Muzeydə “Xocalı unudulmaz qan yaddaşımızdır” adlı tədbir keçirilib

26 Fevral 2020 14:44 (UTC+04:00)

AMEA Milli Azərbaycan Tarixi Muzeyində YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə “Xocalı unudulmaz qan yaddaşımızdır” adlı tədbir təşkil olunub. Dövlət Himninin səsləndirilməsi ilə açılan tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova tədbiri açıq elan edib. Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz dərs olduğunu qeyd edərək, bu qanlı hadisənin dünya ictimaiyyətinə təbliğində Muzey əməkdaşlarının və YAP üzvlərinin fəallığından bəhs edib. “Xocalı qətliamı XX əsrin faciəsi” adlı video-çarx izlənildikdən sonra muzey əməkdaşlarının məruzələri dinlənilib.

YAP “Azərbaycan tarixçiləri” təşkilatının sədr müavini, muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadə “Muzeyin Xocalı arxeoloji kolleksiyası”, muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “İşğal olunmuş ərazilərdə aşkarlanan numizmatik tapıntılar”, muzeyin Elmi-kütləvi iş şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Tolerantlığa gedən yol”; muzeyin Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Sevinc Nəsirova “Xocalı - Azərbaycan qadınlarının faciəsi”, muzeyin əməkdaşı Gülnar Fərhadova “Xocalı soyqrımının rayonlarda təbliği”, muzeyin Etnoqrafiya elmi fond şöbəsinin kiçik elmi işçisi Fatimə Qəniyeva “Xocalını tanıdaq və yaşadaq” adlı məruzələr təqdim ediblər.
Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d., dos. Tural Şiriyev və Sənədli mənbələr fondunun müdiri Esmira Rəhimova Xocalı faciəsindən ibrət almağın və bunu unutmamağın gələcək nəsillər üçün vacibliyini vurğulayıblar.
Tədbirin bədii hissəsində muzey əməkdaşı Gülnar Fərhadovanın da rol aldığı “Xocalı” faciəsinə həsr olunmuş “Günahsızlar” filmi (senari müəllifi: Jalə Sərdarzadə, rejissor: Mahir Dərviş) izlənilib və Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri Arif Səfərli və Cəmilə Heydərovanın ifasında şeirlər səsləndirilib.

sia.az