İmişlidə 1289 azyaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

8 Yanvar 2020 14:18 (UTC+04:00)

Təhsil Nazirliyinin məktəbəhazırlıq qrupları ilə bağlı müvafiq əmrinə əsasən, İmişlinin 52 ümumtəhsil məktəbində 79 məktəbəhazırlıq qrupu yaradılıb.Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məktəbəhazırlıq qruplarına sənədlərin qəbulu avqustun 15-dən sentyabrın sonunadək aparılıb. Qruplarda məşğələləri aparmaq üçün təcrübəli ibtidai sinif müəllimləri müəyyənləşdirilib və onlar təlim kurslarına cəlb olunublar. Oktyabr ayından fəaliyyətə başlayan məktəbəhazırlıq qruplarından ikisində tədris rus dilində aparılır.Məktəbəhazırlıq qruplarının yaradılması həm uşaqları hər hansı hazırlıq məşğələlərinə aparmaqdan azad edir, həm də onların məktəbə adaptasiyasını asanlaşdırır. Azyaşlılar dövlət tərəfindən əyani vəsaitlərlə təmin olunub.Qeyd edək ki, rayonda 1289 azyaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub. Bu da İmişlidə növbəti tədris ilində birinci sinfə gedəcək uşaqların 75 faizini təşkil edir.
AZƏRTAC