Arzu Nağıyev: "Müharibədə iştirak edib status almayan şəxslər var"

16 Mart 2020 14:35 (UTC+04:00)

“Gədəbəy zonasında təxminən 300 nəfərə, Tovuz zonasında isə 400 nəfərə yaxın müharibə veteranı statusu almayan şəxslər var. Baxmayaraq ki, bu şəxslər müharibədə iştirak ediblər, lakin müəyyən səbəblərə görə, onlara hər hansı statusun verilməsi məsələsi öz həllini tapmayıb”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.O bildirib ki, həmin şəxslərə məsələnin həllində yardım göstərilməsi vacib olardı.Deputat vurğulayıb ki, təxmini hesablamalara görə, Azərbaycanda 80 minə yaxın veteran 80 manat məbləğində olan müavinəti alır və bu da cənab prezidentin apardığı sosial siyasətin nəticəsidir.A. Nağıyev qeyd edib ki, həm Tovuzda, həm də Gədəbəydə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəş altında saxlanılan torpaq sahələri var: “ Bu baxımdan da insanlar orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilmirlər. Bu da həmin əhali üçün böyük problemə çevrilir. Bununla bağlı ATƏT-in Minsk qrupuna müraciət etmək lazımdır ki. atəşkəs rejiminə əməl edilsin. Həmçinin təklif edərdim ki, Ermənistanla həmsərhəd olan həmin ərazilərdə iqtisadi zonaların yaradılması məsələsinə də baxılsın”.Televiziya və saytlarda özünü reklam edən həkimlərlə bağlı məsələyə toxunan deputat hər əməliyyata qiymət qoyan bəzi həkimlərin peyda olduğunu dilə gətirib: “ Lakin sonradan aydın olur ki, həmin əməliyyatı digər həkimlər daha ucuz qiymətə həyata keçirirlər. Hesab edirəm ki, bu məsələyə də aydınlıq gətirilməlidir”.

sia.az