"Aksiyalar yalnız xaos və qarşıdurma yaratmaq məqsədinə xidmət edir" ÖZƏL-MÜNASİBƏT

14 Fevral 2020 14:16 (UTC+04:00)

"Bu gün əgər rəsmi orqanlar tərəfindən şikayətlərin edildiyi dairələr üzrə konkret işlər görülürsə və hətta seçkinin nəticələrinin ləğv olunması ilə bağlı konkret faktlar meydana gəlirsə belə vəziyyətdə müəyyən kütləvi aksiyalar vasitəsilə prosesə təsir göstərməyin bir lüzumu və məntiqi qalmır. Ola bilsin ki, fevralın 16-na mitinq təyin etmiş qüvvələr belə bir qərarı seçkinin nəticələrinin araşdırılmağa başladığı və hətta sərt də olsa obyektiv ləğvetmə qərarlarının verilməsindən əvvəl qəbul ediblər". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, ona görə ehtimal etmək və gözləmək mümkündür ki, fevralın 16-na mitinq təyin etmiş qüvvələr bu mitinqi könüllü şəkildə hakimiyyət orqanları ilə razılaşdırılıb-razılaşdırılmamasından asılı olmayaraq həmin etiraz aksiyasını təxirə salacaqlar: "Çünki artıq rəsmi orqanlar səviyyəsində başladılmış araşdırma prosesi konkret bir prosesdir, nəticələri var. Gözləmək olar ki, bundan sonra da yeni şikayətlər və yeni-yeni dairələrlə bağlı bu cür qərarlar olacaq. Belə şəraitdə aksiyanın keçirilməsinə heç bir lüzum və məntiq qalmır. Sadəcə olaraq onun ifadəsidir ki, kütləvi aksiyaların keçirilməsində maraqlı olan qüvvələr seçkinin nəticələrinin araşdırılmasında yox, ölkədə qarışıqlığın və xaosun yaradılmasında maraqlıdırlar. Buradan məntiqi sual meydana çıxır. Əgər kütləvi aksiyaların keçirilməsi ilə müəyyən dairələrdə seçkilərin şübhəli nəticələrinə aydınlıq gətirilməsini istəyirsinizsə, o halda rəsmi orqanlar əgər həmin araşdırmaları aparırlarsa o zaman kütləvi aksiya keçirməyin məntiqi qalmır.Aydın şəkildə görünür ki, bu vəziyyətdə keçirilən aksiyalar yalnız xaos və qarşıdurma yaratmaq məqsədinə xidmət edir. Mübahisəli seçki dairələrində meydana çıxan müəyyən şübhəli görüntülərin araşdırılması həm dövlət başçısının, həm də seçki ilə bağlı fəaliyyət göstərən müəyyən icra strukturlarının ortada olan konkret iradəsidir. Prezident Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılış mərasimində etdiyi çıxışda bütün faktların araşdırılacağını və müqəssirlərin cəzalandırılacağı ilə bağlı konkret bir bəyanat verdi. Məhz həmin konkret bəyanatların nəticəsidir ki, bu gün müəyyən dairələrdə araşdırmaların aparıldığının şahidi oluruq".

sia.az