Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyi Tbilisidə qeyd olunacaq

13 Yanvar 2020 10:53 (UTC+04:00)

Yanvarın 14-də Tbilisidə Gürcü Teatr Günü qeyd ediləcək. Budəfəki tədbir bütünlüklə Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyinə həsr olunacaq. SİA-nın məlumatına görə, bu sözləri “Gürcüstan Teatr Cəmiyyəti” Yaradıcılar Birliyinin sədri Qeorgi Qeqeçkori söyləyib.Bildirib ki, bu il ilk gürcü teatrının yaranmasının 110 illiyi qeyd olunur. Builki bayram Qax Dövlət Gürcü Dram Teatrının fəaliyyətinə həsr olunacaq.Onun sözlərinə görə, Qax Dövlət Gürcü Dram Teatrı xarici ölkələrdə yaradılmış ilk və yeganə mədəniyyət ocağıdır. Azərbaycan dövləti gürcü xalqına qarşı hər zaman diqqət və qayğı göstərib.“Qax teatrına dövlət statusunun verilməsi, Əlibəyli kəndində modern məktəbin tikilməsi Azərbaycan dövləti tərəfindən gürcülərə göstərilən yüksək diqqətin bariz nümunəsidir. Biz buna görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”, - deyə Q.Qeqeçkori vurğulayıb.Bildirilib ki, yubiley tədbirində Qax Dövlət Gürcü Dram Teatrının kollektivi müxtəlif tamaşalardan parçalar göstərəcək, mahnı və rəqslər ifa edəcəklər.Teatrın kollektivi üçün müəyyən təltiflər də nəzərdə tutulub.Qeyd edək ki, 1981-ci ildə Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Kollektiv 1985-ci il mayın 31-də Xalq teatrı adını alıb.Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı və Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli qərarı ilə teatra dövlət statusu verilib.

sia.az