Deputatlığa namizəd Elman Məmmədov seçicilərlə görüş keçirib

24 Yanvar 2020 11:32 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Elman Məmmədov parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdam rayonu, Mirzələr qış yatağında seçicilərlə ilk görüşünü keçirib.

Görüşdə çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev partiya tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun ötən illər ərzində fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Elman Məmmədov Milli Məclisin deputatı kimi qanunvericilik aktlarının qəbulunda hər zaman fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.
Görüşdə çıxış edən deputatlığa namizəd Elman Məmmədov əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.
Tədbirdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində növbəti dəfə YAP-ın 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədi Elman Camal oğlu Məmmədova səs verəcəklərini bəyan ediblər.

yap.org.az