbaycan Respublikasını keçmiş İttifaqın qabaqcıl respublikaları cərgəsinə çıxardı. Əsas sosial-iqtisadi göstəricilərinə görə Azərbaycan əksər respublikaları geridə qoydu. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, elmi-texniki potensialının hazırlanması böyük uzaqgörənliklə həyata keçirildi. Ulu Öndərin xalqına, Vətəninə bağlılığı sovet dövründə də özünü büruzə verdi. Belə çətin bir vaxtda Azərbaycan milli təfəkkürünü qoruyub saxladı.

AQRAR RESPUBLİKADAN İNKİŞAF ETMİŞ SƏNAYE RESPUBLİKASINA ÇEVRİLDİ

Böyük Şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanı, xalqını, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarıb. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olub. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edilib. Dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlandı və dərhal onların icrasına başlanıldı. Böyük Siyasətçi iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək yolunda qətiyyətlə, yorulmadan çalışırdı. Qısa bir zaman məsafəsində bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik və istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.

AZƏRBAYCAN DİLİ TARİXİN MÜXTƏLİF DÖNƏMLƏRİNDƏ

Unudulmaz dahi şəxsiyyət, böyük dövlət xadımı Heydər Əliyevin hələ sovetlər dönəmində – 60-cı illərin sonlarından başlayaraq davamlı şəkildə həyata keçirdiyi milli dil siyasəti – Azərbaycan dilinin dövlət dili statusunu qazanması və qanunvericilikdə təsbit olunması, dilin tətbiqi dairəsinin genişlənməsi, saflığı və zənginliyinin qorunmasına dair müvafiq tədbirlərin həyata keçirilməsi Azərbaycanda milli azadlıq ruhunun yüksəlişinə, milli özünəqayıdış və özünüdərklə yanaşı, milli ədəbiyyatın məna, mahiyyət və məzmun çalarlarının yenilənməsinə, ədəbi-bədii fikir arealının genişlənməsinə böyük imkanlar yaratdı. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılmışdır. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. Azərbaycan SSR-in sayca dördüncü Konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilib. 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Bu Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət idi. Əvvəlki konstitusiyalardan fərqli olaraq Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası öz müsbət və həmin dövr üçün cəsarətli, mütərəqqi müddəaları ilə seçilirdi. Bu Konstitusiyanın "Dövlət və şəxsiyyət" adlanan ikinci bölməsi vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi, onların yeni məzmunla və əlavə maddi, hüquqi təminatlarla zənginləşdirilməsi ilə səciyyələnirdi.

"AZƏRBAYCAN SOVET SOSİALİST RESPUBLİKASININ DÖVLƏT DİLİ AZƏRBAYCAN DİLİDİR"

İlk dəfə olaraq ölkəmizin Konstitusiya tarixində "xalq hakimiyyəti" və "demokratiya" terminləri məhz Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında qəbul olunmuşdur. "Azərbaycan SSR-də bütün hakimiyyət xalqa məxsusdur" ifadəsi burada yer almışdır. Həmin Konstitusiyanın digər maddəsində isə deyilir ki, sovet dövlətinin təşkili və fəaliyyəti demokratik mərkəziyyət prinsipinə: aşağıdan yuxarıyadək bütün dövlət hakimiyyəti orqanlarının seçkili olması, onların xalqa hesabat verməsi, yuxarı orqanların qərarlarının aşağı orqanlar üçün məcburi olması prinsipinə uyğun surətdə qurulur. 1978-ci ildə qəbul edilən yeni Konstitusiyada dil məsələsi əsas prinsiplərdən olmuşdur.

Qeyd etmək lazımdır ki, 1956-cı ilə qədər qəbul edilmiş Konstitusiyalarda, ümumiyyətlə, dövlət dili haqqında heç bir maddə olmamışdır. Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilib. Azərbaycan SSR-nın rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarət və qətiyyətlə bildirmişdir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ümummilli liderimiz Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada təklif olunmuşdur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi və Ümummilli liderimiz bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuş oldu.

MÜTƏRƏQQİ KONSTİTUSİYAMIZ

Müstəqilliyimizi bərpa etdikdən sonra Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Dahi Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali Sənəd müstəqil Azərbaycan Konstitusiyası kimi tarixə yazıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdi. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul edərək, Ana Qanunumuzda qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmiş oldu. Qeyd edək ki, Milli Məclisin 1995-ci il 2 may tarixli qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də keçirildi. Həmin iclasda çıxış edən Ulu Öndər Heydər Əliyev qeyd edib ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması olduqca mühüm bir tarixi hadisədir: "Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik". Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elan edildi. Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır”.

Xatırladaq ki, dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsini nəzərdə tutan antikonstitusion Qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.

1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Azərbaycan dilinin inkişafında Heydər Əliyev siyasətinin parlaq təzahürü olan fərman və sərəncamlar böyük əhəmiyyət daşıyır. 2001-ci ilin 18 iyununda Ümummilli Lider "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman - "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" mühüm bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi. Ümummilli Lider Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına göstərdiyi qayğı, Onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər