"Konqrensmenlərin addımı Vaşinqtonun ədalətli vasitəçilik siyasətinə kölgə salır” RƏY-ÖZƏL

24 Fevral 2020 12:35 (UTC+04:00)

"ABŞ Konqresinin bir neçə üzvü martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçiriləcək qondarma rejimin seçkilərini müşahidə edəcəyini açıqlayıb. ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlətin konqrensmenlərinin münaqişənin həllinə zərbə vuran açıqlama və fəaliyyəti beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı Vaşinqtonun ədalətli vasitəçilik siyasətinə kölgə salmış olur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.O bildirib ki, ABŞ administrasiyası və Dövlət Departamenti Ukrayna və Gürcüstandakı separatçılara necə embarqo tətbiq ediblərsə, bunu Qarabağdakı separatçılara da tətbiq etməlidirlər: “Sanksiyalar tətbiq olunsa, o zaman heç bir konqresmen Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edə bilməz. Sual oluna bilər ki, niyə konqresmenlər Abxaziya, Cənubi Osetiya və Donbasa səfər edib oradakı seçkiləri müşahidə edə bilmir, amma Qarabağa gəlirlər? Qarabağla bağlı isə, tamam beynəlxalq hüquqa zidd mövqe tutmaqla, həmçinin vasitəçi dövlət kimi neytrallallığını nəzərə almadan dövlət deyil, maddi maraqları üstün tutub bu yanlış siyasətə gedirlər”.Politoloq söyləyib ki, bu gün Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsinin səbəblərindən biri Minsk qrupunun həmsədr dövlətlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərdə fəaliyyətinə görədir: “Məhz buna görə də, Ermənistan danışıqlarda hər gün bir mövqe ortaya qoyur”.M. Əsədullazadənin fikrincə, danışıqların imitasiyasına yol verməmək üçün Azərbaycan atəşkəsə əməl etməsində maraqlı olmamalıdır: “Rəsmi Bakı öz işğal olunmuş ərazilərində keçiriləcək qanunsuz seçkilərdə iştirak etmək istəyən dövlətlərə kəskin etiraz etməli və indidən danışıqlar aparıb buna imkan verməməlidir”.

sia.az