"Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında" - Bəhruz Quliyev

19 Mart 2020 13:26 (UTC+04:00)

Prezident İlham Əliyev hər zaman xalqının yanındadır və onun tərəfindən həyata keçirilən sosial siyasət bu reallığı tam şəkildə əks etdirir.SİA xəbər verir ki, bunu "Trend"ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidentinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı Sərəncamına münasibətini bildirərkən deyib.Onun sözlərinə görə, ölkə başçısı bütün kateqoriyalar üzrə vətəndaşları öz diqqət və qayğısı ilə əhatə edir:"İstər hərbçilər, müəllimlər, istərsə də şəhid ailələri, qaçqın və məcburi köçkünlər və s. kateqoriyalara aid vətəndaşlarımız davamlı şəkildə həyata keçirilən uğurlu sosial siyasətdən bəhrələnirlər. Cənab İlham Əliyev daim öz çıxışlarında vurğulayır ki, dövlətin əsas qayəsi insan kapitalının inkişafına yönəlib. Çünki hər bir vətəndaş dövlətin milli sərvətidir və bu sərvətin idarəolunması, tərəqqisi mühüm siyasi strategiyadır. Məhz bu baxımdan, qeyd etmək istərdim ki, bütün bu kimi gerçəkliklər kontekstində Prezident İlham Əliyevin həkimlərin əməyini yüksək qiymətləndirməsi və tibb işçilərinin maaşlarının 3-5 mislinədək əlavələrin müəyyən edilməsi faktı sosial qayğının sübutudur"."Deyərdim ki, dövlət başçısı artıq Azərbaycanda yeni sosial qayğı strategiyasını müəyyən edib və bunu bir nümunə olaraq təqdim edir", - deyən Bəhruz Quliyev sonda onu da bildirib ki, Azərbaycanı müxtəlif təhdidlərdən qoruyan, davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz Liderlə xalq arasında olan bağlılıqdır:"Bəli, bu, Lider-Xalq birliyinin, inamının təcəssümü və ondan doğan təzahürdür. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır".Xatırladaq ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

sia.az