Sosial

  • 6 135

Şəhərin bizə töhfəsi: nələri itirib, nələri qazandıq?

image

Kəndin bizə qazandırdığı sağlamlığı meqapolis əlimizdən alır

Lift, kondisioner, mobil telefonlar, havalandırma sistemləri, fast-food qidalar və s. Həyatımızı asanlaşdırdığını düşündüyümüz texnologiya və alışqanlıqlarımız, əslində, o qədər də məsum deyilmiş, bunun gec fərqinə varırıq. Texnologiyanın inkişafı, “tez-bazar” yemək çeşidləri, meqapolisin bizi alışdırdığı fərqli adətlərimiz bizə həm də bol-bol xəstəlik gətirdi. Fizioloji və psixoloji tənbəllik, miqren, piylənmə kimi bəlalar elə dünya tibbində “şəhər xəstəlikləri” adı ilə tanınır.

Kondisionerli otaqlar

İnsanlar daha nə yayın istisindən, nə qışın soyuğundan qorxmur, çünki evimizdə də, iş yerlərlimizdə də, getdiyimiz mağazalarda, dincəldiyimiz istirahət mərkəzlərində də xüsusi sistemlər işləyir. Araşdırmalara görə kondisioner “legionella” adlandırılan mikrobların yaranmasına, yayılmasına səbəb olur. Bu mikrob ağciyər xəstəliklərinə, sətəlcəm və vərəmə səbəb olur. Bu virus immun sistemini zəiflədərək orqanizmin müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur.

Qulaq, diş iltihablanmasına, astma, bronxit, hətta xərçəngə belə səbəb olan “legionella” virusu insana miningit, baş və boyun ağrıları, onurğa problemləri, dəridə quruluq kimi xəstəliklər də “bəxş” edir. Ən maraqdoğuran məqam isə budur ki, davamlı olaraq kondisioner işləyən yerdə yaşayan adam hava mülayim olsa da, kondisioneri işə salmaq istəyir, çünki onda artıq asılılıq yaranıb.

Biz mobil telefonlara aşiq olmuşuq

Səhərlər oyanar-oyanmaz ilk əl atığımız əşya telefondur, elə deyil? İndi bir çoxumuz həyatımızı onsuz təsəvvür etmirik. Ekspertlər deyir ki, gündə təxminən 2 saat mobil telefonla danışan kişilərdə sperma sayı 30 faizədək azalır, onların sonsuzluq ehtimalı artır. Bundan əlavə hamiləlik dövründə mobil telefondan çox istifadə edən qadınların dünyaya gətirdiyi uşaqlarda DNT pozuqluqları, yaddaş problemləri rastlanır. Mobil telefon genefond qatilidir desək, yeridir.

Bədən mobil telefonun yaydığı dalğanın ən az yarısını mənimsəyir. Bu təhlükəli dalğalar sonradan insan orqanizmində müxtəlif xəstəliklərə səbəb olur. Yaddaş problemi, fikir dağınıqlığı da bu problemlərdəndir. Əvvəllər şəhər həyatının vacib şərtlərindən olan mobil telefonlar, əslində, son illər kəndlərdə də imtinaedilməz predmetə çevrilib. Böyükdən kiçiyə hamının əlinə yapışmış vəziyyətdə olan bu kiçik düşmənlər insana ondan imtina edilməyəcək qədər çox imkan yaradır.

Pilləkənsiz binalar insan dostudur

Əvvəllər yuxarı mərtəbələrə çıxmaq üçün pilləkanlardan istifadə edirdik, son illər 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxmaq üçün belə liftə minirik. İndi şəxsi evini 2-3 mərtəbəli tikdirib içinə lift inşa etdirənlər var. Qısaca desək, lift sağlamlığımızı əlimizdən alıb.

Yaxşı xatırlayıram, bir neçə il əvvəl idi, müsahibə almaq üçün Gənclər və İdman Nazirliyinə getmişdim. Nazirlik binası 4 mərtəbəlidir, ən sonuncu mərtəbəyə qalxmalı idim. Birinci mərtəbənin foyesində nə qədər axtardım, lifti tapa bilmədim. Geri qayıdıb mühavizədən soruşmaq istədim, elə bu dəm yuxarı mərtəbədən düşən ahıl yaşlı bir nəfəri gördüm, “müəllim, lifti tapa bilmirəm, hardadır?” deyə soruşdum. Əvvəl gülümsədi, sonra da “xanım qızım, bura Gənclər və İdman Nazirliyidir” dedi. Lifti yoxmuş binanın sən demə…

Mədəniyyətimizi “mədə niyyəti”nə çevirdik

Gərgin iş rejiminin, stressin bizim orqanizmimizdə qoyduğu silinməz izlərdən biri də mədə xorasıdır. Səhərlər normal səhər yeməyi – yağ, pendir, qaymaq, yumurta, süd kimi qidalarla qidalanmaq əvəzinə iş yerinin bufetində bir parça ağ bulka və tünd kofe ilə qəlyanaltı edən insanlar çoxdur, elə deyil? Bu yazını oxuyan oxucu, bəlkə sən də elə qidalanırsan. İndi insanların əksəriyyəti günortalar çörək arası fast-foodla qidalanır, mənşəyi bilinməyən qazlı sular içir və bununla da mədə xorasını özləri dəvət edir.

Əsrimizin bəlasına çevrilən piylənmə də ətrafımızda kifayət qədər insanın problemidir. Hazır qidalar, zərərli vərdişlər nəticəsində orqanizmdə yağ miqdarının sürətlə artması bu xəstəliyin boy qaldırmasına imkan yaradır. Üstəlik, bir çoxumuz iş günlərində sağlam ev xörəkləri yerinə ayaqüstü qidalanmalı oluruq, kimimiz məcburiyyətdən, kimimiz könüllü. Ləzzətinə heyran olduğumuz fast-food yeməkləri daha sonra artıq çəki olaraq bədənimizdən sallananda peşman olsaq da gec olur. Arıqlamağa çalışırıq, amma pilləkan yerinə lift, piyada gəzmək yerinə maşına minməyin verdiyi komfort arıqlamaq istəyimizi anında boğur.

Hava havalandırma sistemi ilə ölümə çevrilir

Xərçəng xəstəliyinin kökü şəhərlərdə yarandı, sonra kəndbəkənd dolaşdı. Yaşadığımız hər süni mühitdə xərçəngi yaradan bir çox səbəb var. Evlərimizin döşəməsinə çəkilən kimyəvi boyalar, təbii ot yerinə parklara döşənən süni yaşıl örtüklər, çəkdiyimiz və çəkmədən tüstüsünə məruz qaldığımız siqaretlər...

Son illər xərçəngin yayılmasının ən mühim səbəblərindən biri kimi ofislərin havalandırma sistemi göstərilir. Böyük otellərdə, supermarketlərdə və qapalı ofislərdə işləyənlər daha çox risk altındadır. Diabet xəstələri, alkoqoliklər, yaşlılar və körpələr, kimyaterapiya alanlar, böyrək çatışmazlığı və xroniki ağciyər xəstəlikləri olan insanlar üçün süni havalandırma sistemi işləyən məkanlarda işləmək həyati risk daşıyır.

Özümüzə ev yox, qəbir alırıq

Yorğun iş gününün stressini atmaq üçün dayanmadan içdiyimiz kofeinli içkilər – kofe, kola… Bu içkilərin insanda vəlvələ kimi bir xəstəlik yaratdığını bilirdinizmi? Vəlvələ xəstəliyi daim qorxu altında, ətrafından təhlükə gözləyən, hər an pis nəsə baş verəcəyi fikri ilə yaşayanların xəstəliyidir. Onlarda güvənmək hissi azalır, hamının ona pislik edəcəyi fikrinə düşürlər.

Bu xəstəlik həm də qapalı ofislərdə, günəş görməyən evlərdə yaranır. Ətrafla təmasımız minimuma enir, ünsiyyətmiz olmur. Daha çox yerə qənaət edib daha çox mənzil satmaq istəyən işbazların qurbanı olduğumuzu hamımız bilirik, amma şəhərdə yaşamaq istəyi o yüksəkmərtəbəli binalardakı mənzillərdən birini bizə aldırır. Pul verib özümüzə qəbir alırıq desək, daha doğru olar. Çünki bir-birinin dibində inşa edilən bu yüksəkmərtəbəli evlərə gün düşmədiyi üçün evimiz rütubət və xəstəlik yuvasına çevirilir.

Monotonluq bizi bezdirir

Hər gün işə get, saatlarını tıxaclarda sərf et, işdə hər günkü prosesi təkrarla, yenidən bir neçə saatını tıxaca qurban ver, axşam evə gəlib sabah yenidən eyni monotonluğu təkrarlamaq bir çoxumuzun əsəblərini gərir. Bunun nəticəsində də depressiv duruma düşürük. Üstəlik, sabah yenə işə getməyə məcbur olduğumuz üçün özümüzü enerjili hiss edək deyə bir çoxumuz antidepressant dərmanlar içirik. Adı antidepressant olmasına baxmayaraq müvəqqəti depressiyadan çıxardığı adamı daha betər bədbinliyə məhkum edən bu dərmanlar çox təhlükəlidir.

Yaratdığı problemlərdən biri də yaddaşsızlıqdır. Heç eynəyiniz gözünüzdə ikən onu axtardınızmı? Bəs telefonla danışa-danışa evin hər küncünü axtarıb “bu telefon hanı görəsən” deyə deyindinizmi? Üstəlik bu problem yaşlı olanlarda deyil, gənclərdə də çox rastlanır. Səbəbi də şəhər həyatının qaynarlığı, stressidir. Üstəlik yaddaş pozuqlğunda qidalanmanın da böyük rolu var.

İnternet demə, hava de, su de

Texnologiyanın misilsiz inkişafı bizə internet kimi nəhəng bir dünya bəxş elədi, indi onun sayəsində məsafələr qısalıb, uzaqlar yaxın olub, yadlar doğmalaşıb. Amma düşündükcə ondan asılı halda yaşadığımızı da anlayırıq. Dünyada 100 milyonlarla insan internet istifadəçisidir. Həm də bunu şüurlu halda edərək özümüzü könüllü onun əsirliyinə vermiş sayılırıq. Olmayanda nəfəsimiz daralır, qanımız qaralır. İnternetsiz bir gün keçirmək yerinə ac qalmağı üstün tutanlar çoxdur.

Şəhər xəstəliklərindən biri də əlacı tapılmayan miqren hesab edilir. Dünya tibbinə görə bu xəstəliyin müalicəsi olmasa da həkimlər miqrendən nisbətən qurtulmağı mümkün hesab edirlər ki, bu yol da kənd həyatıdır. Miqren beyin damarlarının sıxılaraq beyinə qan işləməməsi nəticəsində yaranan xəstəlikdir, həkimlər hesab edir ki, qaynar həyat, güclü stress, səs-küy bu xəstəliyi oyadır. Odur ki, kənd həyatı ilə barışıq halda yaşayın, fürsət olduqca istirahətə böyük şəhərlərə yox, kiçik kəndlərə gedin, ayaqlarınız süni ota deyil, torpağa dəysin.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər