"Dövlət başçısının genişmiqyaslı, proqram xarakterli nitqi oldu" ÖZƏL-MÜNASİBƏT

10 Mart 2020 17:47 (UTC+04:00)

"Bu gün artıq Milli Məclisin ilk iclası keçirildi. Fürsətdən istifadə edərək ilk növbədə bu gün parlamentdə təmsil olunan deputatların hər birini bu şərəfli vəzifəyə layiq olduqlarına görə təbrik edirəm və gələcək fəaliyyətlərində uğurlar arzu edirəm". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib."Eyni zamanda Milli Məclisin bugünkü ilk iclasında Prezident İlham Əliyev də iştirak edirdi. Dövlət başçısının burada genişmiqyaslı, proqram xarakterli nitqi oldu və Milli Məclisə gələcək fəaliyyəti ilə bağlı tövsiyyələrini verdi. Bununla belə ölkədə və beynəlxalq siyasətdə Azərbaycanın həyata keçirdiyi uğurlar, eyni zamanda bu uğurları gözügötürməyən qüvvələrdən də bəhs etdi. Dövlət başçımız ölkədə aparılan islahatlarla, o cümlədən kadr islahatları ilə bağlı fikirlərini bildirdi. Milli Məclisin yeni seçilmiş sədri və müavinlərini, komitə sədrləri və müavinlərini də ölkədə aparılan islahatların tərkib hissəsi kimi qeyd etmək olar. Rəhbərlikdə əsasən yeni simalardan ibarət insanlar oldu. Hər birimiz də inanırıq ki, gələcək növbəti beş il ərzində Azərbaycan parlamenti Azərbaycanın qanunvericilik bazasının möhkəmlənməsi, ölkədə həyata keçirilən islahatların daha sürətlə reallaşması üçün yeni qanun layihələri üzrə mövcud qanunların təkmilləşdirilməsinə dair öz töhvəsini verəcəkdir”, - deyə, deputat fikrini tamamlayıb.

sia.az