"Prezidentin Milli Məclisin ilk iclasındakı çıxışı tarixi çıxış idi" - AÇIQLAMA

12 Mart 2020 16:02 (UTC+04:00)

“Azərbaycan Prezidentinin altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı məzmun etibarilə konseptual, çağırışlar etibarilə tarixi çıxış idi”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan qəzetinin baş redaktoru, siyasi şərhçi, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.H.Babaoğlu bildirib ki, əslində bu çıxışda irəli sürülən fikirlər və vəzifə kimi müəyyənləşdirilə biləcək tövsiyyələr siyasi sistemimizdə və ictimai münasibətlər sistemimizdə yeni tarixi mərhələ yaradacaq keyfiyyət mərhələsinin başlanğıcı da hesab edilə bilər: “Çünki Prezident İlham Əliyev siyasi sistemimizin möhkəmləndirilməsi, siyasi proseslərin sağlam zəmində gücləndirilməsinin vacibliyi, genişmiqyaslı siyasi islahatların aparılması və yeni siyasi konfiqurasiyadan danışıb. Bunlar önümüzdə nə qədər dərin və məzmunlu islahatların həyata keçiriləcəyinin anonsu, bu islahatları təmin edəcək siyasi iradənin qətiyyəti kimi qəbul edilə bilər. Elə yeni parlamentin tərkibi və parlament rəhbərliyinin çoxpartiyalı əsaslarda formalaşması da bunun əyani sübutudur. Çünki bu vaxta qədər parlamentarizm tariximizdə Milli Məclisin sədr müavinlərinin müxalifət və bitərəf vəkillərdən təşkil olunması təcrübəsi yox idi və altıncı çağırışda bu bir ilk oldu”.Deputat qeyd edib ki, paralel olaraq komitə sədri və müavinlər səviyyəsində də müxalif və bitərəflərin iştirakçılığının təmin olunması artıq Milli Məclisdə yeni siyasi konfiqurasiya yaratdı ki, bu da ayrıca bir yenilikdir: “Aparlan islahatlar kontekstində bu islahatların bütövlükdə siyasi sistemimizi tam əhatə edəcək qədər dərinləşməsini də proqnozlaşdırmaq olar. Azərbaycan Prezidentinin nitqində ən əsas məsələlərdən biri də millət vəkili ilə seçicilər arasında yeni münasibətlərin yaradılmasının zəruruliyi ilə bağlı idi”.H.Babaoğlu vurğulayıb ki, bu vaxta qədər deputat-seçici münasibətləri bəzi hallarda elə seçki dövrü ilə məhdudlaşırdı. Bu da seçicilərin problemlərinin həlli, yaxud onların məmnun edilməsi məsələsində ciddi problemlər yaradırdı: “Önümüzdəki mərhələdə bu xoş olmayan hal da aradan qalxacaq və beləliklə seçici səs verdiyi deputatla sıx ünsiyyətdə olmaqla qarşlıqlı etimada əsaslanan münasibətlər qura biləcək. Nəticə etibarilə həm problemlər həll ediləcək, həm də ümümi əlaqələrimizdə ictimai etimad mühiti formalaşacaq. Bu isə özlüyündə cəmiyyətin və siyasi sistemimizin inkişafı baxımından olduqca əhəmiyyətli sosial faktordur. Əminəm ki, hər bir millət vəkili Azərbaycan Prezidentinin çıxışını özünün fəaliyyət proqramı kimi qəbul etməklə siyasi sistemimizin daha da güclənərək yeni keyfiyyət mərhələsinə qədəm qoymasına öz töhfəsini verəcək”.

sia.az