Səhnəmizin gözəllik ilahəsi

8 Yanvar 2020 17:04 (UTC+04:00)

Dövlət başçısının Sərəncamı ilə Xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyi qeyd olunacaq

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəyli ömrünün ən gözəl illərini səhnəyə həsr edərək, sənət tarixinə öz möhürünü vura bilmişdir. Bir ömrün tarixinə neçə-neçə obrazlar yazılmış və hər bir rolunda Leyla xanımın bənzərsiz ifası diqqəti çəkir. Fitri istedad, gözəllik, zəhmət bir zəngin tablonun - Leyla Bədirbəyli tablosunun yaradılmasına səbəb olmuşdur. Tale və sənət naxışında Leyla xanım, bənzərsiz bir aktirasa olaraq, milyonların qəlbində yuva salmış oldu.
Görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində, öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq, Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı vermişdir. Aktrisa "Arşın mal alan" filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanmış, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirmişdir.
Qeyd edək ki, aktrisa 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Leyla uşaqlığını Bakıda İçərişəhərdəki evlərində keçirib. Anası Bikə xanım Əli Bayramov Klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leyla Bədirbəyli 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri, məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna", "Bakının işıqları" filmlərində çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olub. 1945-cü ildə "Arşın mal alan" filmi çəkilməyə başlayıb. Leyla Bədirbəyli Üzeyir Hacıbəylinin dəvəti və təşəbbüsü ilə filmə çəkilib. 1959-cu ildə Azərbaycan teatr xadimi, Azərbaycan SSR xalq artisti adına layiq görülmüş, 1972-ci ildə isə Azərbaycan SSR Dövlət Mükafatları Laureatı adını almışdı.
Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat etmişdir. Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.

Zümrüd BAYRAMOVA