Nəsib Məhəməliyev: Ölkəmiz daha da sürətlə inkişaf edərək dünya birliyində mövqelərini gücləndirəcək

12 Mart 2020 11:48 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında tarixi bir çıxış etdi. Bu tarixi çıxışı zamanı cənab Prezident, Azərbaycanın gələcək inkişafını təmin etmək, cəmiyyətin bütün təbəqələrini birləşdirmək,əhalini narahat edən problemləri operativ həll etmək,vətəndaş məmnunluğunu təmin etmək, qanunverici və icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi üçün strateji yol xəritəsini cızdı”. Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, dövlətimizin başçısı çıxışında ilk olaraq beşinci çağırış Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirdi, bu da ölkə başçısının öz komandasının üzvlərinin keçmiş fəaliyyətinə verdiyi xeyirxahlıq jesti kimi qəbul olunmalıdır: “Etiraf etmək lazımdır ki, əvvəlki çağırışlarda deputatların qaldırdıqları bir çox məsələlərə ayrı-ayrı məmurlar tərəfindən qanunauyğun reaksiya verilmirdi. Bu da nəticə etibarilə deputatların, bütövlükdə parlamentin nüfuzuna xələl gətirir, inamsızlıq yaradırdı. Cənab Prezident bu və digər çoxsaylı problemlərin operativ həll olunması üçün ayrı ayrı nazirliklərə, məmurlara parlamentlə sıx təmasda olmağı, millət vəkillərinin qaldırdıqları məsələlərə ciddi yanaşmağı tapşırdı. Qəbul olunan qanunların icrasına nəzarət etmək mexanizmi, dünya parlamentarizmində geniş yayılmış, eyni zamanda ən effektiv praktika hesab olunur və düşünürəm ki, Prezidentin apardığı islahatlarda məhz bu müddəanın tətbiqi olduqca əhəmiyyətlidir”.
Millət vəkili qeyd edib ki, son günlər dünya bazarında neftin qiymətlərinin kəskin düşməsi ilə bağlı yaranmış narahatlıqlar və ajiotajla bağlı Prezidentin verdiyi iqtisadi təhlil, xalqın eşitmək istədiyi fikirlər olmaqla bərabər, Azərbaycanın iqtisadi cəhətdən sabit ölkə olduğunu bir daha göstərdi.
N.Məhəməliyev söyləyib ki, fevral ayında keçirilən seçkilərdən sonra müəyyən siyasi qüvvələr, heç bir parlament islahatlarının aparılmayacağı haqqında əhali arasında müxtəlif şayiələr yayırdılar. “Ancaq cənab Prezident hər zaman olduğu kimi, bu dəfə də necə uzaqgörən, peşəkar bir dövlət xadimi olduğunu sübut etdi.Parlamentin rəhbərliyi tamamilə dəyişdi. İlk dəfə olaraq,müxalifət partiyalarının nümayəndələri həm parlament, həm də komitə rəhbərliklərində təmsil olundular. Parlamentə düşən və ya düşməyən müxalifət partiyaları ilə Prezident Administrasiyası arasında dialoq mühiti yaradıldı. Hörmətli Sahibə Qafarovanın spiker seçilməsi isə müasir dünyada gedən proseslərlə ayaqlaşmaq və Azərbaycanın dünyəvi dövlət olmasının göstəricisidir. Xarici ölkələrdən və daxildən gələn müsbət reaksiyalar əminlik yaradır ki, Azərbaycan Prezidenti İlham Əliyevin digər sahələrdə olduğu kimi, qanunverici orqanda da həyata keçirdiyi islahatlar öz müsbət nəticələrini verəcək, ölkəmiz daha da sürətlə inkişaf edərək dünya birliyində mövqelərini gücləndirəcək”-deyə, millət vəkili vurğulayıb.

yap.org.az