Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın zorakılığına qarşı mübarizəni gücləndirir

19 Mart 2020 13:40 (UTC+04:00)

Ölkəmizdə gender bərabərliyi, qadın zorakılığına qarşı mübarizə tədbirləri gücləndirilir. Milli Məclisdə daim aktual olan bu məsələ ilə bağlı müzakirələrin aparılması, qadın hüquqlarının qorunmasına xidmət edən Qanunların qəbulu Azərbaycanda qadın siyasətinin prioritetliyini təsdiqləyir. Qadın hüquqlarının qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatlar ilə dövlət strukturlarının birgə fəaliyyəti nətiəcsində bu sahədə neqativ halların sayı azalsa da, hələ də ictimaiyəti narahat edən qadın zorakılığı hallarına rast gəlinir.

Bir neçə gün öncə kütləvi informasiya vasitələrində intihar etdiyi bildirilən 4 uşaq anası 29 yaşlı Günay Şəmilovanın qayınatası və qayınanası tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi haqqında məlumat yayılmışdır.
Qeyd olunan hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Ağcabədi Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, məsələnin hazırki vəziyyəti, cinayət-əməliyyat tədbirlərinin aparılması ilə maraqlanır. Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, cinayətdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaq-əməliyyat işləri aparılır.
Məsələnin sosial-ictimai aspektləri ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nümayəndələri ailəyə baş çəkmiş, mövcud vəziyyətlə maraqlanmışdır. Uşaqların hazırki psixoloji durumu qiymətləndirilərək onların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həmçinin Ağcabədi rayonunda Uşaq və Ailələrə Dəstək Mərkəzinin diqqətindədir.

yap.org.az