Prezident İlham Əliyev: "Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir"
"İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır". Bu fikirləri Prezident İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb. Dövlət başçımız qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir. Artıq üçüncü ildir ki, bu tədbir keçirilir. Prezident İlham Əliyev konfransın keçirilməsinə dəstək göstərib və itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində dövlətimizin başçısı qətiyyətli və prinsipial mövqeyini hər zaman sərgiləmişdi.
Hazırda Dövlət Komissiyasında 3990 nəfər itkin şəxs kimi qeydiyyata alınmış, bu vaxtadək işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının müəyyən olunaraq ekshumasiya edilib. İtkin düşmüş şəxslərdən artıq 187 nəfər şəxsiyyətin eyniləşdirilərək ailələrinə təhvil verilib, habelə axtarış-qazıntı işləri nəticəsində Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində növbəti kütləvi məzarlıq aşkarlanıbdır.
"CİNAYƏTİN İZLƏRİNİN İTİRİLMƏSİ BEYNƏLXALQ HÜQUQ NORMALARININ CİDDİ POZUNTUSUDUR"
İtkin düşmüş şəxslərlə bağlı məsələ ölkəmizin də üzləşdiyi ən ağır problemlərdən biri kimi qalmaqdadır. Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsi zamanı çoxsaylı soydaşımız itkin düşüb. Həmin şəxslərin taleyi bu günədək məlum deyil, onların ailələri öz əzizlərinin taleyinin müəyyənləşdirməsini böyük həsrətlə gözləyirlər. Azərbaycan da bu məsələdən əziyyət çəkən dövlərlərdəndir. "Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur", - fikirləri Prezidentin müraciətində yer alıb.
Müharibədən sonrakı dövrdə ilk kütləvi məzarlıqlar 2021-ci ilin fevral ayının 17-də Şuşa rayonunun Daşaltı qəsəbəsində aşkarlanmışdır. Orada aşkarlanmış iki kütləvi məzarlıqdan 28 nəfərə aid meyit qalığı ekshumasiya edilərək götürülmüşdür. Onu da qeyd edim ki, Daşaltı qəsəbəsində aşkarlanmış meyit qalıqları üzrə 14 itkin şəhidin eyniləşdirilməsi mümkün olmuşdur. Həmin şəxslər 26 yanvar 1992-ci il tarixdə Daşaltı qəsəbəsi uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan hərbçiləridir.
Sonrakı dövrdə isə işğaldan azad olunmuş ərazilərimizdə daha 29 kütləvi məzarlıq aşkar edilmiş, qazıntı işləri həyata keçirilmişdir. Bütövlükdə aşkar edilmiş 29 kütləvi məzarlıqdan Birinci Qarabağ müharibəsində itkin düşmüş 218 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq götürülmüşdür. Həmin meyit qalıqları üzrə 60 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilmişdir.
Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Birinci Qarabağ müharibəsində vətəndaşlarımızın itkindüşmə faktı ilə bağlı Dövlət Komissiyasına müraciətlərin sayı artmışdı. Bu müraciətlər eyni zamanda Xocalı soyqırımı zamanı yaxınları itkin düşmüş şəxslər tərəfindən də edilir. 2024-cü ildə edilmiş müraciətlərin araşdırılması nəticəsində daha 13 vətəndaşımızın Xocalı soyqırımı zamanı itkin düşməsi faktı müəyyən edilmiş və onlar müvafiq qaydada itkin düşmüş şəxs kimi qeydiyyata alınmışlar. Hazırda Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasının qeydiyyatındadır. Onlardan 168 nəfəri mülki, 42 nəfəri hərbçilərdir. Mülki şəxslərdən 38 nəfər uşaq (23 oğlan, 15 qız), 57 nəfər qadın (15 nəfəri ahıl yaşlı qadın), 30 nəfər qocadır. İtkin düşmüş 210 nəfərdən 95 nəfərinin işğal zamanı əsir-girov götürülməsi və saxlanmasına dair şahid ifadələri var.
Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsi zamanı çoxsaylı soydaşımız itkin düşüb. Həmin şəxslərin taleyi bu günədək məlum deyil, onların ailələri öz əzizlərinin taleyinin müəyyənləşdirməsini böyük həsrətlə gözləyirlər. Ermənistan tərəfi isə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən boyun qaçırır, iştirakçısı olduğu beynəlxalq sənədlərdə təsbit olunmuş normaları kobud şəkildə pozur.
"MÜHARİBƏ DÖVRÜNDƏ İTKİN DÜŞMÜŞ 187 NƏFƏRİN ŞƏXSİYYƏTİ EYNİLƏŞDİRİLMİŞ VƏ ONLAR DƏFN EDİLMİŞLƏR"
Əldə edilmiş son məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslər sayı 766 nəfəri mülki şəxs, 3202 nəfəri hərbçi olmaqla, ümumilikdə 3968 nəfərdir ki, mülki şəxslərdən 69-u uşaq, 283-ü qadın, 334-ü isə ahıl şəxsdir. Müraciəətdə vurğulandığı kimi, Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur: "1993-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn edilmişlər".
Məlumdur ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilmiş və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşmişdir. Münaqişə davam etdiyi müddətdə mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilmiş, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulmuşdur. Bütün bu hallar xeyli sayda soydaşımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri- müəyyən qalmasına səbəb olmuşdur.
Vurğulamaq yerinə düşər ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları ölkəmizə təqdim etmir. Azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində yalnız Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilir. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilib.
"BMT BU SAHƏDƏ SƏYLƏRİNİ DAHA DA ARTIRMALIDIR"
8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində paraflanmış "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" layihəsinin 9-cu maddəsi itkin şəxslərin taleyinin müəyyən edilməsi sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur. Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında son vaxtlarda mütəmadi əsasda davam edən təmasların, həmçinin müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi bu işdə uğurların əldə olunmasına səbəb olacaqdır. "2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması böyük tarixi hadisə olmaqla, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaradır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sazişinə münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında əhəmiyyətli vasitədir: "Bu baxımdan, Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir. Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir".
Qeyd etdiyimiz kimi, artıq üçüncü dəfədir ki, Azərbaycan itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. "Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır", - deyən Azərbaycan Prezidenti onu da əminlikdə bildirib ki, bu konfrans çərçivəsində keçiriləcək müzakirələr itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Zümrüd BAYRAMOVA