"İş yerlərini itirmiş insanlarla bağlı təkliflər hazırlanır" ÖZƏL - AÇIQLAMA

18 Mart 2020 13:02 (UTC+04:00)

"İş yerlərini itirmiş insanların problemləri ilə bağlı təkliflər hazırlanır. Ümumiyyətlə, Azərbaycan dövləti həmişə vətəndaşlarının işlə təminatı, sosial problemləri və məsələlərini diqqətdə saxlayıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə koronavirusla bağlı ölkədə elan edilmiş karantin rejimi ilə bağlı əhalinin bir qisminin iş fəaliyyətini dayandırması məsələsinə münasibət bildirərkən deyib.O bildirib ki, ümumiyyətlə koronavirusla bağlı ölkədə yaranmış bütün proseslər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən işıqlandırılır və bütün məsələlərə burdan baxılır: "Bununla bağlı Operativ Qərargah yaradıldı və həm bu məsələ ilə bağlı məlumatlar, qərarlar, həm də tövsiyyələr Operativ Qərargah tərəfindən verilir. Bildirildi ki, iş yerlərini itirmiş insanların problemləri ilə bağlı təkliflər hazırlanır. Ümumiyyətlə demək istərdim ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının işlə təminatı, sosial problemləri və məsələlərini həmişə diqqətdə saxlayıb. Bu məsələ ilə bağlı heç bir şübhəm yoxdur ki, bu məsələlərlə bağlı çox da uzun olmayan bir müddət ərzində insanları qane edəcək qərar qəbul ediləcək".Millət vəkili vurğulayıb ki, ölkədə koronavirun yayılmasının qarşısını almaq məqsədilə atılan addımları, eyni zamanda əhalinin sosial rifahının bu vəziyyətdən təsirlənməməsi üçün Milli Məclisdə aparılan müzakirələri müsbət dəyərləndirir: "Milli Məclisdə bununla bağlı aparılan müzakirələri və qərarları müsbət dəyərləndirirəm. Milli Məclis məsələ ilə bağlı öz fəallığını göstərdi. Yeni təyin olunmuş deputatlardan bir neçəsi də özünün maraqlı çıxışları ilə diqqəti cəlb etdi. Həmçinin məsələ ilə bağlı hökumətə müəyyən təkliflər verildi. Ümumi götürdükdə Parlament özünün işgüzarlığını, aktual məsələlərə ciddi reaksiya verən bir hakimiyyət orqanı olduğunu təsdiqlədi".

sia.az