"Media həm də bir məlumatdırma işi aparmalıdır" ÖZƏL-MÜNASİBƏT

18 Mart 2020 11:57 (UTC+04:00)

"Ümumiyyətlə koronovirus xəstəliyi hələ təzə başlayanda bunun ətrafında çox ciddi şəkildə panika yaradılmışdı. Sosial şəbəkələrdə həmin panikanı yayan qurumlardan biri kimi çıxış edirlər". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib."Çox təəssüf ki, bəzən bizim ənənəvi KİV qurumları da həmin sosial şəbəkələrin təsirinə düşərək panika yaradıcı informasiyaları yayırdılar. Amma bizim dövlət qurumlarının operativ tədbirlərindən sonra yəni Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılandan sonra onların müraciətləri oldu. Eyni zamanda ölkənin jurnalist təşkilatlarının, digər hüquq-mühafizə orqanlarının müraciəti oldu ki, media bu cür panika yaradan hallardan qaçsın və ancaq rəsmi qurumların materiallarını versin. İndi Mətbuat Şurasının apardığı monitorinqlər göstərir ki, bizim ənənəvi KİV qurumlarının böyük əksəriyyəti bu prinsiplərə əməl edirlər. Çalışırlar ki, panika yaradan xəbərlər yox, normal rəsmi xəbərləri yaysınlar. Bu yaxşı haldır və demək olar ki, KİV qurumlarının əksəriyyəti bu prinsiplərə əməl edirlər. İndi bir məsələ var ki, bu koronovirus pandemiyası getdikcə şiddətlənir və hələki bunun qarşısını almaq mümkün olmayıb. Bunun da bir səbəbi ondan ibarətdir ki, adamlar özləri koronovirusdan yayınmaq üçün lazım olan təlimatlara düzgün əməl etmirlər. Yəni onlar bu virusun mahiyyətini tam dəqiq başa düşmürlər. Baxmayaraq ki, dövlətlər çox ciddi önləyici addımlar atırlar amma adamların buna reaksiyası bir az normal deyil. Hal-hazırda virusun yayılmasının əsas səbəblərindən biri kimi də budur. Ona görə də bu cür halın aradan qaldırılmasında da indi medianın üzərinə müəyyən məsuliyyət düşür.Nəzərə almaq lazımdır ki, media həm də bir məlumatdırma işi aparmalıdır. Yəni insanlar virusdan qorunmaq üçün nə etməlidirlər? Addımlarını necə tənzimləməlidirlər? Mən özüm bu yaxınlarda xaricdə səfərdə oldum. Səfərdə olduğum Avropa ölkələrində belə bir hal müşahidə etdim ki, orada insanlar özləri dövlətdən daha çox çalışırlar. Onlar ən əsası təhlükəsizlik qaydalarına riayət edirlər. Bir-birlərinə bir metrdən artıq məsafədə yaxınlaşmırlar, əllə görüşmürlər, canlı ünsiyyətdən bir qədər yayınmağa çalışırlar və s. Bu gün Azərbaycan KİV-nin indiki davranışı normaldır və demək olar ki, əvvəlki çaşqınlıqlar aradan qalxıb”, - deyə, M.Ələsgərli fikrini tamamlayıb

sia.az